Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının Plenumu keçirilib

903

Dekabrın 8-də Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XI  Plenumu keçirilib.

Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Plenumun gündəliyinə “Sahə həmkarlar ittifaqında işçilərin istirahətinin və müalicəsinin təşkili, problemlər və qarşıda duran vəzifələr” və “Sahə həmkarlar ittifaqında hesabat-seçki kampaniyasının keçirilməsi haqqında” məsələlər daxil edilib.

Giriş sözü ilə çıxış edən Respublika Komitəsinin sədri Musa Mirzəyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Respublika Komitəsi və ilk həmkarlar ittifaqları təşkilatları tərəfindən şəhid ailələrinə, qazilərə, veteranlara və aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Bu nəcib missiyanın davamı olaraq bu il noyabrın 6-da Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 4200 aztəminatlı, şəhid və qazi ailələri  üçün ərzaq yardımı göndərilib. Biz bu işləri davam etdirməli, şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlamalıyıq.

Onun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq, “Azərenerji” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Artıq bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Azərbaycan xalqı, o cümlədən energetiklər ölkə başçısının bütün istiqamətlərdə gördüyü işləri dəstəkləyir və əlindən gələni əsirgəmirlər.

Ardınca birinci məsələ üzrə Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayevin məruzəsi dinlənilib. Məsələ ətrafında müzakirələrdə “Azərenerji” ASC BHİK-in sədri Əfruz Ağayeva, “Bakıelektrotökmə” ASC-nin HİK-in sədri Ələsgər Xəlilov, “Şirvan Regional Elektrik Şəbəkəsi” MMC-nin HİK-in sədri Afət Nəcəfov  və başqaları çıxış ediblər. Qeyd olunub ki, Sahə (Tarif) Kollektiv Sazişlərdə və Kollektiv Müqavilələrdə işçilər üçün nəzərdə tutulan sosialyönümlü güzəştlərin böyük əksəriyyəti yerinə yetirilir. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi məsələlərinə diqqət artırılıb, həmkarlar ittifaqı komitələrinə bu sahədə müvafiq tövsiyələr verilib. Şəhid ailələri, qazilər, veteranlar və aztəminatlı ailələri həmkarlar ittifaqı təşkilatları daim diqqətdə saxlayır və vaxtaşırı olaraq onlara lazımi köməklik göstərilir.

Sahə həmkarlar ittifaqı öz fəallarının təhsilə cəlb edilməsinə diqqəti artırıb. Həmkarlar ittifaqı komitə sədrləri və fəalları Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilmiş kurslarda iştirak ediblər. Bildirilib ki, sahə həmkarlar ittifaqında bu il işçilərin istirahəti və müalicəsi əvvəlki illərlə müqayisədə daha yaxşı təşkil edilib.

Sonra plenumda birinci məsələ ilə bağlı müvafiq qərar qəbul olunub. Respublika Komitəsinə, “Azərenerji” ASC-nin BHİK və ilk təşkilatların Həmkarlar İttifaqı Komitələrinə tapşırılıb ki, işçilərin əmək hüquqlarının müdafiəsi, əməyinin və sağlamlığının mühafizəsi, istirahətinin və müalicəsinin təşkili, iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılsın.

Müəssisə və təşkilatların rəhbərliyindən xahiş edilib ki, işçilərin istirahətinin səmərəli təşkil edilməsi üçün təşkilati məsələlərdə, nəqliyyat və əlavə vəsaitlərin ayrılmasında imkan daxilində kəmkarlar ittifaqı komitələrinə köməklik olunsun.

Həmkarlar İttifaqı Komitələrinə göstəriş verilib ki, yollayışların sifarişinə və istifadəsinə daha ciddi yanaşılsın. Yollayışların sifarişi və bölüşdürülməsi zamanı şəhid ailələrinin, qazilərin, veteranların istəyi əvvəlcədən öyrənilsin, ilk növbədə onlara köməklik göstərilsin.

Sonra “Sahə həmkarlar ittifaqında hesabat-seçki kampaniyasının keçirilməsi haqqında” məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub. Qərara alınıb ki, hesabat-seçki kompaniyası 2024-cü ilin aprel ayında başlasın və oktyabr ayında yekunlaşdırılsın.

Sonra Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının 2024-cü il üçün büdcəsi təsdiqlənib.