Bu gün Zəngilan Şəhəri Günüdür

502

Bu gün – oktyabrın 20-si Zəngilan Şəhəri Günüdür. Üç il bundan öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Zəngilan döyüşü Silahlı Qüvvələrimizin daha bir qəhrəmanlıq nümunəsidir. Zabit və əsgərlərimiz qısa vaxt ərzində, sürətli hücumla Zəngilan əməliyyatını digər əməliyyatlar kimi, zəfərlə sona çatdırdılar. Bu əməliyyatda Sərhəd Qoşunlarımızın göstərdiyi fədakarlıq Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin və birləşmələrinin peşəkar səviyyədə olduğunu bir daha nümayş etdir. Sərhədçilərimizin cəsarəti və əzmkarlığı sayəsində işğal altında qalmış 132 kilometr İranla sərhəd xətti tam olaraq nəzarətimizə keçdi, həmçinin Ermənistanla sərhədə çatmış olduq. Təbii ki, əməliyyatın effektli təşkili, şəhərin azad edilməsi əsgərlərimizə yeni ruh verdi, düşmən üzərində psixoloji üstünlüyümüzü artırdı, növbəti əməliyyatlar üçün stimul oldu. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatlarına və paralel olaraq tikinti-quruculuq işlərinə start verildi. Artıq rayon ərazisinə həyat qayıdıb. 2022-ci ilin iyulundan başlayaraq “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. İnanırıq ki, yenidən qurulan Zəngilan yaxın vaxtlarda ölkəmizin ən inkişaf etmiş rayonlarından biri olacaq.