AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

806

Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

 

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev  iclasın gündəliyinə “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistiukası haqqında”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2020-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında”, “Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2020-ci il üzrə hesabatı haqqında”, “2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının təsis edilməsi haqqında”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müasabiqəsinin 2020-ci il üzrə yekunları haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Mövzularla bağlı çıxışlarda məlumat verilib ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində gender bərabərliyinin reallaşmasında həmkarlar ittifaqlarının iştirakı, habelə həmkarlar ittifaqlarının strukturlarında gender bərabərliyinin gözlənilməsi və qadınların rəhbər vəzifələrdə təmsil olunması vəziyyətinə görə, 2021-ci ilin 1 yanvar tarixinə həmkarlar ittifaqları üzvlərinin sayında kişilərin 48 % , qadınlar isə 52 % təşkil edir. Ötən il ilə müqayisədə həmkarlar ittifaqı təşkilatlarının sayında dəyişikliklər  müşahidə olunur ki, bu da ölkədə baş verən pandemiya şəraitində iqtisadi aktivliyin azalması ilə əlaqədar olaraq bir sıra idarə, müəssisə və təşkilatların ləğv olunması, yenilərinin yaranması, birləşməsi, o cümlədən struktur dəyişikliklərindən irəli gəlir. Həmkarlar ittifaqlarının üzvlərinin 50, 8 %-i gənclər,  49,2 %-i gənc qadınlardır.

Bildirilib ki, bütün səviyyəli rəhbər vəzifələrdə çalışanların 39,8 % qadınlardır ki, onlardan da 45,7 %-i gənc qadınlardır. Rəhbər vəzifədə  işləyən qadınların sayı isə 7 faiz azalaraq 40,3 %, onlardan maaşlı vəzifə  tutanların sayı 2 % artaraq 25 % olub. O cümlədən gənc sədr qadın vəzifəsində işləyənlərin sayında 3,5 % artım müşahidə olunur. Bu da 36,5  % edir, onlardan pullu vəzifə tutan gənc qadınların sayı 1,1  % azalaraq 20,9  % olub. Deyilib  ki, həmkarlar ittifaqının seçkili orqanlarında qadınların sayı 3,2 % artaraq 45,2 % təşkil edib.

Çıxışlarda qeyd olunub ki, qadınların ictimai fəallığının artırılması daim ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğu məsələlərdəndir və həmkarlar ittifaqları da bu sahəyə xüsusi önəm verir.

Həmçinin qeyd olunub ki, hesabat ilinin sonunda ötən illə müqayisədə həmkarlar ittifaqlarının strukturlarında fəaliyyət göstərən gender bərabərliyi və qadın problemləri üzrə kommisiyaların sayında 2070 (2116) azalma olub, üzvlərin sayı isə  artaraq 11170 nəfər (8569) təşkil edib. Gender və qadın problemləri üzrə komissiyalardan əlavə, bu problemlərlə yerlərdə 804 nəfər xüsusi təyin olunmuş məsul şəxsin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu da keçən illə müqayisədə 9,8 faiz azalıb.

Hesabat ilində sahə həmkarlar ittifaqı orqanları  və onların üzv təşkilatlarının səyi  nəticəsində gender və qadın problemlərinə həsr olunmuş 34 seminar, dəyirmi masa və digər tədbirlər keçirildiyi, burada  500 nəfərə yaxın şəxsin, o cümlədən beynəlxalq səviyyəli təşkilatların iştirakı ilə keçirilmiş 5 tədbirdə 6 nəfər qadının iştirak etdiyi bildirilib. Bu da ötən illə müqayisədə bütün dünyada və Azərbaycanda COVID-19 infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədardır.

AHİK İcraiyyə Komitəsinin 15.07.2020-ci il tarixli qərarına əsasən, sahə həmkarlar ittifaqı orqanlarından 45 gəncdən  2019-cu il üzrə 19 nəfər gənc qadın “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Qeyd olunan məlumatlardan sonra “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistiukası haqqında” qərar müzakirələrdən sonra qəbul edilib.­­­­­

“2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının təsis edilməsi haqqında” AHİK İK-nin qərarının icrası barədə müzakirə zamanı bildirilib ki, respublikada həmkarlar ittifaqı üzvlərinin üçdə biri 35 yaşınadək olan gənclərdir və bu gün ölkə gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.

Qeyd olunub ki, artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir və gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilirlər. Vurğulanıb ki, “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılmasına xidmət edir. Həmçinin 23 sahə həmkarlar ittifaqı orqanlarından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olduğu, onların fəaliyyətini əks etdirən məlumatlarım ümumiləşdirilərək təqdimat hazırlandığı bildirilib. Sonra AHİK-in İcraiyyə Komitəsi tərəfindən qərara alındı ki, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə  “İlin peşəkar gənci” fəxri adı verilsin və onlara Fəxri  Diplom, Döş nişanı və vəsiqə təqdim edilsin, həmçinin onların ictimaiyyətə tanıdılması üçün bir sıra tədbirlər həyata keçirilsin.

Bildirilib ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda keçirilən müsabiqədə 1730-dan artıq müəssisə və təşkilat iştirak edib. 17 sahə həmkarlar ittifaqlarını təmsil edən 155 müəssisədən 37 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilib.

AHİK-in İcraiyyə Komitəsində  «Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi – 2020» adı uğrunda respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərinin AHİK-in diplom və hədiyyələri ilə təltif edilməsi qərara alınıb, həmçinin bu deviz altında növbəti il üzrə respublika müsabiqəsinin elan edilməsi nəzərdə tutulub.

Müzakirə olunan məsələlərə münasibət bildirən AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki,  çalışmalıyıq ki, rəhbər orqanlarda qadınların sayın artırılsın.  Qadın kişi ilə bir yerdə işləyirsə, onların hüquqları da bərabər olmalıdır, bu, bütün məsələlərdə, xüsusən də əməkhaqqı sahəsində özünü göstərməlidir.

Ölkəmizin dünyada tanıdılması üçün idman sahəsinə hərtərəfli dəstəyin vacibliyinə diqqət çəkən AHİK sədri bildirib ki, hal-hazırda idmançılarımız ölkəmizi tanıtdırmaq üçün səylə çalışırlar. Bu gün ölkə Prezidenti idman sahəsinə xüsusi diqqət və qayğı göstərir, pandemiyaya qədər ölkəmizdə müxtəlif növ beynəlxalq yarışlar keçirilirdi. Azərbaycan dünyada daha çox idman ölkəsi kimi tanınır. S.Möhbalıyev bunun üçün də həmkarlar təşkilatlarının idmançılara diqqət yetirməli olduğunu vacib hesab edib və xüsusilə vurğulayıb ki, bunun üçün idmanın kütləviliyi artırılmalı və onlar üçün üçün hər bir şərait yaradılmalıdır.

AHİK sədri “İlin peşəkar gənci” müsabiqəsini keçirməkdə məqsədin savadlı, fəal gəncləri seçmək olduğunu bildirərək qeyd edib ki, qaliblərin sayını artırmaq, seçim məsələsində ədaləti ən yüksək səviyyədə qorumaq, ictimai sahədə fəal olan, həmkarlar ittifaqlarına üzv olanlara üstünlük verməliyik.

Konfederasiya sədri iş prosesində sağlam əmək şəraitinin yaradılmasının vacib olduğunu önə çəkib. Onun sözlərinə görə, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, fəaliyyətimizdə ən vacib məsələ xalqımızın sağlamlığıdır və biz də buna çalışmalıyıq. Sədr pandemiya başlayan zaman dövlətimizin xalqımızın sağlamlığı naminə bütün zəruri tədbirləri gördüyünü vurğulayıb, həmçinin koronavirusa qarşı peyvəndi ilk alan ölkələrdən olduğumuzu bildirib.

İclasda təşkilat məsələsinə də baxılıb. İlmir İsmayılov Azərbaycan Respublikası Turizm  və Ekskursiyalar Şurasının sədri təyin edilib.

İcraiyyə Komitəsinin iclasında digər cari məsələlərə də baxılıb.