Səttar Möhbalıyev: “Ölkə Prezidentinin Şuşaya səfəri mədəniyyət beşiyimizin dirçəlişini daha da sürətləndirəcək”

690

“Şuşa Azərbaycanın milli mədəniyyətinin, Azərbaycan incəsənətinin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu bu işğala son qoymaqla təkcə Şuşanı bizə qaytarmadı. Müzəffər Ordumuz bu tarixi zəfərlə həm də bizim mənəviyyatımızı, milli qürurumuzu özümüzə qaytardı.” Mətbuata verdiyi açıqlamasında bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib. Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir: “Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər davam edir. Bu səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir.
Bildiyimiz kimi, bu gün həmin ərazilərdə intensiv şəkildə bərpa və quruculuq işləri aparılır. Yeni yollar çəkilir, tarixi-mədəni abidələr bərpa olunur, infrastruktrurlar yaradılır. Dövlət başçısının bölgəyə səfərləri də ilk növbədə məhz həmin bu işlərin xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Artıq xəbər verildiyi kimi, martın 15-də ölkə Prezidenti cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfər ediblər. Prezident İlham Əliyev səfər çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Qeyd etmək lazımdır ki, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər növbəti səfərində hansısa mühüm bir layihənin təməlini qoyması artıq bir ənənə halını almışdır. Lakin bu ənənə heç də sadəcə rəmzi xarakter daşımır. Azərbaycan Prezidentinin bu diqqəti aparılan işlərin intensivliyini daha da artırır, işğaldan azad edilmiş torpaqların dirçəlişini sürətləndirir. Təbii ki, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaratdığı imkanlar ümumilikdə Azərbaycanın inkişafına böyük təkan verəcək. Azərbaycan daha güclü, daha qüdrətli dövlətə çevriləcək.”
Həmçinin Səttar Möhbalıyev dövlət başçısının Qarabağa etdiyi müntəzəm səfərlərin siyasi siyasi aspektlərinə də toxunaraq bunları deyib: “Bu gün Ermənistanda hansısa qüvvələrin revanşist əhval-ruhiyəli şüarlarla çıxış etdikləri heç kim üçün sirr deyil. Təbii ki, bu tendensiya erməni xalqına heç bir fayda verə bilməz. Ermənistan dövləti isə qeyri-konstuktiv mövqelərdən çıxış etməklə yalnız öz varlığına təhlükə yarada bilər. Bununla belə Azərbaycan Prezidenti təkcə ölkəmizdə deyi, ümumilkdə regionda sülhün və əmin-amanlığın qorunub saxlanması üçün səylərini əsirgəmir. Məhz elə bu baxımdan da dövlət başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir. Bu səfərlər əslində həm də ciddi xəbərdarlıq xarakteri daşıyır. Bütün dünya bilməlidir ki, artıq Qarabağın və 30 il işğal altında olmuş digər ərazilərin əsil sahibləri geri qayıdıblar. Həmdə bu möhtəşəm qayıdış əbədidir və artıq heç bir qüvvə bu reallığı dəyişməyə cəhd edə bilməz.”
Daha sonra millət vəkili Ölkə Prezidentinin Şuşaya etdiyi növbəti səfərin təkcə bu şəhər üçün deyil, ümumilikdə Azərbaycan mədəniyyəti üçün böyük önəm daşıyan hadisə olduğunu vurğulayaraq bunları dedi: “Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Bu artıq işğaldan sonra dövlət başçısının Şuşaya ikinci səfəridir. Bilirsiniz ki, Azərbaycan Prezidenti yanvar ayının 14-də ailəsilə birlikdə Şuşaya səfər etmişdi. Bir daha qeyd etmək istəyirəm ki, möhtərəm dövlət başçımızın indiyədək işğaldan azad edilmiş dügər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya etdiyi səfərləri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər.
Bu torpaqların əsl sahibləri isə həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görür. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib. Tezliklə bütün dünya Şuşamızın yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.”