Naxçıvan Həmkarlar İttifaqları Şurasının konfransı keçirilib

384

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XIX Konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.

Reqlamentə uyğun olaraq, Konfransın Mandat komissiyalarının tərkibi və Katibliyin üzvləri seçilib, gündəlik təsdiqlənib. Gündəliyə 7 məsələ daxil edilib.

Hesabat məruzəsi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli ötən dövrdə Şuranın həyata keçirdiyi tədbirlərdən danışıb. Vurğulanıb ki, Şura tərəfindən bu müddətdə bir çox əhəmiyyətli işlər görülüb və böyük nailiyyətlər qazanılıb.

Sonra çıxış edənlər ötən dövrün hesabatlararası yekunları haqqında məlumat veriblər.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb, iştirakçılar Qəzənfər İsmayıl oğlu Abdullayevin yenidən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilməsi üçün yekdilliklə səs veriblər.

Şura sədri çıxış edərək bildirib ki,  Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası bundan sonrakı fəaliyyətində də öz işini “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Nizamnaməsinin prinsipləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  tapşırıq və tövsiyələri əsasında quracaq, fəaliyyətində yeni uğurlar əldə etmək üçün səylə çalışacaqdır.

Yekunda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev

Şura sədrini yenidən sədr vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və Şuranın üzvlərinə işlərinin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib və fəaliyyətlərində uğurlar arzulayıb.