Müsabiqə-festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

542

İyunun 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin sektor müdiri Qeyrət Şirəliyev, ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

 

Giriş sözü ilə çıxış edən Mirzə Cəfərzadə iştirakçılara AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb. Bildirib ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş və ənənəvi olaraq hər il təşkil olunan bədii yaradıcılıq festivalı Elm və Təhsil Nazirliyi ilə birgə qərar əsasında ali təhsil müəssisələrinin tələbələri arasında keçirilir. Festivalı keçirməkdə əsas məqsədimiz gənclərimizə milli vətənpərvərlik ruhu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Eyni zamanda tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət tərəfindən qəbul edilməyən mənfi hallara meyilinin qarşısını almağa yönəldilib. M.Cəfərzadə müsabiqə iştirakçılarının adlarını qeyd edərək bildirib ki, maraq böyük olduğundan hər il festivalda iştirak etmək istəyənlərin sayı artmaqdadır. Sonra qaliblər Elm və Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.