“Heydər Əliyev və aqrar islahatlar” mövzusunda tədbir keçirilib

489

Kənd-Qida-İş Həmkarlar İttifaqı Federasiyasında Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev və aqrar islahatlar” mövzusunda tədbir keçirilib.

Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həyata keçirdiyi aqrar islahatlardan bəhs edən videoçarx nümayiş olunub.

Federasiyanın sədr müavini Təhmasib Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqına, dövlətinə həsr etdiyi ömür yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı 90-cı illərdə, yeni dövrə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Məhz onun qətiyyəti, fədakarlığı və yorulmaz səyləri nəticəsində ölkədə dövlət idarəçiliyi mexanizmi qurulub, nizami ordu yaradılıb və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial mədəni və aqrar islahatlar həyata keçirilib.

Ümummilli Liderin ən böyük arzusunun Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu deyən sədr müavini onun bu müqəddəs vəsiyyətini layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin uğurla yerinə yetirdiyini, ərazi bütövlüyümüzün təmin edildiyini, üçrəngli Dövlət Bayrağımızın yenidən Vətən torpaqlarında, Qarabağın tacı olan Şuşada qürurla dalğalandığını diqqətə çatdırıb.

Bildirib ki, bu gün Ulu Öndərin ideyalarını uğurla həyata keçirən dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan siyasi sabitlik, iqtisadi güc, sosial rifah, tarix yazan güclü ordu, nüfuzlu və etibarlı tərəfdaş ölkə statusunda öz qüdrətli dövrünü yaşayır və bu, bir daha Heydər Əliyevin dövlətçilik məfkurəsinin bugünkü və gələcək inkişafımızın birbaşa təminatçısı olduğunu təsdiqləyir. Ümummilli Liderin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən daim nəzarətdədir.

Federasiyanın Aparat rəhbəri – Təşkilat və təlimat şöbəsinin müdiri Rüfət Bürcəliyev çıxışında Heydər Əliyevin Azərbaycan gənclərinə olan diqqət və qayğısından söz açıb.

Tədbirdə Federasiyanın Maliyyə şöbəsinin müdiri İsmayıl Əlləzov, “Sun Food” MMC-nin HİK sədri Rasət Hüseynov, “Meliorasiya ETİ” MMC-nin HİK fəalı Ağamir Müslümov çıxışlar edərək Ulu Öndərin xilaskarlıq missiyasından, həmkarlar ittifaqlarının inkişafında rolundan, müəyyənləşdirdiyi daxili və xarici siyasətdən, əsasını qoyduğu siyasi kursun mahiyyətindən söz açıb, maraqlı fikirlərini bölüşüblər.