AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

441

Təbrikdə deyilir:

“Mənalı və şərəfli ömrünü dövlətimizin inkişafına, xalqımızın parlaq gələcəyinə həsr edən əziz müəllimlərimizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan həyat, məsuliyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayıram.

Dəyərli müəllimlər! Peşəkar fəaliyyətinizlə hər zaman cəmiyyətimizin təhsilə, təhsil işçilərinə inamını artırır, bu peşənin nüfuzunu yüksəldir, müəllim adını, şərəf və ləyaqətini uca tutursunuz. Gənclərimizdə fəal vətəndaş mövqeyinin formalaşmasında, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə olunmasında, milli və bəşəri dəyərləri mənimsəməsində, müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasında Sizin fədakar əməyiniz danılmazdır. Əminliklə deyə bilərik ki, Siz gənclərimizə verdiyiniz yüksək keyfiyyətli təhsillə ictimai etimad və hörmətə hər zaman layiq olmusunuz.

Təhsilin inkişafı, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində zəruri tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.

Əziz müəllimlər, hörmətli təhsil işçiləri, bir daha Sizi bu əlamətdar Gün münasibətilə təbrik edir, sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, mənalı və şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.