Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan qadınlarını təbrik edib

377

Təbrikdə deyilir:

Ölkəmizin bütün qadınlarını, o cümlədən həmkarlar ittifaqlarının sıralarında təmsil olunan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Milli dəyərlərdən, adət-ənənələrdən irəli gələrək cəmiyyətimizdə qadına daim dərin hörmət göstərilib, Ana adı müqəddəs çəkilib. Şanlı tariximizin hər bir səhifəsində onların xidmətlərinə, qəhrəmanlıqlarına, dövlətçiliyimizin inkişafına verdiyi töhfələrə, yetirdiyi övladların rəşadətinə, tərbiyə etdiyi oğul və qızlarının vətənpərvərliyinə rast gəlmək mümkündür. Onlar ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, Ana dilimizin inkişafında müstəsna xidmətlər göstəriblər. Öz mübarizliyi ilə tanınan, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq göstərən Azərbaycan qadını döyüş meydanlarında da öz sözünü deyib. Tomris, Məhsəti, Sara xatun, Həcər, Natəvan kimi analarımız Azərbaycan qadının şan-şöhrətini ucalara qaldırıb və gələcək nəsillərə nümunə olublar. Bu gün isə Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə Azərbaycan qadınının müsbət imicini formalaşdırıb. O, ölkəmizlə yanaşı, dünya səviyyəsində də gördüyü nəcib və humanist əməllərlə Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edir. Onun beynəlxalq səviyyədə əldə etdiyi nailliyyətlər həm də Azərbaycan qadınının uğurudur.

İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadını fədakarlıq və şücaət nümayiş etdirib. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız zəfərimizin əsas təminatçısı oldu. Qələbə istəyi ilə övladlarını işğal altında olan torpaqlarımızı azad etməyə göndərən analar Vətən hissini hər şeydən uca tutdular. Hətta şəhid balalarının cənazəsi qarşısında cəsarətlə dayandılar, sınmadılar, hamısı “Vətən sağ olsun” deyərək başını dik tutdu.

Bir daha bu əlamətdar Gün münasibətilə şəhid anaları və xanımlarını, qazilərimizin ömür-gün yoldaşlarını, əsgər analarını və ümumilikdə bütün Azərbaycan qadınlarını səmimi-qəlbdən təbrik edir, onlara bundan da artıq xoşbəxt və firavan həyat, səadət dolu günlər arzulayıram.

Bayramınız mübarək olsun!”