Dünyanın örnək aldığı QLOBAL LİDER

489

“İlham Əliyevlə davam edən inkişafla Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib… Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyi dəyərli zəhmət bütün türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir”.
Rəcəb Tayyib Ərdoğan,
Türkiyə Prezidenti

“Onun həyatının əsas məqsədi öz ölkəsini, Azərbaycan xalqını xoşbəxt görməkdir”.
Vladimir Putin,
Rusiya Prezidenti

“İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.
Aleksandar VuÇiÇ,
Serbiya Prezidenti

“İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir”.
Stevo Pendarovski,
Şimali Makedoniyanın Prezidenti

“Bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”.
Peter Siyarto,
Macarıstanın XİN rəhbəri

Dünya liderlərinin, tanınmış ictimai-siyasi xadimlərin bu cür dəyərli fikirlərinin sayını dəfələrlə artırmaq olar. Səslənən bütün səmimi fikirlərdə Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, prinsipial mövqeyi və qlobal liderliyini şərtləndirən xarakterik məqamlar şərh edilir. Bütün bunlar cənab İlham Əliyevin şəxsiyyətinə və fəaliyyətinə ölkə hüdudlarından kənarda da necə böyük dəyər verildiyini təsdiqləyən reallıqdır.

Sözü imzası qədər keçərli, etibarlı tərəfdaş

Etiraf edək ki, Prezident İlham Əliyevdə olan bu və digər yüksək keyfiyyətlər heç də hər siyasətçiyə qismət olmur. Azərbaycan dövlətinin bu mənada da bəxti gətirib ki, İlham Əliyev kimi sözü imzası qədər keçərli siyasətçi onun lideridir.
Cənab İlham Əliyev haqqında səslənən çox yüksək fikirlər, obyektiv etiraflar Azərbaycan Prezidentinin həm də qlobal miqyaslı lider olduğunu təsdiqləyir. Reallıq budur ki, bir vaxtlar Azərbaycan haqqında arzuolunmaz fikirlər səsləndirən, ölkəmizə qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsi olan, müxtəlif təzyiq üsullarına əl atan bəzi Qərb dövlətləri və onların liderləri də indi cənab İlham Əliyevə böyük etimad göstərirlər. Onunla şəkil çəkdirmək üçün növbəyə dururlar.
Məhz cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmizin 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, möhtərəm İlham Əliyevin Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyi dəyərli zəhmət bütün türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir. Həqiqətən də, Azərbaycan Prezidenti tam müstəqil siyasəti, qətiyyətli qərarları, etibarlı tərəfdaşlığı ilə bu gün türk dünyasının, türkdilli dövlətlərin daha sıx birləşməsi, vahid mərkəzə çevrilməsi üçün çox dəyərli töhfələr verir.
Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Bununla yanaşı, cənab İlham Əliyevin müəllifi və təşəbbükarı olduğu enerji layihələri Azərbaycanı Avropanın ən etibarlı enerji təminatçısına çevirib.
Həqiqətən də, cənab İlham Əliyevlə davam edən inkişaf Azərbaycanı bölgədə cazibə mərkəzinə çevirib. Ölkəmizin nüfuzu getdikcə artır, eyni zamanda Azərbaycana olan etimad gündən-günə yüksəlir. BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına uğurlu sədrlik bu etimadı daha da artırıb. Məhz bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Bu, Qoşulmama Hərəkatına sədrliyimizdən və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan Cənubi Qafqazdakı hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
Bu gün elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir.

20 ilin misilsiz uğurları

Bütün bu uğurlar son 30 ildə əldə edilib. Əgər Ulu Öndər Heydər Əliyev xilaskar lider kimi ölkəmizi məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, cənab İlham Əliyev dünyaşöhrətli liderin müəyyənləşdirdiyi yüksəliş konsepsiyasını uğurla icra edərək tarixinin ən qüdrətli Azərbaycanını yaratdı. 2003-cü ildə Ulu Öndərin xalqa müraciətindən sonra cənab İlham Əliyevə verilən etimad mandatı Azərbaycanın tarixində ən böyük zəfərlərin qazanılmasını şərtləndirdi.
31 oktyabr 2003-cü il tarixdə əlini “Qurani-Kərim”ə basaraq and içən cənab İlham Əliyevin 20 ildə gerçəkləşdirmədiyi vədi qalmadı. Əlbəttə ki, yeni əsrin yeni liderinin qazandığı uğurlar təkcə gerçəkləşdirilən vədlərdən ibarət deyildir. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçdi. Bu uğurlara nəzər salsaq, görərik ki, Azərbaycanın 20 ildə əldə etdiyi nailiyyətləri bəzi dövlətlər 100 illik tarixlərində qazanmayıblar.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı ortagəlirli ölkələr qrupuna daxil olub, 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard dollara çatıb, ÜDM-in real həcmi 4 dəfə, dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə yüksəlib. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77,4 manatdan 839,4 manata qalxıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard dollara yüksəlib. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb.
Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard dollara yüksəlib. 20 ildə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. Dövlət proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. Ötən müddət ərzində 60-dan çox yeni elektrik stansiyası istismara verilib, regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Ötən müddət ərzində böyük qismi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi inşa edilib.
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb.

Qlobal layihələr, tarixi rekordlar, kosmos ailəsinin üzvü

Azərbaycan həyata keçirdiyi beynəlxalq enerji layihələri ilə Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Bu, ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz  dəhlizi” kimi layihələrlə Azərbaycan Avropanın enerji xəritəsini tamamilə dəyişib. Azərbaycan tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkməklə yeni rekordlara imza atıb.
2018-ci ildə fəaliyyətə başlayan “Cənub qaz dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdədir.
5 il öncə fəaliyyətə başlayan “Cənub qaz dəhlizi” dekabrın 10-da açılış mərasimi olan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun və digər bu kimi layihələrin icrası üçün real imkanlar yaradır. Bu gün Azərbaycan dövləti Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir. Həmçinin ölkəmiz Macarıstan və Serbiya ilə müqavilələr imzalayıb. Bununla yanaşı, Albaniya da Azərbaycaın qazının paylanılmasına dair planlara daxildir. Hazırda Azərbaycan təbii qazını 9 ölkəyə ixrac edir.
2021-ci ildə Azərbaycan Avropa məkanına 8 milyard kubmetrdən bir qədər çox, 2022-ci ildə 11,4 milyard kubmetr qaz ixrac edib. 2023-cü ildə bu həcmin 12 milyard kubmetrdən çox olacağı gözlənilir. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmağı nəzərdə tutur.
Azərbaycanın hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı ölkəmiz investorlarla sazişlər və anlaşma memorandumları imzalayıb.
Bu il regionun ən böyük – 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş-elektrik stansiyasının açılışı olub. Növbəti 5-6 ildə Azərbaycan 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırır. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək. Bununla yanaşı, Avropa istehlakçıları da “yaşıl enerji” ilə təmin ediləcəklər.
Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.
Bütün bu möhtəşəm uğurlar məhz cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının bəhrəsidir.

Şərəfli missiya, Zəfərə aparan yol, suverenliyin tam təminatı

Azərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirən Prezident İlham Əliyev 2003-cü ildə xalqına verdiyi ən son vədi – işğal altında olan torpaqları düşmən tapdağından azad edərək adını tariximizə həm də Müzəffər Sərkərdə kimi yazdırdı.  Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev başa çatdırdı və Azərbaycanın tam suverenliyini təmin edən zəfərlərlə dünyaya gücünü, qüdrətini göstərdi.
Əlbəttə ki, xalqımızın ən böyük problemi keçmiş Dağlıq Qarabağ münaqişəsi idi. Bu problemin sülh yolu ilə həlli məsələsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioriteti idi. Bütün beynəlxalq konfranslarda Azərbaycan həqiqətlərini dünyaya bəyan edən qətiyyətli Prezidentimiz Ermənistanın işğalçı dövlət kimi tanınmasına müvəffəq oldu. Bununla bağlı qətnamələr, qərarlar qəbul edildi. Amma həmin sənədlər uzun illər kağız üzərində qaldı, icrası təmin edilmədi. İşğalçı Ermənistan isə bu cəzasızlıq mühitindən lazımınca yararlanır və hətta elə zənn edirdi ki, Azərbaycan mövcud vəziyyətlə həmişəlik barışıb. Lakin zaman yetişdi və möhtərəm Prezidentimiz bütün sözlərinə sadiq lider kimi 2003-cü ildə xalqa verdiyi vədini də gerçəkləşdirdi. 2020-ci ildə düşmənin işğalçılıq siyasətinə son qoyan Zəfər yürüşümüz dünyaya səs saldı.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı.
2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat ərzində keçmiş qondarma rejimin silahlı dəstələrinin antiterror tədbirləri ilə zərərsizləşdirilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr – Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü ilin sentyabrında əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü missiyanı başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi.

Ən sadiq silahdaş, Böyük qayıdışın təntənəsi

Bu bir həqiqətdir ki, son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, qazanılan böyük Zəfərin, uğurlu daxili və xarici siyasətin ən böyük dəstəkçisi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Məhz əldə olunan uğurlarda ölkənin birinci xanımının əvəzsiz xidmətləri var. Mehriban xanım Əliyevanın dövlət başçısının ən sadiq silahdaşı kimi göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın gördüyü işləri təhlil etsək, əminliklə deyə bilərik ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Vətən müharibəsi dövründə ölkənin birinci xanımının atdığı addımlar isə hər kəsi qürurlandırdı. Mehriban Əliyeva həmin dövrdə şəhid analarına mənəvi dəstək verdi, dərdlərinə şərik oldu, şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara “qardaş” dedi, övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara “ana” dedi, qarşılarında baş əydi.
Həm Vətən müharibəsi, həm də ondan sonrakı tarixi mərhələlərdə Mehriban Əliyeva Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı olaraq Ermənistanın insanlıq əleyhinə olan hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi.
Bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti-quruculuq işlərinə onun rəhbərlik etdiyi, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu mühüm töhfələr verir. Üç ildir ki, minlərlə abidəyə yeni nəfəs verən Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırır. Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
Xalqımız, dövlətimiz bütün dövrlərdə Böyük Zəfərin təminatçıları, torpaqlarımızın azadlığını qanları bahasına təmin edən şəhidlərimizin xatirəsini hər zaman uca tutub ehtiramla yad edir, onların ailələrinə xüsusi qayğı göstərir. Cəmiyyətimizdə şəhidlərin yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar.
Bütün bunlar bir daha təsdiq edir ki, dünyada Azərbaycan dövləti qədər şəhidlərinə ali dəyər verən, onların ailələrinə hərtərəfli kömək göstərən ölkə yoxdur. Bu istiqamətdə dövlətimiz bir nümunədir.
Bir sözlə, tarixi Zəfər və Böyük qayıdış hərəkatı Prezident İlham Əliyev erasının zirvəsidir. Bununla belə Şanlı Zəfərimizdən sonra yaranan yeni reallıqlar və görülən işlər onu deməyə əsas verir ki, qarşıda Azərbaycanı daha möhtəşəm zəfərlər gözləyir. Azərbaycanın sözün əsl mənasında tam suverenliyini təmin edən möhtərəm Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. Qədirbilən xalqımız hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri

“Azərbaycan qəzeti” 24.12.2023