Astara rayonunda erkən və məcburi nikahla bağlı seminar təşkil edilib

487

İyulun 11-də Astara rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının “Erkən və məcburi nikah – sosial həyatın aktual problemi kimi” mövzusunda zona seminarı keçirilib.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) təşkilatçılığı ilə baş tutan tədbirdə AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov və AHİK-in beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva iştirak edib.

Tədbiri giriş sözü ilə açan SİHİ RK-nin Təşkilat şöbəsinin müdiri, AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədr müavini Elnarə Muradova cəmiyyətimizin aktual problemi olan erkən nikah və onun fəsadları haqqında geniş məlumat verib.

Bildirib ki, respublikamızın cənub zonasında bu problem daha geniş yayılıb və bu da gənclərin təhsillərini davam etdirməsinə ciddi mane olur. Onun sözlərinə görə, orta məktəbi bitirən gənclər arasında bu zonadan universitetə qəbul üçün müraciət edənlərin cəmi 10 %-ni qızlar təşkil edir.

Ardınca çıxış edən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu HİK-nın sədri Kəmalə Heydərova erkən nikaha tibbi yanaşmadan söz açıb: “Araşdırmalar göstərir ki, 19 yaşına çatmamış qızların ölümünün ən böyük səbəbi erkən nikahdır. Təəssüf ki, erkən hamiləliklərin 70 %-i abortlarla sonlanır, 15 %-i düşüklərlə nəticələnir və yalnız 15 %-də normal doğuş ola bilər. Erkən hamiləlikdə anadangəlmə fiziki və psixi inkişaf qüsurları riski 11 % daha yüksək olur. Yeniyetmə analardan doğulan uşaqlarda “Oliqofreniya” diaqnozu isə 5 dəfə daha yüksək olur”.

Səbail rayonu SİHİ Şurasının sədri İradə Xankişiyeva isə öz növbəsində erkən nikahla bağlı dünyada və ölkəmizdə olan statistik vəziyyəti iştirakçıların diqqətinə çatdırıb: “Erkən nikaha cəlb olunmanın 37,4 %-i tərəflərin öz istəyi, 25,9 %-i ailə təkidi, 10,7 %-i ailədə maddi durumun pis olması, 7,9 %-i qarşı tərəfin maddi vəziyyətinin daha yaxşı olması, 6,4 %-i qaçırılma halları və 1,6 %-i isə hamilə qalmanın nəticəsi ilə baş tutur”.

Sonra tədbirdə AHİK-in şöbə müdiri Namiq Hüseynov, sektor müdiri Röya Qarayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov çıxış edərək Azərbaycan qanunvericiliyində  erkən və məcburi nikahla bağlı nəzərdə tutulan müddəalardan, qanundankənar nikahlarla mübarizə qaydalarından, beynəlxalq təşkilatların qadın problemləri ilə bağlı gördüyü işlərdən, Beynəlxalq Əmək Təşkilatının 190 nömrəli Konvensiyasından, həmçinin gender siyasətində həmkarlar ittifaqlarının rolundan və AHİK-in bu sahədə atdığı addımlardan danışıblar.

Seminar zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.