AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

940

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.

Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.

“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.

AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.

“Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir. Həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini 29 yaşadək gənclər təşkil edir. Biz də gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik”, – Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev əlavə edib ki, ölkəmizin hər bir uğurunun təməlində Heydər Əliyevin siyasi kursu dayanır: “Odur ki, Ulu Öndərin zəngin irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndər siyasətini uğurla gerçəkləşdirir, bu irsi ləyaqətlə yaşadır. Bu işdə gənclərimiz daha fəal olmalıdır. Əminik ki, Heydər Əliyevin irsi bundan sonra da doğma Azərbaycanımızın yeni zirvələr fəth etməsinə parlaq işıq tutacaq”.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Xaçmazda təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından və gənclər siyasətindən söz açıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırdı ki, bu, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafının təminatçısıdır: “Ulu Öndər az müddətdə ölkəmizi hərtərəfli inkişaf məkanına çevirdi. Öncə vətəndaş müharibəsinin qarşısını alaraq, respublikanı parçalanma təhlükəsindən azad etdi. Müdrik idarəçilik keyfiyyətləri sayəsində ictimai-siyasi sabitliyi bərpa edən Ümummilli Lider demokratik vətəndaş cəmiyyətinin əsasını qoydu”.

Elnur Rzayev vurğulayıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər gənclərə diqqət göstərilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov isə çıxışında Ulu Öndərin təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Onun sözlərinə görə, Ümummilli Liderin uğurlu təhsil siyasətinin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın nüfuzlu ali təhsil ocaqlarında 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı: “Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti hər zaman Ulu Öndərin diqqətində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir”.

Daha sonra Vətən müharibəsi qazisi, İqtisad Universitetinin tələbəsi Xəyyam Qədiməliyev və Nigar Hüseynzadə, Dillər Universitetinin tələbəsi Zeynəb Salmanova, Memarlıq və İnşaat Universitetinin tələbəsi Leyla Məmmədli, Bakı Mühəndislik Universitetinin tələbəsi Səbuhi Rüstəmov, Neft və Sənaye Universitetinin tələbəsi Rəşid Əliyev və digərləri çıxış edərək Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.

Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.