Laçından Xankəndiyə

289

23 aprel 2023-cü il – tarixinin ən qüdrətli Azərbaycanının 30 ildən sonra sərhəd və ərazi bütövlüyünü təmin etdiyi gündür!
Bir il öncə “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addım kimi, zəfərdən sonra əldə edilmiş çox mühüm hərbi siyasi qələbə kimi tariximizdə yeni səhifə açdı.
Bu tarixi hadisənin əhəmiyyətini Zəfərin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev belə qiymətləndirdi: “Aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq!”
“Laçın” sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağının dalğalandırılması həm sülh müqaviləsindən yayınan Ermənistan rəhbərliyinə, həm Qarabağdakı keçmiş qondarma quruma, həm də revanşistlərlə və onlara qanunsuz silah-sursat verən qüvvələrə son xəbərdarlıq oldu.
“Laçın” sərhəd-buraxılış məntəqəsində dalğalanan bayrağımızın nuru Xankəndiyə gedən yolumuza işıq saldı.

 

Erməni məkri və ədalətin gücü 

 

2020-ci ilin sentyabrında haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Bu möhtəşəm qələbə xalqımızı daha da mətinləşdirdi və Zəfərin baş memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşdirdi.
Baş sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan, Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.
Ali Baş Komandan uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli sərkərdə olduğunu isbatladı. Bu əməliyyat, ilk növbədə, xalq-ordu-dövlət birliyinin bariz təcəssümü oldu. Dünya Azərbaycanın hansı gücə sahib olduğuna şahidlik etdi və işğalçı Ermənistana illərlə havadarlıq edən hər hansı bir qüvvə haqq savaşımıza əngəl yarada bilmədi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Bununla da Ali Baş Komandan İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır.
Lakin təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirdilər. Ermənistan imzaladığı üçtərəfli Bəyanatdan (faktiki olaraq kapitulyasiya aktı) irəli gələn öhdəliklərini yerinə yetirmir, icra etməli olduğu müddəaları kobud şəkildə pozmağa davam edirdi.
Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul olunmuş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən çirkin hərbi-siyasi niyyətləri üçün istifadə edərək qanunsuz silah-sursat daşımağı dayandırmadılar. Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, havadarlarına arxalanıb məkrli planlar hazırladılar.
Bu azmış kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını davam etdirdilər. Bununla yanaşı, həmin yataqlarda keçirilməsi planlaşdırılan ilkin monitorinqin də baş tutmaması üçün təxribatlar törətdilər.
Buna etiraz əlaməti olaraq 2022-ci ilin dekabr ayından ölkəmizin qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin birgə iştirakı ilə Laçın-Xankəndi yolunda dinc aksiyaya start verildi. Tam 138 gün davam edən bu aksiya nəinki erməniləri, eləcə də onlara havadarlıq edən dövlətləri lərzəyə salmağı bacardı. Bu aksiyadakı tələblərin demək olar ki, böyük əksəriyyəti ekofəallarımızın və dövlətimizin güclü iradəsi və qətiyyəti sayəsində yerinə yetirildi. Bu aksiya Azərbaycanın öz ekologiyasına və təbii sərvətlərinə çox böyük önəm verdiyini göstərdi. Eyni zamanda aksiya rəsmi Bakının öz fikirlərində qərarlı olduğunu sübuta yetirdi.
Nəhayət, 2023-cü il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyət formalaşdı. Bununla da Azərbaycan sərhəd bütövlüyünü təmin etmiş oldu. 2022-ci il dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlanan dinc etiraz aksiyası aprelin 28-də dayandırıldı. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə revanşistlərin qeyri-qanuni yolla silah-sursat daşımasının qarşısı rəsmən alındı. Təhdidlərə, hədələrə, “tələblərə” baxmayaraq, Azərbaycan yenə də qətiyyət nümayiş etdirdi və Prezident İlham Əliyev keçid məntəqəsinin ləğv olunmasını iddia edən hər kəsə tutarlı arqumentlərlə layiqli cavab verdi.

 

Güc və qətiyyət – ərazi bütövlüyünün tam təminatı

 

Laçında sərhəd-keçid məntəqəsinin yaradılması Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyırdı.
Açıldığı gündən “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər ölkənin ərazisinə daxil olan ermənilərin, istərsə də Azərbaycanda yaşayan erməniəsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yüklərini yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alırdı. Bununla da Azərbaycan hər zaman olduğu kimi, növbəti dəfə də sübut etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olan addım atıb, öz suveren ərazisində yaratdığı keçid məntəqəsində hər şey qanunlar çərçivəsində həyata keçirilir.
Lakin xristian təəssübkeşliyi yenə də özünü göstərdi, Ermənistan və onun havadarları Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı “humanitar blokada” yaratdığını iddia edərək ölkəmizə qarşı hücuma başladılar. Məqsəd Azərbaycana təzyiq etməklə sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsinə nail olmaq idi. Hətta bununla bağlı beynəlxalq məhkəmələrə  baş vursalar da, çıxarılan qərarlar Azərbaycanın lehinə oldu. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı bunun əyani təzahürüdür. Həmin sənədə əsasən, Ermənistanın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbi rədd edildi. Bu bir daha göstərdi ki, Azərbaycanın bu addımı beynəlxalq hüququn tələblərinə uyğundur. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün keçirilən təcili iclasda da Ermənistan və ona dəstək verənlər məqsədlərinə çatmadılar.
Lakin nə Ermənistan, nə də onun ən böyük himayədarı Fransa siyasi təxribatlardan əl çəkmir, sülh və normallaşma prosesinə maneələr yaradırdılar. Fransanın “humanitar yardım” adı ilə həyata keçirdiyi növbəti təxribatın baş tutmaması da deyilənlərin təsdiqidir. Belə ki, Azərbaycan Fransadan göndərilən “humanitar yükü” Qarabağa buraxmadı. Fransadan göndərilən 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin ardınca düzülmüş vəziyyətdə qaldı. Əgər həqiqətən də Qarabağda yaşayan erməniəsilli şəxslər “humanitar böhran” vəziyyəti ilə üzləşmişdilərsə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən onların ehtiyaclarını qarşılamaq məqsədilə göndərilən humanitar yardımı almaq üçün adekvat addım atar və Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi.
Bir sözlə, Ermənistan bütün istiqamətlər üzrə təxribatlarını davam etdirdi. Məqsədi isə sülhdən yayınmaqla yenidən silahlanmaq və Azərbaycanı təxribata çəkmək idi. Lakin nəyi nə zaman edəcəyini çox yaxşı bilən cənab İlham Əliyev həqiqətləri açıqlayaraq Azərbaycanın bu prosesdə bir addım da geri çəkilməyəcəyini bəyan etdi. Əlbəttə ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbi idi. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addım sayılırdı.
Lakin bütün zamanlarda vaxtdan istifadə edərək Azərbaycana zərbə vurmaq, şər atmaq kimi əməllərindən çəkinməyən Hayastan yenə də öz ampluasına sadiq qalaraq eyni ssenarini davam etdirdi. Ölkə liderləri arasında aparılan sülh danışıqlarında Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə bunu təsdiq edəcək addım atmadı. Havadarlarına arxalanıb qeyri-qanuni yollarla Qarabağa silah-sursat daşınması prosesini həyata keçirdi. Dəfələrlə hərbi təxribatlar törətdi. Amma hər dəfə layiqli cavabını alaraq geri çəkildi. “Qisas”, “qətiyyətli cavab əməliyyatı” bunu təsdiqləyən reallıqdır.
Ermənistanın sülhdən yayınması, təxribatlar törətməsi Azərbaycanın müəyyən tədbirlərə əl atmasını şərtləndirdi. Hayastan rəhbərliyi və onların havadarları elə düşünürdülər ki, Azərbaycan status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə düşünmürdülər ki, beynəlxalq birlik ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində ölkəmizin nəzarətini bərpa etməsinə imkan verəcək. Həmin dövrdə, əsasən, Fransa, ABŞ və bəzi Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ermənistanın havadarları 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı oldular. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.
2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirləri cəmi 23 saat 51 dəqiqə ərzində revanşist birləşmələrin təslim olmağa məcbur edilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər Gününə bərabər növbəti parlaq qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününü tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir prosesi reallaşdırdı və üzərinə götürdüyü missiyanı uğurla başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi. Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi.

 

Məkrli oyunlar, Qərbin əlində alətə çevrilən Ermənistan 

 

Son proseslərə nəzər yetirsək görərik ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında böyük tikinti-quruculuq işləri həyata keçirib 30 il yurdundan didərgin düşən vətəndaşlarının Böyük qayıdış prosesini reallaşdırmaqla məşğul olduğu halda Ermənistan hələ də sözdə sülh istəyir. Əməldə isə böyük havadarları vasitəsilə yenidən silahlanır və regionun növbəti dəfə savaş mərkəzinə çevrilməsi üçün əlindən gələni əsirgəmir. Bu, əlbəttə ki, regionda maraqları olan “qüvvələrin arzu”su və “istəyi”dir.
Sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistan ABŞ və Qərbin son oyunlarının iştirakçısı kimi təkcə Azərbaycan üçün deyil, qonşu Rusiya və İran üçün də təhdidlər yaratmaqdadır. Bu il aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüş də məhz buna hesablanmışdı. Sözdə bu görüşün yalnız Ermənistana iqtisadi yardımların müzakirəsinin aparılacağı iddia edilsə də, əsl məqsəd və niyyət bağlı qapılar arxasında müzakirə edildi və açıqlanmadı. Bu görüş bir daha onu da təsdiqlədi ki, Qərb Cənubi Qafqazda yaranmış yeni status-kvonu qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. Çünki görüşlə bağlı mətbuat qarşısında edilən çıxışlarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının vacibliyi barədə heç nə deyilmədi. Bəlli oldu ki, görüşdə bu barədə ümumiyyətlə, söhbət getməyib. Bu da, əlbəttə ki, günlərdir Azərbaycan tərəfindən səsləndirilən həqiqətlərin təsdiqi oldu.
Fakt budur ki, İkinci Qarabağ müharibəsindən və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirlərindən sonra ölkəmizə edilən təzyiqlər gündən-günə artır. Azərbaycan torpaqları 30 il işğal altında olarkən susan beynəlxalq qurumlar, qəbul etdikləri qətnamələrin icrasını təmin edə bilməyən təşkilatlar indi təhqirlə dolu çirkin sənədlər qəbul edirlər. AŞPA-dakı nümayəndə heyətimiz səsvermə hüququndan məhrum edildi. Hazırda da Ermənistan Fransanın maliyyəsi ilə silahlandırılmaqdadır.
Məhz bu faktlara əsaslanaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bununla  Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. ABŞ-nin və Avropa İttifaqının yüksəkvəzifəli şəxslərin təşəbbüsü əsasında onların cənab İlham Əliyevlə baş tutan telefon danışıqları əsnasında bu görüşün Azərbaycanın əleyhinə olmadığını inandırmağa çalışsalar da, bu tipli görüşlərin Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğu hər kəsə bəlli idi.
Əlbəttə ki, Ermənistanın havadarları ayırıcı xətlərin yaradılması üçün çalışır və belə görüşlər ölkəmizi təcrid etmək məqsədi güdür. Bu həm də onu deməyə əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.
Bütün zamanlarda Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olunmasını istəməyən qüvvələr indi yenə də aşkar şəkildə hərəkətə keçiblər. Görünən odur ki, ABŞ və Qərb bütün mümkün vasitələrlə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir və bunu da artıq gizlətmir. Bu məqsədə çatmaq üçün isə alət olaraq Ermənistandan istifadə edilir. Bu da təbii ki, məğlub ölkənin Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmasına əlverişli şərait yaradır.
ABŞ başda olmaqla Qərb dövlətləri Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. ABŞ və Avropa İttifaqı regionda vəziyyəti mümkün qədər gərginləşdirməklə Cənubi Qafqazda hərbi cəhətdən mövcudluğu hədəfləyir. Bu isə heç şübhəsiz ki, Bakı və İrəvan arasında sülh perspektivlərini faktiki heçə endirir.
Bir sözlə, təhlükəsizlik zəmanəti ideyası Azərbaycanla Ermənistan arasında yekun sülhün beynəlxalq hüququn prinsiplərinə yox, Qərbin arzuladığı formaya uyğunlaşdırmaq cəhdidir. Əlbəttə, bu, Azərbaycana qarşı atılan addım olmaqla milli maraqlarımıza ciddi təhdiddir.
Brüssel görüşündə bağlı qapılar arxasında ABŞ ilə Ermənistan arasında 20 maddədən ibarət hərbi paktın imzalanması faktının üzə çıxması isə Azərbaycanın haqlı olduğunu təsdiqlədi.
Görüşdən öncə Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.
ABŞ Dövlət Departamenti yayılmış ciddi sənədi “dezinformasiya” adlandırsa da, fakt ortadadır. Fakt qarşısında qalanda ən asan yol doğrunu yalan kimi qələmə vermək olur. Sənəddə əks olunan məqamlar onu deməyə əsas verir ki, hərbi yardım məsələsi ABŞ ilə Ermənistan arasında açıq şəkildə müzakirə olunub. 5 aprel görüşünə qədər də müzakirələr davam edib, sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə bu komponenti ört-basdır ediblər. İndi də bunu “dezinformasiya” adlandıraraq gündəlikdən çıxarmaq istədilər. Ortada gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.
Bir sözlə, bütün yalanlar ifşa olunur. Bəlli olur ki, cənab İlham Əliyevin söylədiyi kimi, Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Əlbəttə ki, bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Bu həm də onu deməyə əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.

 

Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir

 

Bütün bunların fonunda hələ də qələbələrimiz davamı gəlməkdədir, son günlərdə ard-arda, davamlı olaraq tarixi naliyyətlərə şahidlik edirik. Ötən həftə baş verən çox mühüm iki hadisə  – Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxarılması və Qazaxın 4 kəndinin Ermənistandan alınması isə bir daha Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin təntənəsi kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir. Amma maraqlıdır ki, rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən-qabıqdan çıxan kollektiv Qərb sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı ilə Moskva arasında potensial böhran kimi baxırmışlar. Amma Prezident İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan, sözün əsl mənasında, suveren, qüdrətli dövlətdir və Azərbaycan dövlətini digər ölkələrlə, onun qüdrətli liderini isə digər liderlərlə müqayisə etmək olmaz.
Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan geri qaytarılması isə xalqımızın növbəti müdhiş qələbəsidir. Bunu bizə bəxş edən isə şəxsən Müzəffər Sərkərdəmiz, qətiyyətli Liderimiz cənab İlham Əliyevdir. O, heç bir atəş səsi eşidilmədən, itkisiz, qan tökülmədən bu Zəfəri bizə hədiyyə etdi. Hadisələrin gedişi göstərir ki, Prezidentimiz bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. Ali Baş Komandanımız 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirilən antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Habelə cənab İlham Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması düşünülmüş siyasətin effektli nəticələridir.
Bütün bunlar ara qarışdıran, bölgədə sülh istəməyən Qərb dairələrinə, xüsusilə də Fransaya tərs şillə oldu. Aylardır iddia edirdilər ki, Azərbaycan Ermənistan ərazisinə hücuma hazırlaşır. Artıq son hadisələrlə onların böhtan xarakterli təbliğatları alt-üst oldu və rəzil duruma düşdülər.
Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha sübut edir ki, xalqımızın uzaqgörənliyi, müdrikliyi, düzgün qərarı və sərrast seçimi bugünkü misilsiz uğurlarımızın, şanlı qələbələrimizin əsasıdır. Cənab İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümidləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı.
Cənab İlham Əliyevin siyasi fəaliyyətinin hər bir məqamı bizim uğur salnaməmizdir. Məhz onun gərgin zəhmətinin, düşünülmüş qərarlarının, qətiyyətli və müdrik mövqeyinin göstəriciləridir ki, gündən-günə çiçəklənən, tərəqqi edən Vətənimizin şanı və şöhrəti bütün dünyaya yayılıb.
Əminliklə və fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Hələ 2003-cü ildə Prezident İlham Əliyevin xalqımıza verdiyi ən mühüm vəd işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi idi. Bu gün isə biz məhz onun diplomatik bacarığı, mahir sərkərdəlik keyfiyyətləri sayəsində dünyada müzəffər xalq olaraq tanınırıq.
Möhtərəm Prezidentimiz isə qətiyyətli və uzaqgörən diplomatiyası ilə ölkəmizi daha işıqlı sabaha aparır, xalqımız da dövlət başçısına hər zaman dəstək olur və ətrafında sıx birləşərək ardınca daha möhtəşəm gələcəyə doğru inamla addımlayır.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti

23.04.2024