Ötən il 1417 pozuntu faktı həmkarlar ittifaqlarının iştirakı ilə aradan qaldırılıb

422

Azərbaycan həmkarlar ittifaqları, ənənəsinə sadiq qalaraq, ötən il də insan hüquq və azadlıqlarının qorunması, bu hüquqların pozulmasının qarşısının alınması üçün norma yaradıcılığında, qanunvericiliyin təkmilləşdirilməsi prosesində fəal iştirak etmişdir.

İl ərzində icra hakimiyyəti orqanlarından AHİK-ə daxil olmuş 29 normativ-hüquqi aktın layihələri təhlil edilmiş, layihələrə aid rəy və təkliflər müvafiq qurumlara göndərilmişdir. Təkliflərimizin əksəriyyəti nəzərə alınmışdır.

AHİK, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın üzvü kimi, sosial tərəfdaşları olan Nazirlər Kabineti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə sosial-əmək münasibətlərinin tənzimlənməsi işində fəal iştirak etmişdir.

Baş Kollektiv Sazişin layihəsi AHİK-də hazırlanır. Həmin sənəd hazırlanarkən işçilərin gəlirləri və həyat səviyyəsi, əməyin ödənilməsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizliklə bağlı və işçilərin sosial-əmək münasibətlərini özündə əks etdirən təkliflər verilir və bu təkliflərin böyük əksəriyyəti Baş Kollektiv Sazişdə ehtiva olunur.

Baş Kollektiv Sazişdə işçilərin əmək hüquqlarının davamlı qorunması məqsədilə müddətli əmək müqavilələrinin bağlanmasına əsassız olaraq yol verməmək prioritet məqsədlərdən biri kimi nəzərdə tutulur.

Baş kollektiv sazişlərdə BƏT-in müxtəlif konvensiyalarına qoşulmaq öhdəlik kimi qəbul edilir. Bu öhdəliyin yerinə yetirilməsi işində AHİK fəal iştirak edir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

Əmək Məcəlləsinə və digər qanunvericilik aktlara əsasən, işçilərin əmək hüquqlarının qorunmasına və əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, işçilərin əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarət isə həmkarlar ittifaqı tərəfindən həyata keçirilir. Həmkarlar ittifaqları bu missiyasına uyğun olaraq, müxtəlif beynəlxalq və yerli qurumların təşkil etdikləri tədbirlərdə iştirak edir, idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar vaxtaşırı araşdırmalar aparır, seminarlar, dəyirmi masalar keçirir. Təşkilatın mütəxəssisləri kütləvi informasiya vasitələrində bu mövzularda çıxışlar edirlər.

Həmkarlar ittifaqları ictimai nəzarət hüququndan istifadə edərək işəgötürənlə işçi arasında əmək münasibətləri sahəsində yaranan ziddiyyətlərin məhkəməyə daşınmadan danışıqlar yolu ilə həllinə çalışır.

Belə mübahisələrin həllində idarə, müəssisə və təşkilatlarda yaradılan fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın (komissiyanın) mühüm rolu vardır. Bu komissiyalarda mübahisələrə baxılması “Müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində fərdi əmək mübahisələri üzrə komissiya haqqında Əsasnamə”yə uyğun aparılır. Müəssisə və təşkilatlarda 2023-cü ildə 6 belə komissiya yaradılmış və bu komissiyalarda 6 fərdi əmək mübahisəsinə baxılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatlarının əsas vəzifələrindən biri də istehsalat sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, həmçinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığına zərər dəymiş şəxslərə ödənclərin verilməsinə ictimai nəzarətin həyata keçirilməsidir. Bu vəzifələrin həyata keçirilməsi məqsədilə texniki əmək müfəttişləri tərəfindən 416 araşdırma aparılmış, işəgötürənlərə 267 təqdimat verilmişdir. Texniki əmək müfəttişləri əmək qanunvericiliyinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin pozulduğuna aid 1613 fakt aşkarlamışlar. 1417 pozuntu faktı həmkarlar ittifaqlarının iştirakı ilə aradan qaldırılmışdır.

Həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri istehsalatda ölümlə nəticələnən 18 bədbəxt hadisənin araşdırılmasında iştirak etmişlər.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına uyğun olaraq, həmkarlar ittifaqları işləyən əlillərin əməkhaqlarına proqramla nəzərdə tutulan əlavələrin edilməsini nəzarətdə saxlayır. Bir il ərzində müxtəlif sahələrdə çalışan 136 əlil işçinin əməkhaqqına əlavələr tətbiq edilmişdir.

Bu qərarın yerinə yetirilməsi sahəsində 2023-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı, Metropoliten İşçiləri Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri HİRK, Müdafiə Sənayesi İşçiləri HİRK, Təhsil İşçiləri Azad HİRK-də müsbət işlər görülmüşdür.

2023-cü il ərzində AHİK-in üzv təşkilatlarında ərizələr araşdırılmış və əmək qanunvericiliyinin pozulması ilə bağlı 567 ərizəyə baxılmışdır. Bunlardan 62-si fərdi qaydada işə bərpa ilə əlaqədar olmuşdur. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri HİRK, AMEA AHİ, Mədəniyyət İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, “Azərsu” Təsərrüfatı İşçiləri Hİ, Təhsil İşçiləri Azad HİRK tərəfindən ümumilikdə 20 işçinin fərdi qaydada işə bərpa edilməsinə nail olunmuşdur.

Təhsil İşçiləri Azad HİRK-in xidmət sahəsinə daxil olan təhsil müəssisələrində işə bərpa ilə əlaqədar həmkarlar ittifaqı təşkilatlarına 29 ərizə daxil olmuş, ərizələr HİRK tərəfindən araşdırılmış və 6 nəfər – Qaradağ rayon 233 saylı, Quba rayonunun Barlı kənd və Ağdam rayonunun 53 saylı tam orta məktəblərinin müəllimləri, Kəlbəcər rayonunun peşə məktəbi, Yasamal rayonundakı fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri, həmçinin Şəmkir rayonunun Kür qəsəbə körpələr evi – uşaq bağçasının texniki işçiləri işlərinə bərpa olunmuşlar.

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri HİRK-in xidmətində olan sahə həmkarlar ittifaqı təşkilatlarına il ərzində 3 işçi işə bərpa ilə əlaqədar müraciət etmişdir. Həmkarlar ittifaqlarının köməyi nəticəsində “Azərişıq” ASC Sumqayıt RETSİ hesabların hazırlanması bölməsinin texniki operatoru, SƏTƏM şöbəsinin Mərkəz-Aran RETSİ üzrə mühəndisi və Mingəçevir Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin tabelçisi işlərinə bərpa edilmişlər.

Su Təsərrüfatı İşçiləri Hİ-yə işə bərpa ilə bağlı 2 ərizə daxil olmuş, ərizələr müsbət həll edilmişdir. Belə ki, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin sürücüsü və Nəsimi Rayon Sukanal İdarəsinin operatoru həmkarlar ittifaqının koməyi ilə işə bərpa olunmuşdur.

Mədəniyyət İşçiləri HİRK-ə daxil olan şikayət ərizəsi araşdırılarkən məlum olmuşdur ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru mərkəzin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verən zaman əmək qanunvericiliyinin tələblərini pozmuş, müəssisə həmkarlar ittifaqı təşkilatının razılığını almamışdır.

Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulduğuna görə, həmkarlar ittifaqı tərəfindən mərkəzin direktorundan işçinin işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsi tələb olunmuş və bu tələb təmin edilmişdir.

Həmkarlar ittifaqı üzvlərinin pozulmuş hüquqları ilə bağlı il ərzində məhkəmələrə 11  müraciət edilmiş, 9 nəfər məhkəmə vasitəsilə işə bərpa olunmuşdur.

Ötən il Metropoliten İşçiləri Hİ-nin köməyi ilə məhkəmədə əmək münasibətləri ilə əlaqədar qaldırılan 3 iddia işçilərin xeyrinə həll olunmuşdur.

Səhiyyə İşçiləri HİRK-in xidmətində olan Şəki rayon və Naftalan şəhər mərkəzi xəstəxanaları publik hüquqi şəxslərin, hər birindən 1 işçi olmaqla, 2 işçi həmkarlar ittifaqının köməyi nəticəsində məhkəmənin qətnaməsi ilə işə bərpa edilmişdir.

Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-in xidmətinə daxil olan sahələrdən məhkəməyə əmək mübahisəsi ilə bağlı 3 müraciət daxil olmuş və hər 3 iş üzrə məhkəmə prosesi davam edir.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK Yevlax Rayon Arxiv İdarəsinin əməkdaşının əmək müqaviləsinə verilən əsassız xitama etiraz olaraq məhkəməyə müraciət etmişdir.

Belə hal həm də Müdafiə Nazirliyinin 777 saylı hərbi hissəsində baş vermişdir. Komandanlıq tərəfindən, həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan, mülki işçi işdən uzaqlaşdırılmışdı. Məhkəməyə müraciət zamanı və məhkəmə prosesində həmkarlar ittifaqının sədri işçini müdafiə etmiş və işçi 2023-cü ilin iyun ayında işə bərpa edilmişdir.

Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq, həmkarlar ittifaqı üzvləri ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən qabaqcadan həmkarlar ittifaqı təşkilatlarına təqdimat verilir. 2023-cü il ərzində 490 belə təqdimat verilmişdir. Təqdimatlara müəssisə həmkarlar ittifaqı komitələrinin iclasında baxılmış, həmkarlar ittifaqı üzvü olan 72 işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməmişdir.

Aviasiya İşçiləri HİRK-in xidmətində olan həmkarlar ittifaqı komitələri tərəfindən işəgötürənin verdiyi 108 təqdimat araşdırılmış, Aviasiya Təhlükəsizlik Baş İdarəsi Lənkəran Beynəlxalq Hava Limanı Aviasiya Təhlükəsizlik Xidmətinin böyük inspektoru, Uçuşların İstehsalı İdarəsinin BOEİNG-757, EMBRAER 170/190 və Aerobus 319/320 Hava Gəmilərinin 2-ci pilotları haqqında işəgötürənlər tərəfindən ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə təqdimat verilsə də, həmkarlar ittifaqı təşkilatları tərəfindən həmin vəzifələrdə çalışan 4 işçinin işdən çıxarılması əsassız sayılmışdır. Aviasiya Daşımalarının Satış İdarəsinin şöbə rəisi və satış üzrə 2 agent haqqında isə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilsə də, onların başqa işlə təmin edilməsi təklif olunmuşdur. İşəgötürənlər bu təklifi müsbət qiymətləndirmiş və həmin vəzifədə çalışan işçilər başqa işlə təmin olunmuşlar.

Sosial-iqtisadi siyasətin həyata keçirilməsi, işçilərin sosial müdafiəsi üçün lazım olan şəraitin yaradılması, onların əmək, iqtisadi hüquqlarının təmin edilməsi məqsədilə işəgötürənlə həmkarlar ittifaqı təşkilatları arasında kollektiv müqavilələr bağlanılır, əməyin mühafizəsi, fərdi əmək mübahisələrinə baxan komissiyalar və ictimai müvəkkillərlə əlaqələr genişlənir, onların yeni normativ-hüquqi sənədlərlə təmin olunması və maarifləndirilməsi işləri aparılır.

Azərbaycan Milli Elmlər Akademiyası AHİ, Metropoliten İşçiləri Hİ, Yerli Sənaye və Komunal-Məişət Müəssisələri İşçiləri HİRK, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri HİRK, Aviasiya İşçiləri HİRK, Gömrük İşçiləri Hİ Birliyi və Neft və Qaz Sənayesi İşçiləri HİRK-ləri və digər sahə həmkarlar itttifaqları tərəfindən 788 halda həmkarlar ittifaqı üzvlərinə hüquqi yardım edilmişdir.

Şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər cəmiyyətin xüsusi hörmətə malik olan təbəqəsidir. İstər əmək hüquqları sahəsində, istərsə də başqa sahələrdə bu kateqoriyanı fərqləndirmək üçün qanunlarda güzəşt və imtiyazlar müəyyən edilmişdir. Bunlar həmkarlar ittifaqı təşkilatlarının bütün vəsilələrində dəstəklənir və həmkarlar ittifaqı bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

İşçilərin əmək qanunvericiliyi sahəsində öz hüquqlarını bilmələri və maarifləndirilməsi üçün Azərbaycan həmkarlar ittifaqlarının mətbu orqanı olan “Ülfət” qəzetinin “Hüquq məsləhətxanası” guşəsində il ərzində 158 müxtəlif səpkidə sual hüquqşünaslar tərəfindən cavablandırılmışdır. Oxuculara əmək qanunvericiliyinin müxtəlif sahələrinə aid məsələlər, qanunlara edilmiş dəyişikliklər barədə məlumat verilmişdir.

AHİK bundan sonra da işçilərin sosial-əmək hüquqlarının qorunması, onların sosial problemlərinin həlli üçün bütün imkanlardan istifadə edəcəkdir.