Fransa hökuməti Yeni Kaledoniya xalqının haqq səsinin dünyaya çatmasından narahatdır

517

“Fransa prezidenti Emmanuel Makron administrasiyasının uğursuz fəaliyyəti və yarıtmaz siyasəti, demək olar ki, bu ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmaqdadır. Onun hakimiyyətə gəldiyi ilk gündən ölkəsində polis zorakılığı ilə müşayiət olunan narazılıqlar baş qaldırdı, etirazlar yüksəldi, sosial vəziyyət isə ağırlaşdı. Sakinlərlə görüşlərində onu ya fitə basdılar, ya başına qapaz, ya da yumurta vurdular. Bu hadisələrdən utanmaq, öz daxili işləri ilə məşğul olub xalqının qeydinə qalmaq əvəzinə, özünü böyük siyasətçi kimi göstərərək hətta digər dövlətlərin işinə qarışmaqla məşğuldur. Ermənistanın işğal siyasətinə son qoyulmasına ən çox narahat olan da rəsmi Parisdir. Azərbaycanın haqq işinə kölgə salmaqla məşğuldur, bilavasitə beynəlxalq hüququn bütün prinsiplərini ayaqlayaraq orta əsrlərin feodal düşüncəsi ilə açıqcasına işğala və separatizmə dəstək nümayiş etdirir. Azərbaycan əleyhinə səsləndirdikləri fikirlər, qəbul etdikləri qətnamələr, qərarlar bir işə yaramasa da, sadəcə könül bulandırır”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müasir dövrlə ayaqlaşmayan, XXI əsrin çağırışlarına cavab verməyən Fransa müstəmləkəçi iddialarından hələ də əl çəkə bilmir: “Ondan artıq ölkəni müstəmləkə əsarətində saxlayır, orada insan hüquqlarını kobud şəkildə pozur, keçmiş müstəmləkələrində dövlətlərin daxili işlərinə yersiz müdaxilələr edir. Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polis tərəfindən AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nümayiş etdirilən qəddar, qanunsuz münasibət, onun qanuni fəaliyyətinin qarşısının alınması, hətta ölkədən çıxarılması Fransa dövlətinin əsl simasını ortaya qoyur. Bəs demokratiyadan, söz və ifadə azadlığından danışırdınız? Hətta buna görə bəzi dövlətləri ittiham edirdiniz. İndi nə baş verdi, nədən qorxursunuz? Təbii ki, Yeni Kaledoniya xalqının azadlıq mübarizəsinin, haqq səsinin dünyaya çatmasından əndişə keçirirsiniz. Jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınması, informasiya blokadasanın tətbiqi bu və digər müstəmləkə ölkələrində vəziyyətin gərginliyindən xəbər verir”.

AHİK sədri qeyd edib ki,  AZƏRTAC-ın əməkdaşına qarşı bu xoşagəlməz davranış və onun peşə fəaliyyətinin qeyri-insani rəftarla məhdudlaşdırılması dünya ictimaiyyəti tərəfindən qınanılmalı və beynəlxalq media qurumları tərəfindən pislənilməlidir.