Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər yeni dünya nizamı üçün önəmlidir

409

“Ölkəmizdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi və tədbir müzakirə edilən məsələlərin aktuallığı baxımından xeyli əhəmiyyətlidir. Çünki dünya sürətlə dəyişir, gözlənilməz hadisələr baş verir. Belə məqamda sülh və təhlükəsizliyin təhdid altında olması, tolerantlıq məsələləri dünyanı ən çox narahat edən mövzulardandır ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq bunları gündəmə gətirir, həlli yollarının tapılmasına çalışır. Bu gün dünyada hər kəsin etiraf etdiyi kimi, Qoşulmama Hərəkatı Azərbaycanın uğurlu sədrliyi sayəsində son üç ildə böyük inkişaf yolu keçib, fəaliyyəti genişlənib, mühüm qlobal siyasi gücə və söz sahibinə çevrilib. Ötən üç ilə nəzər salsaq, görərik ki, bu təsisat vasitəsilə Azərbaycan gördüyü işlər, irəli sürdüyü təşəbbüslərlə dünyaya ədalət dərsi keçdi, məsələlərə obyektiv yanaşma tərzini ortaya qoydu. Pandemiya dönəmində Azərbaycanın peyvənd millətçiliyinə qarşı qətiyyətlə çıxış etməsi, pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbirlərin təşəbbüskarı olması dediklərimizin bilavasitə təsdiqidir. Həmçinin ölkəmiz bəşəri dəyərlərə söykənərək 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verdi. Təbii ki, bunlar görülən işlərin bir hissəsidir ki, Azərbaycanın Hərəkata sədr olaraq məsuliyyətini və effektli rəhbərliyini göstərir. Və sübut edir ki, Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə, dünyada o qədər də böyük dövlət olmasa da, güclü Liderinin müdrik rəhbərliyi ilə beynəlxalq nailiyyətlərə imza atmağa qadirdir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə dövlətimizin başçısı cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və irəli sürdüyü təşəbbüslər daha çox dünyanın gələcəyinə hesablanıb: “Prezidentimiz hazırda dünyada baş verən neqativ halları, beynəlxalq təşkilatların fəaliyyətsizliyini cəsarətlə dilə gətirdi və həlli yolları ilə bağlı fikirlərini bölüşdü. Xüsusilə BMT-də islahatların aparılmasının zəruriliyini qeyd etdi. Həmçinin neokolonializm meyillərinin artması ilə bağlı narahatlığını ifadə edən cənab İlham Əliyev bu çirkin siyasəti hələ də davam etdirən Fransanı əməllərindən çəkinməyə çağırdı. Tarixdən məlumdur ki, Fransa ən qəddar müstəmləkəçi dövlət olub, Afrikada soyqırımılar həyata keçirib. Onun bu gün də nümayiş etdirdiyi siyasət insan haqlarına, demokratik dəyərlərə tamamilə ziddir. Hətta beynəlxalq hüququn tələblərini pozaraq dövlətlərin daxili işlərinə qarışır, ədavət salır, separatizmi meyillərinə dəstək verir. Çox da uzağa getməyək, elə bizim ərazimizdə yaşayan erməni milli azlığının müdafiəçisi kimi özünü təqdim etməklə əslində qızışdırıcı mövqedən çıxış edir, sülh prosesini əngəlləməyə çalışır. Hazırda Fransa, sözün əsl mənasında, dağılır. İrqi ayrı-seçkiliyə, hakimiyyətin yarıtmaz siyasətinə qarşı xalq etiraz edir. Polis zorakılığı da göz qabağındadır. İndi, görün, bu ölkənin insan hüquqlarından danışmağa haqqı varmı!? Mütləq Fransa hakimiyyəti Qoşulmama Hərəkatı sədrinin iradlarını nəzərə almalı, öz siyasətində dəyişikliklər etməli, insan haqlarına hörmətlə yanaşmalıdır. Həmçinin bu ölkə digər keçmiş müstəmləkəçi dövlətlərdən nümunə götürərək əziyyət verdiyi xalqlardan üzr istəməlidir”.

“Çıxışında Prezident İlham Əliyev islamofobiya və ksenofobiya hallarının artmasına da toxundu və təbii ki, bu mövzu da dünyada son dərəcə aktualdır. Bildiyimiz kimi, aparılan çirkin təbliğat nəticəsində İslam zorakılıq kontekstində şərh edilir, terrora tay tutulur. Sözsüz ki, bu, dünyada sülh və təhlükəsizliyi təhdid altında saxlayan həssas bir məqamdır. Buna görə də belə hallar kəskin şəkildə pislənilməli və ona qarşı ciddi mübarizə aparılmalıdır. Dövlətimizin başçısı həmçinin Ermənistanın uzun illər apardığı işğal siyasətini, onun acı nəticələrini, Azərbaycanın düşmən üzərində parlaq Qələbəsini və yaranmış yeni reallıqları iştirakçıların diqqətinə çatdırmaqla əsl həqiqətin nədən ibarət olduğunu bəyan etdi. Məntiqli arqumentləri ilə bir daha sübut etdi ki, Azərbaycan sülh tərəfdarıdır, münasibətlərin normallaşmasına çalışır. Amma Ermənistanın ziddiyyətli davranışları hələ ki, bu prosesə mane olur”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri sonda əlavə edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına böyük məsuliyyətlə sədrliyi, tədbirlərinə ali səviyyədə ev sahibliyi etməsi, qlobal xarakterli aktual mövzuların gündəmə gətirilməsi və uğurlu nəticələrin əldə olunması ölkəmizin dünyada nüfuzunu və rolunu artırır, beynəlxalq mövqelərini möhkəmləndirir.