Qələbələr Komandanı

344

Şanlı tariximizin ən möhtəşəm səhifəsi – Zəfər Günümüzü qürur və fəxarət duyğusu ilə qeyd edirik. Heç zaman bugünkü kimi vüqarlı, iftixarlı olmayan xalqımız milli ruhun, ləyaqətin təntənəsi gününün böyük coşqusunu yaşayır.
Məhz bu ili, Böyük Qələbənin üçüncü ilini daha böyük sevinc hissi ilə yaşayırıq. 2023-cü il ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmin olunduğu il kimi tariximizdə yeni səhifə açıb. 1990-cı ilin noyabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik rəmzi kimi Naxçıvanda qaldırdığı üçrəngli müqəddəs simvolumuzun 33 ildən sonra Müzəffər Ali Baş Komandan, Böyük Zəfərin memarı İlham Əliyev tərəfindən Xanın kəndində ucaldılması suverenliyimizin təminatının böyük nidası oldu.
2023-cü il tariximizdə həm də simvolik mənası ilə əlamətdardır. Bu il xilaskar liderimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi, Milli Qurtuluşun 30 illiyi, möhtərəm İlham Əliyevin prezidentliyinin 20 ili tamam olur.
Zəfəri bizlərə yaşadan, ömürboyu minnətdar olduğumuz şəhidlərimizin, eləcə də ideyaları Azərbaycanı qələbələrdən qələbələrə aparan Ulu Öndər Heydər Əliyevin ruhu şaddır bu gün…
2020-ci il noyabrın 8-də Şuşada, 2023-cü il oktyabrın 15-də Xankəndidə ucalan bayrağımızın kölgəsi bütün suveren ərazilərimizin üzərinə düşür və gələcək zəfərlərimizin yoluna mayak kimi nur saçır.

Ağır sınaqlar, qətiyyətli mübarizə, ədalətin gücü

Bu bir həqiqətdir ki, Azərbaycan son 30 ildə dünya erməniliyi və işğalçı Ermənistana havadarlıq edən qüvvələrlə mübarizə apardığı yolda çox ağır sınaqlardan keçdi, xristian təəssübkeşliyi fonundakı təzyiqlərə duruş gətirdi. Bütün təhdidlərə, çirkin kampaniyalara cavab verdi, ikili standartlara məruz qalsa da, bir an belə geri çəkilmədiyi, vaz keçmədiyi ümummilli məsələdə tərəddüd etmədən siyasi meydanlarda da, savaş cəbhəsində də qətiyyət nümayiş etdirdi və sonunda ədalət zəfər çaldı.
Ümummilli Lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Azərbaycanın inkişaf strategiyasını, yüksəlişinin yol xəritəsini hazırladı. Bu strategiyanı uğurla davam etdirən layiqli varisi İlham Əliyev isə yeni əsrin qüdrətli lideri kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi.
Məhz cənab İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətlə Azərbaycanın təkcə son 20 ildə əldə etdiyi tarixi uğurları, möhtəşəm zəfərləri deyərdik ki, dünyanın bir çox ölkəsi son 100 ildə qazana bilməyib.
Azərbaycan xalqını tarixində bənzərinə rastlanmayan qələbə günlərinə qovuşduran Prezident İlham Əliyev adını tariximizə Qarabağın xilaskarı, suverenliyin təminatçısı, ən qüdrətli Sərkərdə kimi yazdırıb.
20 il öncə – 2003-cü il oktyabrın 31-də Prezident kimi əlini “Qurani-Kərim”ə basaraq and içən cənab İlham Əliyev xalqa söz vermişdi ki, Ulu Öndərin müəyyənləşdirdiyi strategiyanı davam etdirəcək və Azərbaycanı möhtəşəm zəfərlərə doğru aparacaq. Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə barışmayacaq və nəyin bahasına olursa-olsun işğal altında olan torpaqlarını azad edəcək. Möhtərəm Prezidentimizin 20 illik fəaliyyətinin əsas mahiyyəti də məhz bu iki ftkrin doğrulmasına yönəldi. Bu fikirlər, əslində, Ulu Öndərin cənab Prezident qarşısında müəyyənləşdirdiyi tarixi vəzifələr idi. Ümummilli Liderin özü qədər inandığı cənab İlham Əliyevə xalqımız da inandı, güvəndi, etimad göstərdi və həyata keçirdiyi siyasətlə möhtərəm Prezidentimiz tarixin ən qüdrətli Azərbaycanını qurdu.
Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev başa çatdırdı və Azərbaycanın tam suverenliyini təmin edən zəfərlərlə dünyaya gücünü, qüdrətini göstərdi.
Əlbəttə ki, xalqımızın ən böyük problemi keçmiş Dağlıq Qarabağ münaqişəsi idi. Bu problemin sülh yolu ilə həlli məsələsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioriteti oldu. Bütün beynəlxalq konfranslarda Azərbaycan həqiqətlərini dünyaya bəyan edən qətiyyətli Prezidentimiz Ermənistanın işğalçı dövlət kimi tanınmasına müvəffəq oldu. Bununla bağlı qətnamələr, qərarlar qəbul edildi. Amma həmin sənədlər uzun illər kağız üzərində qaldı, icrası təmin edilmədi. İşğalçı Ermənistan isə bu cəzasızlıq mühitindən lazımınca yararlandı və hətta bu ölkə elə zənn edirdi ki, Azərbaycan mövcud vəziyyətlə həmişəlik barışıb.
Lakin zaman yetişdi və möhtərəm Prezidentimiz bütün sözlərinə sadiq lider kimi 2003-cü ildə xalqa verdiyi vədini də gerçəkləşdirdi. 2020-ci ildə düşmənin işğalçılıq siyasətinə son qoyan Zəfər yürüşümüz dünyaya səs saldı. Bəşəriyyətə bəlli oldu ki, xalqımız əzəli torpaqlarından heç zaman vaz keçməyib və sonunda güc yolu ilə məsələni həll etmək üçün yumruq kimi birləşərək mübarizəyə qalxıb.
Yəqin ki, çoxları 2020-ci ilin sentyabr-oktyabr aylarını yaxşı xatırlayır. 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Prezidentinə müxtəlif istiqamətlərdən təzyiqlərə cəhd edilirdi. Cənab İlham Əliyev dünyada elə aparıcı KİV qalmadı ki, ona müsahibə verməsin. Onların əksəriyyətində Azərbaycan Prezidentinə verilən qərəzli suallardan da hər şey aydın olurdu. Amma mahir diplomat kimi cənab İlham Əliyevin veridyi tutarlı, arqumentli cavablar əsl həqiqəti ortaya çıxarırdı.
Qarabağ Azərbaycan üçün vazkeçilməz idi, şərəf, ləyaqət məsələsi idi. Bunu cənab İlham Əliyev hər dəfə dünyaya bəyan edirdi. Azərbaycan xalqının 30 ildə nədən bu mübarizədən vaz keçməməsinin əsl səbəbini Müzəffər Ali Baş Komandan 2020-ci il oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalının müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına cavabında da çox mükəmməl şəkildə izah vermişdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Sözü imzası qədər keçərli olan Müzəffər Ali Baş Komandan bu haqq savaşında ortaya qoyduğu qətiyyətlə Azərbaycanı Zəfərə apardı. İllərlə Qarabağda istehkamlar quran, özü haqqında miflər yaradan Ermənistanın ordusu cəmi 44 günə düz çökdü və noyabrın 8-də Şuşanın azadlığı günü təslim olduğunu bəyan etdi.
Həmin gün Müzəffər Ali Baş Komandan 30 il ərzində başı bəlalar çəkən, terrora, işğala məruz qalan, sülh istədiyi üçün ikili standartlarla, təzyiqlərlə, təhdidlərlə üzləşən, haqqı tapdanan, səsi eşidilməyən, lakin öz liderinə inanaraq səbirlə gözləyən xalqına ən böyük müjdəni verdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər Ali Baş Komandan İlham Əliyevin prezidentlik dönəmində qazandığı uğurların zirvəsi oldu.

Erməni yalanları, Azərbaycanın qətiyyəti, suverenliyin tam təminatı

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, tərəflər üzərlərinə öhdəliklər götürdü. Ermənistan hər zamankı kimi iyrənc xislətini yenə də ortaya qoydu. Böyük Qələbədən sonra regionda yaranan yeni reallıqlara uyğun siyasət yürüdən Prezident İlham Əliyev qalib olmasına baxmayaraq, yenə də humanist siyasətini nümayiş etdirməklə məğlub Ermənistana qurtuluş yolu göstərdi – sülh müqaviləsini imzalamağı təklif etdi.
Lakin bütün zamanlarda vaxtdan istifadə edərək Azərbaycana zərbə vurmaq, şər atmaq kimi əməllərindən çəkinməyən Hayastan yenə də ampluasına sadiq qalaraq eyni ssenarini davam etdirdi. Ölkə liderləri arasında aparılan sülh danışıqlarında Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, əməldə bunu təsdiqləyəcək addım atmadı. Havadarlarına arxalanıb qeyri-qanuni yollarla Qarabağa silah-sursat daşınması prosesini həyata keçirdi. Dəfələrlə hərbi təxribatlar törətdi. Amma hər dəfə layiqli cavabını alaraq geri çəkildi. “Qisas”, “qətiyyətli cavab əməliyyatı” bunu təsdiqləyən reallıqdır.
Ermənistanın sülhdən yayınması Azərbaycanın müəyyən tədbirlərə əl atmasını şərtləndirdi. 2023-cü il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsi yaradıldı və bununla da ərazi bütövlüyümüz təmin edildi. Ermənistan və onun arxasında dayananlar ölkəmizə qarşı müxtəlif fitnələr ortaya atdılar. Amma heç bir təzyiq Azərbaycanı yolundan döndərə bilmədi.
Bəziləri düşünürdü ki, üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu Azərbaycan dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən Fransa, ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Ermənistanın havadarları 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı oldular. Məqsəd Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə kifayətlənməyə məcbur etmək idi.
Heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidentinin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı, sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı.
2023-cü il sentyabrın 20-də cəmi 23 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, Qarabağdakı cinayətkar rejimin özünü buraxması, oktyabrın 15-də isə Xankəndidə, Xocavənd şəhərində, Xocalıda, Ağdərədə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 Noyabr – Zəfər Gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisə kimi yaddaşlara yazıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı. Bununla da cənab İlham Əliyev 200 illik erməni xülyasının üzərindən birdəfəlik xətt çəkdi.

Ali ehtiram, dövlət qayğısı, Böyük qayıdış

Son 3 illik tarixə nəzər yetirsək, görərik ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən tikinti-quruculuq işləri həyata keçirir. Özü də yalnız Azərbaycanın öz iqtisadi qüdrəti hesabına. Yəni heç bir beynəlxalq maliyyə qurumu, heç bir dövlətdən yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda xariqələr yaradılır.
Bu gün həm də Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini və mədəni abidələrimizin bərpası prosesləri də davam etdirilir. Bu prosesdə məxsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzedilməz layihələri – mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasını xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan dini abidələrimiz, məscidlərimiz yenidən həyata qaytarıldı və bu istiqamətdə proseslər indi də davam etdirilir.
Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən çox əhəmiyyətli layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəs tərəfindən dəyərləndirilir. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir.
Xalqımız, dövlətimiz həmçinin bütün dövrlərdə Böyük Zəfərin təminatçıları, torpaqlarımızın azadlığını qanları bahasına təmin edən şəhidlərimizin xatirəsini hər zaman uca tutub ehtiramla yad edir, onların ailələrinə xüsusi qayğı göstərir. Cəmiyyətimizdə şəhidlərin yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir. İstər şəhid ailələri, istərsə də qazilər və veteranlar hərtərəfli dövlət qayğıları ilə əhatə olunublar.
Prezident və Mehriban xanım Əliyevanın çağırışı ilə şəhid ailələri və qazilərimizə layiqli xidmətlərin göstərilməsi prosesi bu gün də davam etdirilir. Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı qəbul olunan sosial paketlərə diqqət etsək görərik ki, dövlət bu kateqoriyadan olan şəxslərə xüsusi qayğını əsirgəmir.
Ümumiyyətlə, dünyada Azərbaycan dövləti qədər şəhidlərinə ali dəyər verən, onların ailələrinə hərtərəfli kömək göstərən ölkə yoxdur. Bu istiqamətdə dövlətimiz bir nümunədir. Qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Qazilərin məişət problemləri də davamlı olaraq öz həllini tapır.
İndiyədək 13 900 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7 500-dən artıq minik avtomobili verilib. Şəhid ailəsinin üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlara verilən sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Aydın görürük ki, dövlətimiz onlara lazım olan hər cür dəstəyi verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları tərəfindən də bu istiqamətdə mühüm işlər həyata keçirilir. AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına ianələr edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə muxtar respublikanın Həmkarlar İttifaqları Şurasına, Qarabağ Dirçəliş Fonduna, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə, “YAŞAT” Fonduna ianə edilib, şəhid və qazi ailələrinə birdəfəlik yardımlar göstərilib.
Hazırda 353 şəhid övladı AHİK-in himayəsindədir, 18 yaşına çatana qədər onlara maddi dəstək göstəriləcək. 2022-ci ildə və 2023-cü ilin ilk 6 ayı ərzində AHİK və üzv təşkilatları tərəfindən 2056 nəfər şəhid ailəsi üzvünə, qaziyə, müharibə veteranına pulsuz yollayış verilib. Bu il noyabrın 6-da AHİK tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə respublikanın rayonlarında yaşayan 4 200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb. Bundan başqa, noyabrın 3-də Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1 250 ailəyə bayram sovqatı verilib. Bununla da AHİK-in 2020-ci ildən indiyə kimi yardım göstərdiyi ailələrin sayı 51 915-ə çatıb.

Azadlığın təntənə günləri, daha möhtəşəm zəfərlərə doğru

Artıq 3 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yenidən quraraq Böyük qayıdış proqramının icrasını reallaşdırır. Minlərlə keçmiş məcburi köçkün soydaşımız öz doğma el-obasına dönüb və proses bu gün də davam etdirilir. Bu gün Zəngilanda, Laçında, Füzulidə, Talışda həyat yenidən qaynayır. Ardıcıl olaraq soydaşlarımızın köç karvanı üzü Qarabağa, Zəngəzura doğru hərəkət edir.
Bu il iyulun 31-də Prezident İlham Əliyev şanlı zəfərin yaratdığı reallıqlar fonunda yeni sərəncam imzalayaraq işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edib – 26 Avqust – Laçın Şəhəri Günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr – Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Bu, Şanlı Zəfərimizin yaratdığı gerçəklikdir. Artıq xalqımız torpaqlarımızın işğal tarixlərinin ağrılı-acılı, nisgilli günlərini deyil, azadlıq tarixlərinin sevincini bir-biri ilə paylaşaraq xoşbəxt bayram günlərini qeyd edir.
Tarixi faktlar, reallıqlar göstərir ki. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazılıb. Əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub.
Hər zaman xalqın maraqlarını təmin edən siyasət yürüdən, onun mərkəzində Azərbaycan vətəndaşı dayanan möhtərəm Prezidentimiz qətiyyətli və uzaqgörən diplomatiyası ilə ölkəmizi daha işıqlı sabaha aparır. Xalqımız da hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca daha möhtəşəm gələcəyə doğru inamla addımlayır.
Fəxarətlə deyə bilərik ki, İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək prinsipləri dayandı. Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 20 il ərzində Azərbaycan xalqı həmişə Ulu Öndərin layiqli varisinə güvənib, ona ən güclü dayaq olub.
Bir sözlə, memarı Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olan möhtəşəm Qələbə başımızın ucalığı, alnımızın açıqlığı, əbədi qürurumuzdur. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna uyğun olaraq Azərbaycanın sözün əsl mənasında tam suverenliyini təmin edən möhtərəm Prezidentimiz xalqına verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirib. Qədirbilən xalqımız isə hər zaman öz Prezidentinə inanıb, güvənib və bütün dövrlərdə dövlət başçısına öz dəstəyini nümayiş etdirib. Şübhəsiz ki, bu cür qarşılıqlı inam şəraitində qətiyyətli Liderimiz hələ uzun illər Azərbaycanı daha yüksək zirvələrə və böyük qələbələrə aparacaq. Azərbaycan tarixinin ən qüdərtli dövründə misilsiz nailiyyətlər qazanacaq.

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri