Şanlı tarix yaradan qüdrətli şəxsiyyət

435

O, dahi idi
Fenomen şəxsiyyət, əvəzedilməz siyasətçi idi…
Yaşadığı əsrin zəkalı, iradəli, cəsarətli, bacarıqlı liderlərindən biri idi..
Liderlik keyfiyyətləri ilə diqqətləri cəlb edən dünya şöhrətli diplomat, dünyanın ən böyük azərbaycanlısı kimi tanınan, Azərbaycan xalqının xilaskar Lideri statusuna sahib olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman dərin ehtiramla anırıq. Anmağa da borcluyuq. Çünki Heydər Əliyev olmasaydı, nəinki bu gün tarixin ən qüdrətli Azərbaycanı var idi, heç bəlkə də, onun müstəqilliyindən, suverenliyindən əsər-əlamət yox idi. Parçalanmış, torpaqları tamamilə işğal edilmiş və Ermənistan kimi vassal bir dövlət olaraq kimlərinsə əmrlərini, buyruqlarını icra edən ölkə idik. Deyirlər, bir xalqın çətin, ağır günlərində tanrı ona xilaskar göndərir. Xalq həmin xilaskara inanaraq arxasınca getdiyi halda nicat yolunu taparaq işıqlı sabaha çıxır. Azərbaycan xalqı da Tanrının böyük lütfü ilə üzləşib ki, ən ağır sınaqlarla üz-üzə olduğu anlarda ona qurtuluş üçün dahi şəxsiyyəti – Heydər Əliyevi xilaskar kimi yetirib. Məhz Ulu Öndərin xilaskarlıq missiyası sayəsində bu gün Azərbaycan dünyada sayılıb-seçilən, nüfuz sahibi olan, iqtisadi müstəqilliyini təmin edən, tam müstəqil siyasət yürüdən ölkə kimi tanınır. Bütün bu uğurlar Heydər Əliyevin vaxtı ilə müəyyənləşdirdiyi inkişaf konsepsiyasının bəhrəsidir.

Heydər Əliyev dahiliyi – tariximizin qürurlu dünəni, istinad olunacaq işıqlı sabahı

Ümummilli Liderin özü, siyasi fəaliyyəti Azərbaycan tarixinin əlamətdar hadisəsidir. Bizlər Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə sabahını bir daha təhlil edirik. Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini müəyyənləşdiririk.
Ulu Öndər Heydər Əliyev tariximizin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad olunacaq işıqlı sabahıdır. Bu konstekstdə tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin unikallığının, bənzərsizliyinin elə ən vacib simvolu da budur.

Ulu Öndər Heydər Əliyevin bioqrafiyası bütünlüklə Azərbaycanın tərcümeyi-halı, şərəf salnaməsidir. Ölkəmizdə hansı uğura, zəfərə, tərəqqiyə nəzər salsan, orada hökmən Heydər Əliyev imzası, müəllifliyi görünəcək. Azərbaycan və Heydər Əliyev – bütövdür, ayrılmaz vəhdətdir. Yaddaşlara xilaskar lider, qurucu rəhbər, böyük ideoloq, tarix yaradan şəxsiyyət kimi həkk edilən Ulu Öndərin ömür yolu şanlı irsimizdir və daim öyrənəcəyimiz məktəbdir.
Azərbaycan xalqının, dövlətçiliyinin tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna və əhəmiyyətli rolu var. Dövlətçiliyimizin təməlinin qoyulması və möhkəmlənməsi, ölkəmizin inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Dünya azərbaycanlılarının Ümummilli Lideri sayılan dahi şəxsiyyət bütün zamanlarda Vətəninə, millətinə, dövlətinə ən ali hisslərlə bağlı olub, ömrünü bu xalqın, ölkənin inkişafı, rifahı, tərəqqisi yolunda şam kimi əridib.
Ümummilli Lider Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövrdə də onun hakimiyyətə gəlişi ölkənin və vətəndaşların acınacaqlı durumda, səfalət içində, çətin vəziyyətdə yaşadığı dönəmlərdən keçib. Hər iki dövrün reallığı isə inkişaf, quruculuq, yüksək rifah, xilaskarlıq, qurtuluş olub.

Dahi liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən hər iki zaman kəsiyi dövlətçiliyimizin təməllərini elə möhkəmlətmiş, elə mükəmməl formalaşdırmışdır ki, bu, uzun onilliklər, hətta yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək, xarici təhdidlərdən etibarlı şəkildə qoruyacaq.
Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyətin təkcə varlığı belə, ölkəmizin nüfuzunu xeyli qaldırır, xalqımızın necə böyük bir potensiala malik olduğu barədə təsəvvür yaradır.
Əgər dünyanın tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlərə nəzər yetirsək, həqiqətən də Azərbaycan xalqının nə qədər xoşbəxt xalq olduğuna şahidlik edərik. Həmin fikirlərdən bir neçəsinə diqqət edək: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir” (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan);  “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm!” (ABŞ-nin sabiq prezidenti Corc Buş); “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır” (Fransanın sabiq prezidenti Jak Şirak); “Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcək” (Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze); “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir” (Zbiqnev Bjezinski); “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir” (Çingiz Aytmatov).

Bu deyilən fikirlərə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının Ulu Öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev doğrudan da dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan dahi şəxsiyyətdir. Heydər Əliyev qüdrətli şəxsiyyət kimi yalnız Azərbaycanın və regionun tarixində iz qoymayıb. O, dünya miqyaslı tarixi şəxsiyyətdir. Heydər Əliyev kiçik Azərbaycanda həyata keçirdiyi böyük işlərlə əslində qlobal dünyada mükəmməl bir nümunə yaradıb.

Xalqa və dövlətçiliyə həsr edilən ömür, daim öyrənəcəyimiz məktəb

Ümummilli Lider Heydər Əliyevin şəxsində həm Azərbaycanın dünənini, bu gününü, həm də işıqlı sabahını bir daha təhlil edirik. Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini müəyyənləşdiririk. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb. Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilib, dövlətimizin dünyada mövqeyi möhkəmlənib. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşına sabitlik, yüksək rifah, intibah anlayışları ilə həkk olunub.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ümumiyyətlə, Ulu Öndərin siyasi fəaliyyətini 3 dövrə bölmək olar – 1969-1982-ci illər, 1982-1993-cü illər və 1993-2003-cü illər. Əlbəttə ki, göstərilən bu tarixlərin bütün dövrlərində Ulu Öndərin qəlbi Azərbaycanla döyünüb, ölkəmizi hər yerdə yüksək səviyyədə təbliğ edib və hər zaman xalqına, ölkəsinə sevgisini əməllərində göstərib. Ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərliyi dövründə Ulu Öndərin əsas məqsədi ölkəni qarşıdakı müstəqillik dövrünə hazırlamaq idi. Elə bu müqəddəs hədəfə çatmaq üçün böyük fədakarlıqlar göstərib. Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.

Heydər Əliyevin ölkədə yaşayan bütün xalqların və fərqli dinlərin təmsilçilərini vahid məqsəd – Azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək yaratdığı tolerantlıq və multikulturalizm modeli dünyanın bu sahədəki ən yaxşı nümunələrindəndir.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlayıb. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılıb. Ulu Öndər birinci dəfə hakimiyyətə gələndə – 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və intibahı dövrü başladı. 1970-ci illərin sonunda isə Azərbaycan sosial-iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikaları sırasına çıxdı. 13 il ərzində Heydər Əliyev Azərbaycanı inkişaf səviyyəsinə görə, 15 ölkə arasında 14-cü yerdən 4-cü yerə yüksəltdi. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırdı, sorağı SSRİ-nin hüdudlarını aşdı. Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkrli planlarının həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. Başda M.S.Qorbaçov olmaqla sovet rəhbərliyi keçmiş Dağlıq Qarabağı Ermənistanın tərkibində görmək istəyirdi. Buna qarşı ən böyük maneə isə məhz Heydər Əliyev idi. Onun istefasından sonra Azərbaycana qarşı həyata keçrilən bütün məkrli planların açıq-aşkar icrasına start verildi.

Milli Qurtuluş və xilaskarlıq missiyası

Heydər Əliyev siyasi rəhbərliyin bütün maneələrinə, hətta sui-qəsd təhlükələrinə baxmayaraq, 1990-cı ilin iyulunda əvvəl Bakıya, sonra anadan olduğu qədim Naxçıvan torpağına döndü. Bununla da Azərbaycanın qurtuluş missiyası Naxçıvandan başladı.
Qısa müddətdən sonra Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri seçilməsi, əslində tək Naxçıvan sakinlərinin deyil, bütün Azərbaycan vətəndaşlarının seçimi, istəyi idi. Bu vəzifədə çalışdığı iki ilə yaxın dövrdə Heydər Əliyev elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli Liderimiz bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Blokada şəraitində yaşayan, Bakıdakı rəhbərliyin davamlı təzyiqlərinə və maneələrinə məruz qalan Naxçıvanda əsl müstəqillik və dövlətçilik modeli yarandı. Təsadüfi deyil ki, müstəqillik və dövlətçiliklə bağlı bütün rəsmi qərarlar Azərbaycan Ali Soveti tərəfindən yox, Naxçıvan Ali Məclisi tərəfindən qəbul olunmuşdu. Müstəqillik və dövlətçiliklə bağlı təşəbbüslərin müəllifi də Azərbaycana o zaman rəhbərlik edən prezidentlər deyil, məhz Heydər Əliyev idi.
Ulu Öndərin Naxçıvan Ali Məclisinin sədri kimi qəbul etdiyi müdrik qərarlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər yeni müstəqillik qazanmış dövlətin aparmalı olduğu islahatların mahiyyətini təşkil edirdi və 1993-cü ildən sonra bütün Azərbaycana şamil olunacaq yeni inkişaf kursunun da əsası idi.

SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi və qanlı qırğın törədildi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi. 1990-cı illərin əvvəllərində insanlar Heydər Əliyevin fəal siyasətə dönüşünə Azərbaycanın milli qurtuluşunun başlanğıcı kimi baxırdılar. Azərbaycanda yaranmış hakimiyyət böhranı, artan erməni işğalları Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini qətiləşdirirdi. Xalqın iradəsi ilə baş tutan və tariximizə Qurtuluş Günü kimi düşən bu hadisə həm də Azərbaycanın xilası oldu.
21 noyabr 1992-ci ildə Naxçıvanda  xalqın marağı ilə yaşayan 550 nəfər ziyalıdan ibarət təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Konfransda Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın sədri seçilməsinin məntiqi nəticəsi olaraq YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə, xalqın ən etibarlı tribunasına çevrildi. YAP-ın yaradılması hər şeydən öncə tarixi zərurət idi. Təkpartiyalı avtoritar sistemdən yenicə qopmuş müstəqil Azərbaycanda yeni siyasi mühitdə alternativ, demokratik təsisata ciddi ehtiyac var idi. Buna qədər yaranmış siyasi qurumların xalqın həyatında heç bir müsbət rol oynamaması, özünü təsdiq edə bilməməsi yeni siyasi təşkilatın yaranmasını labüd etmişdi. Bu gün sıralarında təmsil olunmağın qürurunu yaşadığımız, xalqın etimad və inam ünvanı olan Yeni Azərbaycan Partiyası məhz zamanın tələbi ilə yarandı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin yeni tipli  siyasi təsisatda sədr olması, dövlətçilik, azərbaycançılıq məfkurəsi, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin  partiyanın ana xəttini təşkil etməsi YAP-a ilk günlərdən ümumxalq sevgisi qazandırdı.
Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın yaranmış tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

Bir tərəfdən ölkədə yaranmış xaotik vəziyyəti nizamlayan Ulu Öndər, digər tərəfdən erməni işğalına qarşı qlobal miqyasda savaşa başladı. Məhz Heydər Əliyevin çox gərgin və genişmiqyaslı fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndərin inkişaf konsepsiyasına uyğun atılan bütün addımlar hər sahədə yüksəlişi şərtləndirdi. Əgər Ulu Öndərin bənzərsiz siyasətinə, yəni Azərbaycanın tənəzzüldən inkişafa, uçurumdan yüksəlişə aparan müxtəlif dövrlərdəki titanik fəaliyyətinə nəzər yetirsək, bir daha şahidi olarıq ki, dahi şəxsiyyət həqiqətən də qısa vaxtda  möcüzələr yaradıb. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Suverenliyin təmini – Heydər Əliyev ideyalarının təntənəsi  

Ulu Öndər Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları, sabitlikyaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli “yol xəritəsi” idi. Bu “yol xəritəsi”ni,  Heydər Əliyevin müəllifi olduğu yüksəliş konsepsiyasını, onun yarımçıq qalan işlərini isə layiqli varisi möhtərəm Prezident İlham Əliyev çox məharətlə gerçəyə çevirdi. Bütün dünya şahiddir ki, Heydər Əliyev məktəbinin ən layiqli məzunu kimi cənab İlham Əliyev məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq barışdırıcı lider, ən arzuolunan dövlət başçısı, qlobalmiqyaslı layihələrin müəllifi və Müzəffər Ali Baş Komandan kimi tanıtmağa müvəffəq oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir.

Vətən müharibəsində əldə olunan Böyük Zəfər, bu il həyata keçirilən anti-terror tədbirləri ilə suverenliyimizin tam təmin olunması, qondarma “respublikanın” və 200 illik erməni xülyasının məhv edilməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi. Onun müəyyənləşdirdiyi modern ordu quruculuğu konsepsiyası Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi intellekti, yüksək hərbi strateqliyi ilə Zəfəri reallaşdırdı. İki əsrlik münaqişəyə, 30 illik savaşa, 1 milyon məcburi köçkünün yurd həsrətinə son qoyuldu. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiya nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Ulu Öndər Heydər Əliyevin ilk dəfə Naxçıvanda qaldırdığı üçrəngli bayrağımızı cənab İlham Əliyev Şuşada, Xankəndidə dalğalandırdı.

Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Ulu Öndərin irsini yaşadan müqəddəs ünvan, sevgidən qurulan abidə

Ümumiyyətlə, Azərbaycanda bu gün əldə olunan böyük nailiyyətlər, qazanılan zəfərlər Ulu Öndərin əsasını qoyduğu təməllərin nəticəsidir. Demək, Heydər Əliyev həm də bütün uğurlarımızda, inkişafımızda yaşayır. Çox əlamətdar haldır ki, Ulu Öndəri xalqın nəzərində yaşadan bir müqəddəs ünvan da var – Heydər Əliyev Fondu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond dahi şəxsiyyətin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. 2004-cü ildən fəaliyyətə başlayan fond ötən 19 ildə ölkəmizdə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verir. Fondun məqsədləri –  görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verməkdir. Fond tərəfindən Azərbaycanın bütün bölgələrində, hətta xarici ölkələrdə çoxsaylı sosial, mədəni, tibbi, təhsil infrastrukturları tikilir, köməyə ehtiyac duyanlara yardımlar göstərilir.

Sevindiricidir ki, Qarabağın və Şərqi Zəngəzurun quruculuğunda yenə də daim bu torpaqların böyük himayədarı olmuş Ulu Öndər Heydər Əliyevin şərəfli adı, müqəddəs imzası var. Ümummilli Liderin adını daşıyan fond bu prosesdə yenə də ön sıradadır. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə tarixi- mədəni irsin bərpasında, sosial-humanitar infrastrukturun yaradılmasında, quruculuq və abadlıq işlərində böyük fədakarlıq göstərir. Mehriban xanım Əliyevanın göstərişi ilə başlanılan xüsusi layihələrin icrasına yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən gələn mütəxəssislər də iştirak edirlər. Bildiyimiz kimi, Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşdı və istifadəyə verildi. Həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəli fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldılıb.

Minlərlə qədim, tarixi tikiliyə, dini, milli abidəyə yeni həyat verən Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası üçün işləri davam etdirir. Fondun layihələri çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir. Hörmətli Mehriban xanım Əliyevanın bu dəyərli fəaliyyəti Ulu Öndərin ruhuna böyük ehtiram olmaqla bərabər, həm də onun ideyalarının, amallarının əbədi yaşayacağını nümayiş etdirir. Bütün bunlar Heydər Əliyevin nə qədər dahi, əvəzedilməz şəxsiyyət olduğunu təsdiqləyən reallıqlardır. Buna görə də 100 illik yubileyini qeyd etdiyimiz xilaskar liderimizi hər bir azərbaycanlı qürurla anır və öz ehtiramını ifadə edir. Bu da bir daha sübut edir ki, Heydər Əliyev təkcə Azərbaycan dövləti və dövlətçiliyi üçün deyil, bütün Azərbaycan xalqı üçün əhəmiyyətli rola malikdir və çox dəyərlidir. Hər kəsin qəlbində Ulu Öndərin sevgidən və hörmətdən qurulan abidəsi var.

Ümummilli Liderdən bəhs edərkən həm keçmiş, həm bu gün, həm də gələcək haqqında danışmış oluruq, çünki o, bugünkü güclü Azərbaycanın təməlini qoyub. Heydər Əliyevin ən böyük arzusu Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması idi. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi ata vəsiyyətini yerinə yetirdi. Heydər Əliyevin ruhu bu gün şaddır. Azərbaycan xalqı var olduğu müddətdə Heydər Əliyev daim xatırlanacaq və qəlbimizdə yaşayacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

“Azərbaycan” qəzeti