“Darıdağ Arsenli Su Müalicəxanası” MMC 2 avqust 2023-cü il tarixdən etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansındadır

811

“Darıdağ Arsenli Su Müalicəxanası” Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşir. “Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir.

Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev müalicəxanadakı vəziyyətlə tanış olub. Uzun müddət baxımsız vəziyyətdə qalan müalicəxanada vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şəraitin yaradılması ilə bağlı müəyyən tapşırıqlar verib.

Qeyd edək ki, “Darıdağ Arsenli Su Müalicəxanası” əvvəl Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tərkibində publik hüquqi şəxs olaraq fəaliyyət göstərirdi.