İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Bəyanatı

482

2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını qətiyyətlə davam etdirərək dərin siyasi təfəkkürü, yüksək idarəçilik keyfiyyətləri ilə Azərbaycanı qüdrətli ölkəyə çevirib. O, Prezident və əsl vətəndaş kimi, üzərinə düşən vəzifələri inamla icra etməklə sonsuz məhəbbətlə sevdiyi xalqının nüfuzunu zirvələrə ucaldıb, gördüyü genişmiqyaslı işlərlə tarixdə dərin iz qoyub. Onun məqsədyönlü və konkret hədəflərə istiqamətlənmiş siyasi fəaliyyəti Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirib, ideoloji dayaqlarını gücləndirib. Parlaq fəaliyyətinin hər bir məqamında dövlətimizin milli mənafeyini, xalqımızın maraq və istəklərini böyük peşəkarlıqla təmin edib. Bu gün dünyanın xəritəsində günü-gündən hərtərəfli inkişaf edən, iqtisadi qüdrəti durmadan artan, baş verən istənilən qlobal böhrana sinə gərən, Ordusu dünyanın ən güclü orduları sırasında yer alan güclü Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, fədakar əməyi, gərigin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi dayanır.

Son 20 ildə Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkə iqtisadiyyatı dönməz inkişaf yolu tutub, Azərbaycan bütün sahələrdə Cənubi Qafqazın Lider dövlətinə çevrilib. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verib.

Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətlənib, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub.

Prezident İlham Əliyevin xidmətləri sayəsində demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Şübhəsiz ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti formalaşdırılıb, etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Azərbaycan 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır.

Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Onun gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə 2012–2013 illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Prezident İlham Əliyevin dövlət siyasətinin ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır.

Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Dünyanın enerji təhlükəsizliyində və Avropanın üzləşdi böhrandan xilas olmasında əhəmiyyətli rol oynayan Azərbaycan həm də etibarlı tərəfdaş statusunu qazanıb.

Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Şərqi Zəngəzurun və Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Cənab İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Şərqi Zəngəzurun və Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər

2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Ermənistan tərəfinin artan hərbi-siyasi təxribatlarına birdəfəlik son qoymaq üçün Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin bərpa olunması ilə nəticələndi. Yenilməz Azərbaycan Ordusunun rəşadəti nəticəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal rejimin fəaliyyətinə son qoyuldu. 2020-ci ilin 8 noyabrında işğala son qoyan, bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam təmin edən cənab İlham Əliyev sentyabrın 19-da suverenliyimizi tam bərpa etmiş oldu.

Bu gün Azərbaycan həmkarlar ittifaqlarının hər bir nümayəndəsi Prezident İlham Əliyevin xalq və dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirir, onun bütün sahələrdə uğurla həyata keçirilən siyasətinə ürəkdən dəstək verir. Əminik ki, Prezident İlham Əliyevin bundan sonra da müdrik idarəçiliyi sayəsində dövlətimiz daha da inkişaf edəcək, müstəqilliyimiz möhkəmlənəcək, xalqımız xoşbəxt və firavan həyatına davam edəcək.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

13.10.2023