Bakıda AHİK tərəfindən “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilib

1458

Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

“Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iştirak ediblər. Həmçinin konfransa Albaniya, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Türkiyə və Gürcüstanın həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də BHİK-in və Pan Avropa Regional Şurasının (PARŞ) məsul şəxsləri qatılıblar.

Qonaqları salamlayan AHİK sədri Səttar Möhbalıyev öncə konfransın əhəmiyyətindən və mövzunun aktuallığından danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən strategiyadan və aparılan ardıcıl islahatlardan söz açıb. Ardınca bildirib ki, insan hüquqlarının müdafiəsi, gender bərabərliyinin əldə edilməsi, xüsusilə qadın və qızların cəmiyyətdə fəallığının artmasına nail olunması AHİK-in qarşısında duran əsas məsələlərdir: “Bu istiqamətdə qurumun həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni və psixoloji aspektlərinin təhlili durur. AHİK-də qəbul olunmuş “Gender bərabərliyi konsepsiyası” əsasında uzunmüddətli fəaliyyət proqramları icra olunur, Gender və Qadın Problemləri üzrə Mərkəz, Gender bilikləri və texnologiyası məktəbi fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən və AHİK-ə üzv olan 27 sahə həmkarları ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin və təcrübələrin təsiri öyrənilir. Bu işlərlə sahə həmkarlar ittifaqlarının strukturlarında təyin olunmuş 10 minə yaxın məsul şəxsi əhatə edən 2463 komissiya məşğul olur”.

Onun sözlərinə görə, AHİK qadın üzvlərinin öz potensiallarının üzə çıxarılmasını prioritet istiqamətlərdən sayır: “Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni 9, 534 faizi gənc qadınlardır və bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə təmsil olunur. Sədr vəzifəsində işləyənlərin isə 32,7 faizi gənc qadınlardır. Ümumilikdə həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınlar 47,8 faiz, bütün səviyyəli rəhbər vəzifələrdə isə 42,5 faiz göstərici ilə təmsil olunurlar”.

Səttar Möhbalıyev təəssüflə vurğulayıb ki, bu qədər qlobal inkişafa baxmayaraq, dünyada qadınlar hələ də müxtəlif formalarda zorakılığa məruz qalır: “Qeyri-rəsmi iqtisadiyyatın əksəriyyətini qadınlar təşkil edir.  Bərabər əməkhaqqı və layiqli iş şəraiti bütün hallarda qadınlara da şamil edilməlidir. İşəgötürənlər qayğı iqtisadiyyatını öz planlarının və büdcələrinin mərkəzinə yerləşdirməlidirlər ki, “ödənişsiz iş” anlayışı aradan qalxsın, sosial müqavilələrdə və kollektiv sazişlərdə qadın işçilər də təmsil olunsun. Biz də sosial tərəfdaşlarımızı qayğı iqtisadiyyatına sərmayə qoymağa və qayğı işinin dəyərinin lazımi səviyyədə tanınmasına çağırırıq. Bu davamlı inkişaf üçün də təməl faktordur”.

AHİK sədri əlavə edib ki, qadınlar həyatın əsas qurucusu və gələcəyidir, onların hüquqları bütövlükdə insan hüquqları deməkdir: “Odur ki, qadınların bərabər hüquq və həmrəylik şəraitində səmərəli fəaliyyət göstərə bilmələri, layiqli işlə təmin olunmaları üçün səlahiyyətlərimiz çərçivəsində səylə çalışmalıyıq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə dövlətmizin qadın siyasətindən, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən, qadınların elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışıb. Bildirib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə layiqincə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

MM-in komitə sədri Hicran Hüseynova ölkəmizdə qadınlarla bağlı məsələlərin həlli üçün qəbul olunan qanunlardan, imzalanan fərman və sərəncamlardan danışıb, müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib.

BHİK-in Bərabərlik departamentinin müdiri xanım Paula Simonetti çıxışında qadın hüquqları ilə bağlı dünyadakı vəziyyət barədə ətraflı məlumat verib, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri səsləndirib, bütün sahələrlə yanaşı, əmək şəraitində də qadınlar üçün bərabər imkanların yaradılmasının vacibliyinə toxunub.

Tədbirdə həmçinin nazir müavini Vüsal Nəsirlinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın, ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalovanın mövzu üzrə çıxışları dinlənilib.

Daha sonra konfransda AHİK-in Gender məsələləri üzrə komissiyasının gördüyü işlər barədə qurumun şöbə müdiri Namiq Hüseynov, Azərbaycanın regionlarında qadın hüquqları ilə bağlı sahə həmkarlar ittifaqlarının fəaliyyəti haqqında Səhiyyə İşçiləri Həmkarlar İttifaqının şöbə müdiri Elnara Muradova məruzə edib.

Tədbirdə həmçinin rəy və təkliflər səslənib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.