Azərbaycan-İsrail əlaqələri hər zaman yüksələn xətlə inkişaf edib

532

“Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dünya dövlətləri ilə münasibətlərini bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurur. Bu prinsiplər üzərində dövlətimizin xarici siyasəti uğurla inkişaf edir, beynəlxalq nüfuzu günü-gündən artır, mövqeləri möhkəmlənir. Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütməklə həm də dünyada sülh və təhlükəsizliyə mühüm töhfələr verir. Bu istiqamətdə Azərbaycanın təcrübəsi unikal nümunə hesab olunur.

Bu gün dünyada Azərbaycanla səmimi münasibətlər quran, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verən dövlətlərdən biri də İsraildir. Əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər hər zaman müsbət istiqamətdə inkişaf edib. İsrail daim Azərbaycanla həmrəy olub, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də Şərqi Zəngəzurun və Qarabağın bərpasında öz dəstəyini əsirgəməyib”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Mən Vətən müharibəsindən sonra qazilərimizin müalicəsində israilli həkimlərin fədakarlığını xüsusi qeyd etmək istərdim. İsraildən gələn həkimlər bütün əməliyyatları və sonrakı müalicələri təmənnasız həyata keçirdilər, 150-dən çox azərbaycanlı qaziyə şəfa verdilər. İqtisadi münasibətlərə gəldikdə bu sahədə də iki ölkə arasında dinamizm müşahidə olunur. Statistikaya əsasən, təkcə bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi yarım milyard dollar keçib, bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,5% artım deməkdir. Həmçinin İsrailin əsas neft tədarükçüsü olan Azərbaycan bu ölkənin neftə olan tələbatının 40%-ni ödəyir. Bu da, təbii ki, yüksək göstəricidir. Aqrar, enerji, turizm və s. sahələrdə də əməkdaşlıq xeyli yüksəkdir”, – AHİK sədri bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanla İsrail arasında təşkil olunan qarşılıqlı səfərlər, ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr, eləcə də ölkəmizin Təl-Əvivdə səfirliyinin açılması münasibətlərimizi yeni müstəviyə daşıyıb, ölkələrimizi biri-birinə daha da yaxınlaşdırıb: “Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirdiyi təkbətək və geniş tərkibdə görüşləri, səhiyyə sahəsində imzalanan sənəd iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsi baxımdan son dərəcə önəmlidir.

Dövlət başçıları mətbuata bəyanatla çıxışları zamanı da bu məsələyə toxundular. Xüsusən ticarət dövriyyəsinin şaxələndirilməsi, enerji sahəsinin genişləndirilməsi, kibertəhlükəsizlik sahəsidə təcrübənin öyrənilməsi əməkdaşlığın gələcək inkişafında aktual olan mövzulardır. Həmçinin dövlətimizin başçısı müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Bildiyimiz kimi, Azərbaycan özü müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bununla yanaşı, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə, o cümlədən İsraillə əməkdaşlıq əlaqələri mövcuddur. Təbii ki, bu, Ordumuzun zəruri silah, sursat və texnika ilə təchizi, müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradır”.

“Prezidentimiz çıxışında ölkəmizdə yaşayan yəhudi icmasının üzvlərinin dövlətimizin inkişafına verdiyi töhfələrdən də bəhs etdi. Uzun illərdir bu xalqın nümayəndələri Azərbaycanda sülh və dostluq şəraitində yaşayırlar, buranı özlərinə vətən bilirlər. Həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində onlar öz qəhrəmanlıqları ilə yadda qaldılar. Həmçinin ölkəmizin hərtərəfli inkişafında yəhudi icması üzvlərinin xidmətlər danılmazdır. Yeri gəlmişkən, Azərbaycan-İsrail münasibətlərinin bu səviyyəyə yüksəlməsində həm ölkəmizdə olan yəhudi icmasının, həm də dost ölkədə yaşayan azərbaycanlıların böyük əməyi olub”, – Səttar Möhbalıyev vurğulayıb.

Milli Məclisin deputatı əlavə edib ki, cənab İsxak Hersoqun Azərbaycana bu səfəri əlaqələrimizin dinamik inkişafını yeni təkan verəcək, iki ölkə arasında dostluq münsibətlərini daha da möhkəmləndirəcək.