Yeni kollektiv müqavilə qəbul edilib

645

“Bakı Metropoliteni” QSC-də əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə qəbul edilib. Bununla əlaqədar kollektiv üzvlərinin iştirakı ilə ümumi yığıncaq keçirilib.

Qeyd edək ki, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, qüvvədə olan kollektiv müqavilənin müddəti başa çatdığı üçün, yenisinin layihəsi hazırlanaraq, kollektivin və rəhbərliyin müzakirəsinə çıxarılıb. Bununla əlaqədar ötən dövr ərzində Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin iclası yeni kollektiv müqavilənin layihəsinin hazırlanması ilə əlaqədar qərar verərək, işçi komissiya yaradaraq, onun tərkibinə nümayəndələrini seçmişdi. Qanunvericiliyə görə, qərar “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova rəsmi məktubla göndərilərək, növbəti 10 gün müddətində işəgötürənin də təyin etdiyi nümayəndələrin iştirakı ilə bərabərsaylı komissiya (işçi qrupu) fəaliyyətə başlamışdı.

Metropoliten çox geniş sahə və profili əhatə etdiyi üçün müqavilənin hazırlanması üzərində gərgin iş aparılaraq, yekun layihə sənədi hazırlanıb. Bu prosesə təcrübəli, səriştəli mütəxəssislər də cəlb olunaraq, qanunların tələbləri, yerli və beynəlxalq təcrübənin ən gözəl nümunələri araşdırılaraq, nəzərə alınıb.

Əmək məcəlləsinin tələblərinə uyğun olaraq layihə MİHİ-nin təşkilatçılığı ilə keçirilən və kollektivin bütün sahələrinin təmsil olunduğu ümumi yığıncağının – konfransın müzakirəsinə çıxarılaraq, səsvermənin qərarı ilə qəbul edilib.

Əmək Məcəlləsinin 30-cu maddəsinin 7-ci hissəsinə uyğun olaraq layihə təsdiq edildikdən sonra imzalanaraq qüvvəyə minir.