AHİK-in qətiyyətli dəstəyi ilə Qazaxıstanın BHİK-ya üzvlüyü bərpa edilib

422

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xarici ölkələrin həmkarlar ittifaqları, həmçinin müvafiq regional və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir, həmrəylik göstərir, tədbirlərində yaxından iştirak edir. Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatının inkişafına verdiyi töhfələr hər zaman yüksək qiymətləndirilib, zəngin təcrübəsi dərindən öyrənilir. Hazırda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həm Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), həm Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, həm də Pan Avropa Regional Şurasının vitse-prezidentidir və hər üç qurumun səmərəli fəaliyyətində mühüm rol oynayır. Eyni zamanda AHİK təmsil olunduğu bütün təşkilatlarda Azərbaycana dost ölkələrlə həmrəy olur, daim onlara öz dəstəyini ifadə edir. Bu yaxınlarda Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) BHİK-ya üzvlüyünün bərpasında AHİK hərtərəfli köməklik göstərib. Bununla əlaqədar olaraq, QHİF sədri Satıbaldı Dauletalin AHİK sədri Səttar Möhbalıyevə təşəkkür məktubu ünvanlayıb və göstərdiyi qardaş dəstəyinə görə, minnətdarlıq edib.

Qeyd edək ki, Qazaxıstanın həmkarlar ittifaqları BHİK və Beynəlxalq Əmək Təşkilatının işçilər üçün sosial ədalət və layiqli əməyin təmin edilməsi prinsiplərinə hər zaman sadiqlik nümayiş etdirir, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini yüksək səviyyədə təşkil edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.