100 illik yubileyini təntənəli şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi var olması, dünyada tanınması, inkişafı, xalqının xoşbəxt və firavan yaşaması üçün misilsiz xidmətləri vardır. Ümummilli Lider respublikamızın, xalqımızın həyatında dönüş yaradan elə müdrik qərarlar qəbul edib ki, bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində onların müstəsna rolu olub.
Onlardan biri də, düz, 20 il əvvəl, 2003-cü il avqustun 4-də ölkəmizin siyasi həyatında baş verən mühüm proses – Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli məzunu, cənab İlham Əliyevin Baş nazir seçilməsi idi.
Həmin gün dahi şəxsiyyət Heydər Əliyevin bununla bağlı təqdimatı Milli Məclisdə müzakirəyə çıxarıldı və çıxış edən bütün deputatlar İlham Əliyev barəsində çox dəyərli fikirlər söylədilər. Hamının yekdil fikri o oldu ki, Prezident Heydər Əliyev çox müdrik qərar qəbul edərək, cənab İlham Əliyevi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təqdim edib. Parlamentin iclası bir daha onu təsdiq etdi ki, Ulu Öndər çox düzgün addım atıb.
Beləliklə, Milli Məclis Ulu Öndərin təqdimatını dəstəklədi və Azərbaycanın ictimai-siyasi həyatında yeni dövr başladı.
Heydər Əliyevin dövlətçilik məktəbinin layiqli məzununun uğur missiyası
Bu təqdimat ölkə ictimaiyyəti tərəfindən də təqdir edilərək birmənalı dəstəkləndi. Çünki artıq vətəndaşlarımız, eyni zamanda beynəlxalq ictimaiyyət, qlobal siyasi proseslərin iştirakçıları, beynəlxalq təsisatlar cənab İlham Əliyev haqqında, onun şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş məlumata malik idilər.
Cənab İlham Əliyev dərin intellektə malik, dövlətçilik təcrübəsi olan şəxsiyyət, müasir siyasətçi kimi qəbul edilirdi. Onun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var idi. Baş nazir təyin olunana qədər cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirilirdi.
Tarixə qısa ekskurs edib cənab İlham Əliyevin Baş nazir seçilənədək Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rola, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın haqq səsinin dünyada yayılması istiqamətindəki xidmətlərinə nəzər yetirək.
Cənab İlham Əliyev müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib, ölkəyə investisiya axınında mühüm rol oynayıb.
Müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında onun mühüm xidmətləri olub. Cənab İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişdilər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdı.
Cənab İlham Əliyevin yürütdüyü xarici diplomatiya həm də Azərbaycanın haqq səsinin dünyaya daha geniş arealda yayılmasını şərtləndirdi. Onun AŞ PA-dakı fəaliyyəti, təklifləri və hazırladığı sənədlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha beynəlxalq təşkilatlar səviyyəsində tanınması ilə nəticələndi. AŞ PA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərdi. Məhz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olundu, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, münaqişə barədə Qərb dünyasında obyektiv rəy formalaşdı.
Cənab İlham Əliyevin münaqişə ilə bağlı hazırladığı sənədlər qətnamələrə çevrildi. Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələri qəbul edildi. Dünya Azərbaycanın haqq səsini eşitdi.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev həm də görkəmli partiya xadimidir. O, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir.
Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrlərdə də çoxşaxəli fəaliyyət göstərmişdi. Qarşısına qoyduğu missiyanı uğurla gerçəkləşdirən Ulu Öndərin layiqli varisi hər zaman xalqın içərisində olmuş, mövcud sosial problemlərin həllində əvəzsiz xidmətlər göstərmişdir. Həmin dövrdə cənab İlham Əliyevin həm də əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qarabağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.
Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafındakı xidmətləri isə misilsizdir. Bu, bir həqiqətdir ki, məhz cənab İlham Əliyevin komitənin prezidenti kimi fəaliyyətə başlamasından sonra dünyanın elə bir mötəbər idman yarışı olmadı ki, orada Azərbaycan bayrağı ən yüksək zirvəyə qaldırılmasın, dövlət himnimiz səslənməsin.
İdmana və gənclərə göstərilən qayğı çox keçmədi ki, öz bəhrəsini verdi. 2003-cü ildən etibarən atletlərimiz çıxış etdikləri son 5 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atdılar. Bütün Olimpiya oyunlarında Azərbaycan bayrağı yüksəklərdə dalğalandı.
Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi.
Yüksək etimad, bəslənən ümid, doğrulan vədlər
2003-cü il avqustun 4-də Nazirlər Kabinetində Azərbaycanın yeni təyin olunmuş Baş naziri cənab İlham Əliyevin hökumət üzvlərinə təqdim olunması mərasimində Ulu Öndərin layiqli varisi bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkkürünü bildirir və əminliklə vurğulayır ki, gələcək fəaliyyətində bu yüksək etimada layiq olmaq üçün var gücü ilə çalışacaq.
Baş nazir kimi mətbuata ilk açıqlamasında isə cənab İlham Əliyev atılacaq ilk addımlardan söz açır və bir daha vurğuladı ki, Prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcək, iqtisadi uğurların davamlılığı üçün çalışacaq. Məqsəd Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir.
Həqiqətən də, yeni vəzifəsinin icrasına başladıqdan sonra cənab İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalaraq Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirdi. Ümummilli Lider Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmiqyaslı işlər həyata keçirən Ulu Öndər ölkəmizin uğurlu inkişafını təmin etmişdi. Digər dövlətlərin, bəlkə də, 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail olmuşdu. Lakin onun hələ tamamlanmamış çox perspektivli layihələri, görüləsi işləri var idi. Təəssüf ki, dahi şəxsiyyətin səhhətində yaranan problemlər başladığı işləri tamamlamağa imkan vermirdi.
Torpaqlarımızın işğal altında olduğu, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlar prinsipi ilə yanaşdığı bir zamanda, eləcə də həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq deməliyik ki, Ulu Öndərin siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı cənab İlham Əliyevin simasında öz yeni liderini görürdü. Hər kəsdə əminlik yaranmışdı ki, Heydər Əliyevin inkişaf strategiyasını məhz onun siyasi varisi cənab İlham Əliyev həyata keçirə bilər.
2003-cü il oktyabrın 15-də ölkəmizdə Prezident seçkiləri təyin edilmişdi. Səhhətində problem yaranan Ulu Öndər əmin idi ki, onun yolunu yalnız cənab İlham Əliyev əzmlə, yorulmadan davam etdirərək Azərbaycanı dünyaya günəş kimi doğan ölkəyə çevirmək qabiliyyətindədir. Bütün bunları nəzərə alan dahi lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan etdi. Xalqa müraciətində Ulu Öndər onu sevənləri siyasi varisi cənab İlham Əliyevi dəstəkləməyə çağırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
1993-cü ildə təkidli tələbi ilə Ulu Öndəri Azərbaycana çağırıb özünə xilaskar Lider seçən Azərbaycan xalqı təbii ki, Heydər Əliyevə inanırdı, güvənirdi. Ona görə də seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevə böyük dəstək göstərərək ona etimad mandatı verdi. Xalq cənab İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi idi.
Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi.
Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Müzəffər Ali Baş Komandan
Bütün dünya şahiddir ki, Ümummilli Lider Heydər Əliyev məktəbinin məzunu kimi cənab İlham Əliyev məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırdısa, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözünə və vədinə sadiq barışdırıcı lider, ən arzuolunan dövlət başçısı, qlobal miqyaslı layihələrin müəllifi və Müzəffər Ali Baş Komandan kimi tanıtmağa müvəffəq oldu. Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən liderdir.
Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən cənab İlham Əliyev uğurlu diplomatiyası ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi, güclü sosial dövlət yaratdı.
Azərbaycan Prezidentinin müstəqil siyasəti, hücum diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və həmçinin Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına üzv, sonra isə sədrlik etməsi cənab İlham Əliyevin qətiyyətinin təntənəsidir desək, yanılmarıq. Bu gün elə bir güclü beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanla əməkdaşlıq etməsin.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən məharətlə gələrək möhtəşəm qlobal layihələr reallaşdırdı. “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz kəmərləri, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu və “İpək yolu” layihələri Azərbaycanın nüfuzunu artırdı. Açıq dənizə çıxışı olmayan bir ölkənin Qara dənizin altı ilə Avropaya enerji xətti çəkməsi ilə isə dünya İlham Əliyevi həm də qlobal layihələrin müəllifi kimi tanıdı. “Şərq-Qərb”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olmaqla həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. Bu gün Prezident İlham Əliyevin qüdrətli liderliyi ilə Azərbaycan dünyada, xüsusən də Avrasiya məkanında mühüm iqtsadi-siyasi aktor, güc mərkəzi kimi qəbul olunur.
Cənab İlham Əliyev tarixə adını həm də Qüdrətli Sərkərdə kimi də yazdırmağa müvəffəq oldu. İllərlə Ermənistanı sülhə səslədi, barış istədi, amma düşmən xarici havadarlarına arxalanaraq təcavüzkar siyasətini davam etdirdi. Erməni məkri, çirkli oyunları 2020-ci ilə qədər davam etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini cənab İlham Əliyev sərkərdə məharəti ilə hərbi yolla həll etdi. Cəmi 44 günə işğalçı ölkəni qarşısında diz çökdürüb təslimçi sülhə imza atmağa məcbur etdi. İlham Əliyev 30 illik müharibəyə, 2 əsrlik münaqişəyə son qoyaraq xalqının qəlbində əbədi heykəlini ucaltdı. Qarabağı düşmən tapdağından azad edib onu yenidən qurmağa, bərpa etməyə başladı. Düşmənin 30 ildə daşı daş üstə qoymadığı Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm modern layihələr reallaşdırmağa başladı.
“Böyük qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılması ilə cənab İlham Əliyevin vaxtilə söylədiyi “bütün məcburi köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar” vədi gerçəkləşmiş oldu. Azərbaycan Prezidenti bu uğurlu missiyası ilə əsl sərkərdə qətiyyətini də dünyaya nümayiş etdirdi. Dünyada ilk dəfə olaraq “smart müharibə” aparan Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” əməliyyatı hələ də beynəlxalq hərbi məktəblərdə müzakirə mövzusudur.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi.
Noyabrın 8-də, Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən Müzəffər Ali Baş Komandan illər öncə qarşısına qoyduğu missiyanı uğurla gerçəkləşdirdiyi və ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayır.
Bu il avqustun 1-də “Euronews” televiziyasında yayımlanan müsahibəsində də Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Vətən müharibəsində qalib gəlmək şəxsi və siyasi həyatının missiyası idi. Müharibə də uğurla başa çatdı və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. İndi yeni missiya regionda sülhün bərqərar olunmasıdır. Əgər Ermənistan rəhbərliyi sözlə dediyi ifadələri kağız üzərində də təsdiqləmiş olsa, bölgədə sülh, təhlükəsizlik təmin ediləcək.
Prezidentin böyük dəstəkçisi, ən sadiq silahdaşı
Ötən 20 ildə Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı isə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində cənab İlham Əliyevlə birgə addımlayıb.
Cənab İlham Əliyevin yürütdüyü siyasətin ən böyük dəstəkçisi olan Mehriban xanım Azərbaycanın dünyada tanıdılması işində əvəzsiz rol oynayır. İkinci Qarabağ müharibəsinədək erməni lobbisinin və antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı yaratdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasında çox böyük rol oynadı.
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və genişəhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir. Prezident İlham Əliyevin bütün layihələrinin uğurla reallaşmasında böyük dəstəyi olan Mehriban xanım Əliyeva bu gün Müzəffər Ali Baş Komandanla birgə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında əvəzsiz xidmətlər göstərir. Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyeva dövlət başçısı ilə birlikdə üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Elə buna görə də xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi təqdir edilir. Mehriban xanımın Azərbaycan naminə yürütdüyü şərəfli missiya xalqın cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsini təmin edir, dövlətçilik kursumuza çevrilən Əliyevçilik siyasi xəttini daha da möhkəmləndirir. Bu gün əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz Ulu Öndər Heydər Əliyevin dühasının bəhrələridir.
Əminliklə deyə bilərik ki, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev yeni yüksəliş konsepsiyası ilə ölkəmizə möhtəşəm uğurlar qazandıracaq.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
AZƏRBAYCAN qəzeti