Sahibkarlıq Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqının IX Plenumu keçirilib

383

Dekabrın 8-də Sahibkarlıq Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IX Plenumu keçirilib. Plenumu Respublika Komitəsinin sədri Mirkazım Abasov açıb.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra M.Abasov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, çıxışına başlamazdan əvvəl Azərbaycan həmkarlar ittifaqları üçün əlamətdar olan bir məlumatı iştirakçıların diqqətinə çatdırıb: “Bilirsiniz ki, Ankara şəhərində Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatı təsis olunub və AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev I vitse-prezident seçilib. Bir neçə gün əvvəl isə Brüsseldə keçirilən Pan Avropa Regional Şurasının iclasında AHİK sədir növbəti dəfə bu qurumun vitse-prezidenti seçilib. Plenum iştirakçıları və üzvlərimiz adından bu münasibətlə Səttar müəllimi təbrik edirəm”.
M.Abbasov sonra Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi-siyasi islahatları, işğaldan azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işlərini və ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurları diqqətə çatdırıb.
Daha sonra Respublika Komitəsi tərəfindən görülən işlər haqqında məlumat verib. Deyib ki, 2023-cü ilin mayın 3-də çağırılmış növbədənkənar VIII plenumdan sonra RK-da əsaslı dəyişikliklər edilib, intizam qaydaları xeyli dərəcədə möhkəmləndirilib.

Həyata keçirilən təşkilati-struktur tədbirlərin təkmilləşdirilməsi nəticəsində həmkarlar ittifaqı işinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Həmkarlar ittifaqına üzv olmağı əsaslandırmaq üçün yeni üsul, forma və metodlardan geniş istifadə edilib. Görülmüş işlərin nəticəsidir ki, özəl sektorda yeni yaradılmış müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatları təsis olunub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin həmkarlar ittifaqı üzvü olmayan 57 müəssisəyə ilk həmkarlar ittifaqı təşkilatı yaratmaq üçün təqdimatlar da göndərilib.
18 şirkətdə yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb. Onlara “AZMETKO KSA” ASC, “Təmiz şəhər” ASC, “Daşkəsən Dəmir Filiz” MMC, “Qarabağ İqtisadi rayonunda Bərpa Tikinti və İdarərtmə xidməti Publik Hüquqi şəxs”, “BDC” MMC, “Adore Compani” MMC, “Gazelli Compani” MMC, “RAM” LTD, “Herbatlara” MMC, “Ramses” MMC, “Andora MED”, “Murad “ İnşaat, “Azvet” MMC, “Sanreet” MMC, “Alfa Construction” və başqa şirkətləri misal göstərmək olar.
Hesabat ilində komitəmizə AHİK-dən və şəhər, rayon komitələrindən 37 ərizə daxil olub. Həmin ərizələr diqqətlə araşdırılıb, icrası təmin edilib. 8 şəhid ailəsinə və 44 günlük Qarabağ müharibəsində yaralanaraq sağlamlığını itirmiş qazilərə 200-300 manat məbləğində maddi yardım göstərilib. 2 şəhid ailəsi və 9 Qarabağ qazisi yollayışla müalicə ocaqlarına göndərilib.
Bildiyiniz kimi, bu il Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb. Respublika Komitəsi hər zaman öz fəaliyyətində Baş Kollektiv Sazişin müddəalarını əsas tutur. Bu baxımdan 2023-2025-ci illəri əhatə edən nümunəvi kollektiv müqavilə forması hazırlanaraq sahibkarlıq subyektlərinin həmkarlar ittifaqı komitələrinə göndərilib. 2023-cü il ərzində 22 yeni kollektiv müqavilə bağlanılıb. Yeni müqavilə bağlanan təşkilatlarda çalışan işçilərin sayı 3433 nəfərdir.
Məruzə ətrafında Telman Ələkbərov (Bakı şəhər Hİ komitəsinin sədri), Miryaqub Ələkbərov ( Hİ Quba rayon komitəsinin sədri), İsgəndər Cabbarov ( Nərimanov, Nizami, Suraxanı BHİ Komitəsinin sədri) və digərləri çıxış ediblər.
AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov çıxış edib. O, plenum iştirakçılarına AHİK-in 2024-cü ildə ilk təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları ilə bağlı tövsiyələrini çatdırıb.
Sonra təşkilati məsələlər müzakirə olunub.
Daha sonra Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IX Plenumunun Qərarı səsə qoyularaq qəbul edilib.