İstanbul şəhərində Türk dövlətlərinin kənd təsərrüfatı və qida sənayesi işçilərinin həmkarlar ittifaqları arasında “Birlik və sosial dialoq” mövzusunda yığıncaq keçirilib.
Türkiyə Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı – “Tarim-İş”in sədri İlhami Polatın dəvəti, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyevin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə, Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın müvafiq qurumlarının sədrləri və məsul işçiləri iştirak ediblər.
Toleyis Sendikasının sədri Cemail Bakindi və “Tarım- İş”in sədri İlhami Polat qonaqları salamlayaraq bu tədbirin gələcək fəaliyyət üçün səmərəli olacağına əminliklərini ifadə ediblər.
İclasda Türk dövlətlərinin bir arada olmasının vacibliyi qeyd olunub və bu əlaqələrin həmkarlar ittifaqında da həyata keçirilməsi vurğulanıb.
Türkiyə Həmkarlar İttifaqlarının nümayəndələri türkdilli dövlətlərin bir mədəniyyətə sahib olmasından və qonaqları öz ölkəsində qəbul etməkdən qururlu olmasından çıxışlarında bəhs ediblər. Türkiyə Cümhuriyyətinin həmkarlar ittifaqları nümayəndələri çıxışlarında Azərbaycan-Ermənistan münaqişəsində Türkiyənin qardaş ölkə olaraq, Azərbaycanın yanında olmasından və Azərbaycanın parlaq qələbəsini xüsusi olaraq qeyd ediblər. Bu məqəmlar türkdilli ölkələrin arasında möhkəm münasibətlərin qurulmasının, iş birliyinin nə qədər vacib və faydalı olmasının göstəricisidir.
Cari ilin sentyabr ayında Türk dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılmasının davamı kimi, qardaş dövlətlərin bütün həmkarlar ittifaqı sahələrində də əlaqələrin genişlənməsində, işçilərin əmək hüquqlarının qorunmasında bu birliyin rolu xüsusi olaraq təqdirəlayiq qiymətləndirilib. Tədbirdə gələcək iclasın gündəliyi , yeri və keçirilmə vaxtı da müzakirə olunmuşdur. Əmək verərək, çox çalışaraq bu birliyin kağız üstündə qalmamasını və güclənərək gələcəkdə daim irəli getməsi üçün hər bir təşkilat daim çalışacağı barədə söz verib.
Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Federasiyasının vitse prezidenti və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev tədbirdə çıxış edib. O öz çıxışında türkdilli ölkələrin sahə həmkarlar ittifaqları arasında iş birliyinin vacibliyini xüsusi olaraq vurğulamışdır. Bundan əlavə bu cür tədbirlərin davamlı olması üçün əlimizdən gələni edəcəyini qeyd edib.
Tədbirin proqramına əsasən qonaqlar sendikaların iş təcrübəsi ilə yaxından tanış olmuşlar və yekunda “Türk-İş” Konfederasiyasının sədri Ergün Atalayla görüş keçirilib.