Hesabat-seçki yığıncaqları davam edir

330

Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olan Nərimanov-Nizami-Suraxanı regional birləşmiş həmkarlar ittifaqı komitəsində hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda AHİK-in Katibi-Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov, Respublika Komitəsinin sədr müavini Mehman Fərzəliyev, regional birləşmiş həmkarlar ittifaqı komitəsinin üzvləri iştirak ediblər.

Gündəlik və iş qaydası təsdiq edildikdən sonra ötən dövr ərzində komitənin gördüyü işlərlə bağlı hesabatı dinlənilib. Sonra hesabat ətrafında müzakirələr aparılıb, ittifaq üzvlərinin fikirləri səslənib. Ümumilikdə hesabat qətaətbəxş olaraq qiymətləndirilib.

Yığıncaqda həmçinin açıq səsvermə yolu ilə Rəyasət heyətinin üzvləri seçilib.

Sədr vəzifəsinə isə ittifaq üzvlərinin yekdil qərarı ilə yenidən İsgəndər Cabbarov layiq görülüb.

Eləcə də bu il iyulun 12-də keçirilməsi nəzərdə tutulan Respublika Komitəsinin sədri vəzifəsinə seçkilərdə yenidən Mirkazım Abasovun namizədliyinin irəli sürülməsi yığıncaq iştirakçıları tərəfindən təsdiqlənib.

Respublika Komitəsinin sədr müavini Mehman Fərzəliyev yeni tərkibi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb və bir sıra tövsiyələrini verib.

AHİK-in Katibi- şöbə müdiri Rəşad Nəsirov isə Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin yığıncaq iştirakçılarına salamlarını çatdırıb. O, komitənin ötən dövr ərzində üzvlərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib. Bildirib ki, həmkarlar ittifaqlarına ünvanlanan üzvlərin bütün müraciətləri dərindən araşdırılmalı, qaldırılan məsələlər qanunvericiliyə uyğun olaraq, vaxtında və dəqiq həll edilməlidir. AHİK-in Katibi inandığını bildirib ki, yenidən ittifaq üzvlərinin etimadını qazanan sədr və komitənin tərkibi bundan sonra da öz işini daha peşəkar səviyyədə təşkil edəcək, üzvlərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə əhəmiyyətli addımlar atacaq.