AMEA-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

290

Noyabrın 7-də AMEA-nın Əsas binasında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş Akademiyanın Azad Həmkarlar İttifaqının, Humanitar və İctimai Elmlər bölmələrinin birgə tədbiri keçirilib.

Tədbirdə II Qarabağ müharibəsinin qaziləri, iştirakçıları, AMEA-nın elmi müəssisə və təşkilatlarının həmkarlar komitələrinin və qadın şuralarının sədrləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Vətən müharibəsində qazanılmış Qələbənin 3 illiyinə həsr olunmuş yığıncağın həm də müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib.

Akademik İsa Həbibbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.

Akademik İsa Həbibbəyli dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezidentin fəal iştirakı ilə Qarabağ və Şərqi Zəngəzurda nəhəng bərpa-quruculuq işlərinin aparıldığını, soydaşlarımızın artıq öz yurdlarına döndüklərini deyib.

Akademik qeyd edib ki, Zəfər Günü Xankəndidə keçiriləcək hərbi parad bir daha dünyaya Azərbaycan dövlətinin gücünü, qüdrətini, Azərbaycan Prezidentinin əzmini, ləyaqətini, qətiyyətini nümayiş etdirəcək.

AMEA prezidenti Qarabağda həyata keçirilən Böyük Qayıdış və quruculuq proseslərində alimlərimizin də yaxından iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, AMEA-nın üzərinə düşən vəzifə bu möhtəşəm tarixin salnaməsini yazmaq, gedən proseslərin elmi, siyasi, obyektiv qiymətini vermək, onları ümumiləşdirmək, gələcək nəsillərə çatdırmaqdır.

Sonra çıxış edənlər AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, qazi Radif Mustafayev, Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə və başqaları Azərbaycan tarixinin ən parlaq səhifəsi olan Zəfər Gününün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu strategiyasının, qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını bildiriblər.

Sonra tədbirdə II Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirdə iştirak edən Vətən müharibəsinin bütün iştirakçılarını Böyük Qələbə Bayramı münasibətilə təbrik edib.