AHİK sədrinin müavini gənc atleti qəbul edib

289

Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Atletika üzrə 40-cı Qış Ölkə Çempionatı”nda 2 bürünc medal qazanan gənc atlet Əmrah Nağıyevi qəbul edib.

Görüşdə ölkəmizin idman siyasətindən, bu sahəyə olan dövlətin xüsusi diqqətindən, həmçinin idmançılarımızın yerli və beynəlxalq səviyyəli idman yarışlarında qazandıqları nailiyyətlərdən söz açılıb. Q.Abdullayev bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, həm də beynəlxalq idman yarışlarına yüksək peşəkarlıqla ev sahibliyi edir.

Atlet Əmrah Nağıyev idmanın inkişafına və idmançılara göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıq edib. Deyib ki, bundan sonra da daha böyük nailiyyətlər qazanmaq, dövlətimizi beynəlxalq idman arenalarında layiqincə təmsil etmək və Dövlət Bayrağımızı ucaltmaq üçün əzmlə çalışacaq.

Qeyd edək ki, yanvarın 29-da Respublika Olimpiya Mərkəzində keçirilən “Atletika üzrə 40-cı Qış Ölkə Çempionatı”nda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə naxçıvanlı idmançı Əmrah Nağıyev 1500 m (4:23.08 dəqiqə) və 3000 m (09:45.83 dəqiqə) məsafəyə qaçış yarışlarında çıxış edib. O, hər iki məsafədə üçüncü olmaqla 2 bürünc medal qazanıb.