Bakıda Beynəlxalq Təhsil İşçiləri Həmkarlar İttifaqının forumu keçirilir

300

Bakıda Beynəlxalq Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Motivasiya etmək, hərəkət etmək, inkişaf etmək” mövzusunda beynəlxalq forum keçirilir.

Forumda Rusiya Federasiyası, Belarus, Tacikistan və Qazaxıstanın təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.

Forumun açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov çıxış edib.

Bildirib ki, dövlətimiz tərəfindən həmkarlar ittifaqlarının müstəqil fəaliyyət göstərə bilməsi üçün yaradılmış münbit şərait, ölkə rəhbərliyi səviyyəsində bu təsisatın cəmiyyət həyatındakı roluna verilən mühüm önəm, vətəndaşların əmək hüquqları ilə bağlı qanun və qərarların qəbulu zamanı həmkarlar ittifaqlarının rəyinin nəzərə alınması bizləri yeni-yeni uğurlara ruhlandırır: “Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri sırasında ən mühüm yerlərdən birini gənclərlə bağlı fəaliyyət təşkil edir. Ümumiyyətlə, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətin gənclər siyasətinin fəal iştirakçısı olaraq biz çalışırıq ki, bu gənclər eyni zamanda həmkarlar ittifaqı üzvü olsunlar. Bu istiqamətdə fəaliyyətin qurulması üçün dövlət tərəfindən həmkarlar ittifaqları üçün hər cür şərait yaradılıb”.

Onun sözlərinə görə, həmkarlar ittifaqına üzvlüyün motivasiyası mövzusu bütün dünyada aktualdır: “Bu gün Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində mühüm işlər görülür və yeni-yeni iş yerləri açılır. Ölkə əhalisinin 3 milyondan çoxu müxtəlif sahələrdə çalışır. Həmçinin ölkənin ali və orta ixtisas təhsil müəssisələrində 180 mindən artıq tələbə təhsil alır. Hazırda həmkarlar ittifaqlarının sıralarında 1 milyon 600 min işçi və 120 minə yaxın tələbə birləşir. Biz çalışırıq və fəal iş aparırıq ki, üzvlərimizin sayın daha da artıraq. Bu tədbirin təşkil olunmasının məqsədlərindən biri də yeni üzvlərin cəlb edilməsi ilə şəhər, rayon və rayon hüquqlu ittifaqların əhəmiyyətinin və nüfuzunun yüksəldilməsi, həmkarlar ittifaqları birliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdır. İnanıram ki, bu baxımdan əhəmiyyətli bir tədbirə ev sahibliyi etmiş olacağıq”.

Forumda digər çıxışlar da dinlənilib, gənclərin həmkarlar ittifaqına üzvlüyünə motivasiyası ilə bağlı müzakirələr həyata keçirilib, təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.