AHİK sədri Səttar Möhbalıyev Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqımızı təbrik edib

616

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə müzəffər xalqımızı, Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı, o cümlədən həmkarlar ittifaqlarının bütün üzvlərini səmimi-qəlbdən təbrik edir, növbəti ildə də həmvətənlərimizə xoşbəxtlik, əmin-amanlıq, yüksək rifah və firavan həyat arzulayırıq.

Yola saldığımız 2023-cü il nailiyyətlərlə, qazandığımız qələbələrlə xalqımızın yaddaşına köçdü. İqtisadiyyatımız davamlı inkişaf etdi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı, yeni iş yerləri açıldı, bütün sahələri əhatə edən islahatlar uğurla davam etdirildi. 2023-cü ilin Azərbaycan tarixində ən parlaq və qürurlu səhifəsi isə, təbii ki, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyinin tam təmin edilməsi oldu. Sentyabr ayında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatizmə son qoyuldu. Milli qürurumuz olan üçrəngli, ay-ulduzlu müqəddəs Bayrağımız  Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə əzəmətlə pərvazlanmağa başladı. Qazanılan bu Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı. Bununla da möhtərəm Prezidentimiz cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi.

İşğaldan azad edilən torpaqlarımızda tikinti-quruculuq işləri, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirildi. Bununla paralel sakinlərin öz yurdlarına – Şərqi Zəngəzura və Qarabağa köçü həyata keçirildi.

Bir sözlə, bu ildə də biz yalnız tərəqqi edən, güclənən, regional imkanları genişlənən, beynəlxalq nüfuzu durmadan artan Azərbaycan gördük.

Növbəti – 2024-cü ildə də ölkəmizin qarşısında böyük hədəflər, fəth ediləcək zirvələr dayanır. Əminik ki, dövlətimizin bütün məqsədlərinə müdrik xalqımızın sarsılmaz birliyi, Prezident İlham Əliyevin ali rəhbər keyfiyyətləri, peşəkar idarəçiliyi və yüksək siyasi intellekti sayəsində nail olacağıq.

Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir daha xalqımızı ürəkdən təbrik edir, əbədi sülh, açıq səma, böyük müvəffəqiyyətlər arzulayır, Uca Yaradandan arzu və istəklərinin çin olmasını diləyirik.