Şəhid övladları Ağbulaq İstirahət Mərkəzində dincəliblər

288

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 30 nəfərə yaxın şəhid övladının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib.

Əvvəlcə şagirdlər mərkəzlə yaxından tanış olublar. Daha sonra onlarla görüş keçirilib. Görüşdə tarixi Zəfərlə başa çatan Vətən müharibəsində igid oğulların qəhrəmanlıqlarından bəhs edilib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Elxan Nəcəfov və Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məktəblilərə hədiyyələr veriblər.

Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib, uşaqlar üçün əyləncəli və interaktiv oyunlar, musiqili konsert proqramları təşkil olunub. Şəhid fidanları öz istedad və bacarıqlarını göstəriblər. Səmimi münasibət, xoş əhval-ruhiyyə uşaqlarda xoş ovqat yaradıb.

Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımızın azad olunması uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək, Vətənə əmanət olan övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək və onlara xoş və maraqlı bir gün bəxş etməkdən ibarət olub.

Şəhid övladları üçün nəzərdə tutulan bu cür tədbirlər məktəblilərin yay tətili dövründə də davam etdiriləcək.