BHİK-nın yeni Baş katibi seçilib, AHİK sədri Səttar Möhbalıyev Qurultayda çıxış edib

707

Oktyabrın 12-də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) növbədənkənar onlayn VI Qurultayı keçirilib.

Qurultayda BHİK-nın Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni Baş katibi seçilib.

Tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, BHİK-nın və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbaliyev də qoşulub və çıxış edib.

Bildirib ki, yeni seçimimiz bütün BHİK ailəsinin gələcəyi üçün yeni fürsətlərin və imkanların başlanğıcı olacaq: “Luk Trianqılı BHİK-nın Baş katibi seçilməsi münasibəti ilə təbrik edir, məsuliyyətli işdə uğurlar arzulayıram. Bugün işçilərin ətrafında həmkarlar ittifaqının gücünə hər zamankından daha çox ehtiyacı var. İş dünyasında dayanmadan baş verən ciddi dəyişikliklər və texnoloji inkişaflar istər iş saatlarında, istərsə də iş yerlərində yeni imkanlarla bərabər, yeni problemlərə də səbəb olur. Bu gün  iqtisadiyyatın bəşəriyyətə xidmət etməsini təmin etmək, insanları və planeti məhv olmaq təhlükəsindən xilas etmək üçün Sosial Müqaviləyə əvvəlkindən daha çox ehtiyac yaranıb. Xüsusilə kollektiv müqavilələr və kollektiv əmək mübahisələrinin həlli kontekstində həmkarlar ittifaqlarının üzərinə əvvəlkindən daha çox vəzifə düşür”.

“Bizim ölkə uzun müddət müharibə şəraitində yaşayıb və bunun xalq üçün, dinc əhali və iş yerləri, iqtisadiyyat, sosial vəziyyət üçün necə çıxılmaz vəziyyət, üzücü hal olduğuna yaxşı bilirik. Ümid edirik ki, tez bir zamanda təkcə regionumuzda deyil, dünyanın hər bir yerində sülh bərqərar olacaq və hər kəs bərabər şərtlərdə layiqli iş yerlərində çalışmaq imkanı qazanacaq. Azərbaycan həmkarlar ittifaqları hər zaman beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərir. Bundan sonra da işçilərin hüquqlarının qorunması naminə BHİK ilə birgə tərəfdaşlığımızı davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, – AHİK sədri deyib.

Qeyd edək ki, BHİK-nın yeni Baş katibi Luk Trianql həmkarlar ittifaqında fəaliyyətə 1982-ci ildə Belçika Həmkarlar İttifaqları Konfederasiyasının ACV-CSC gənc işçi təşkilatında başlayıb. 1984-cü ildən 2011-ci ilə qədər ACV-CSC-də bir çox müxtəlif layihələrdə, o cümlədən gənc işçilərə dəstək, təlim mərkəzinin direktoru, Avropa ilə bağlı  və beynəlxalq işlərdə çalışıb. 2011-ci ildə L.Trianql Avropa Tekstil, Geyim və Dəri Sənayesi Həmkarlar İttifaqı Federasiyasının (ETUF-TCL) Baş katibi seçilib. O, 2012-ci ildə “IndustriAll Europe” – Avropa Sənayə Həmkarlar İttifaqları Baş katibinin müavini, 2016-cı və 2021-ci illərdə isə Baş Katibi seçilib. “IndustriAll European” metal, kimya, enerji, mədənçilik, tekstil, geyim, ayaqqabı və əlaqəli sənaye və fəaliyyətlərində fiziki və qeyri-fiziki işçiləri təmsil edən müstəqil və demokratik həmkarlar ittifaqları federasiyasıdır.