Partiya üzvlərinin reyestrinin təsdiqi iqtidarın siyasi dialoqa sadiqliyini göstərir

470

“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin demokratik inkişaf yolu bu gün uğurla davam etdirilir. Ardıcıl olaraq həyata keçirilən demokratik islahatlar mükəmməl siyasi sistemin formalaşmasına, vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, siyasi plüralizmin inkişafına, siyasi partiyaların respublikamızın ictimai-siyasi həyatında daha yaxından iştirakına geniş yol açıb. Məlumdur ki, dövlətimiz tərəfindən azad və demokratik siyasi mühitin bərqərar olması üçün siyasi partiyaların fəaliyyətinə böyük dəstək göstərilir. Qərargahı olmayan partiyalara müvafiq yerlər ayrılıb, qurultaylarının keçirilməsinə hərtərəfli şərait yaradılıb, fəaliyyətlərində legitimlik təmin edilib. Həmçinin onların liderlərinin dövlət siyasəti ilə bağlı fikirləri media qurumlarında dərc edilib. Demokratik yöndə görülən bu işlər uzun illərdir ölkəmizdə bərqərar olan siyasi dialoq mühitinin nümunələrdir. Azərbaycanda milli həmrəyliyin təzahürü olaraq vacib məqamlarla bağlı siyasi partiyaların birgə bəyanatlarını, iqtidar-müxalifət partiyalarının işğaldan azad olunmuş ərazilərə birgə səfərlərini qeyd etmək olar. Təbii ki, sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edən bu addımlar siyasi dialoqun bundan sonra da uğurla davam etdiriləcəyini göstərir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, bir müddət öncə qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun demokratik islahatların davamı, siyasi sistemin təkmilləşdirilməsi və çoxpartiyalılığın inkişafı baxımında böyük önəm kəsb edir: “Yeni qanun imkan verir ki, ölkəmizdə siyasi münasibətlər tamamilə demokratik əsaslara söykənsin, sağlam və ədalətli mühit təmin edilsin. Qanunla tanış olarkən görürük ki, günümüzün reallığını, dövrün tələbini əks etdirən sənəddə milli-mənəvi dəyərlərimiz, inkişaf etmiş dünya ölkələrinin təcrübəsi, beynəlxalq təşkilatların siyasi partiyaların fəaliyyəti ilə bağlı rəy və tövsiyələri nəzərə alınıb. Həm də hər birimiz şahidi olduq ki, qanun hazırlanarkən müxtəlif platformalarda geniş müzakirələr aparıldı, partiyalar, ictimai-siyasi xadimlər, ekspertlər tərəfindən irəli sürülən təkliflər təhlil edilərək sənəddə yer alıb. Əvvəlki qanunda əksini tapan bir sıra tələblər aradan qaldırıldı, bəziləri isə azaldıldı. Bu da partiyaların sərbəst fəaliyyətinə, seçkilərdə daha rahat iştirakın əhəmiyyətli şərait yaradır”.

“Amma təəssüf doğuran məqam odur ki, hər zaman qərəzli mövqe tutan, ölkəmizin inkişafını, aparılan demokratik islahatları görməyən, cəmiyyətdə əsasız təbliğatlar apararaq əldə olunan nailiyyətlərə, qazanılan uğurlara kölgə salan radikal müxalifət partiyaları qanunla bağlı bir sıra ittihamlar səsləndirirdilər. Bu, ondan irəli gəlir ki, həmin partiyalar yeniliklərə hazır deyil, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmirlər. Onlar üzvlərinin reyestri məsələsində daha çox əndişə keçirirdilər. Təbii ki, bu da onların sosial bazasının zəifliyindən irəli gəlir. O qədər fəaliyyətsiz qalıblar ki, hətta ən sadə hüquqi və inzibati prosedur qaydalarını belə icra edə bilmir, günahı isə qanunda axtarırdılar. Fikirlər səsləndirirdilər ki, guya onların qeydiyyatı üçün süni əngəllər yaradılır, iqtidar “birpartiyalı” sistem qurmaqla məşğuldur. Amma üzvlərinin reyestri təsdiq edildikdən sonra bir daha məlum oldu ki, onlar yenə də mənasız danışır, öz potensiallarının zəifliyini ört-basdır etmək üçün üzvlərinə yalanlar söyləyirlər. Normal bir iş görə bilmədikləri üçün yalnız hər məsələdə iqtidarda günah axtarırlar. Məlumdur ki, yeni Qanun partiyalar üçün eyni zamanda demokratik fəaliyyət meyarlarını müəyyən edir. Şübhə yoxdur ki, bu meyarlara cavab verməyən, yalnız məkrli niyyət ortaya qoyan partiyalar yaxın zamanlarda yenə də Qanuna qarşı əsassız çıxışlar edəcəklər”, – Milli Məclisin deputatı deyib.