AHİK tərəfindən 2022-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb

927

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb. Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.
Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 – 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 – 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.
Onun sözlərinə görə, müasir standartların tələbinə uyğun gəlməyən, tətbiq olunan texnoloji proseslərdə heç bir qayda və təlimatlara cavab verməyən iş yerləri hələ də mövcuddur. Qarşımıza qoyduğumuz hədəflərdən biri də, məhz bu müəssisələrdə normalara uyğun iş yerləri yaratmaqdır.

Digər çıxış edənlər Azərbaycanın iqtisadi göstəricilərindən, bütün sahələrdə qaznılmış nailiyyətlərdən, ölkəmizdə əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində görülən işlərdən, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq qurumların, o cümlədən həmkarlar ittifaqlarının atdığı addımlardan bəhs ediblər.
Sonra müsabiqənin qalibi olmuş 23 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.
Məlumat üçün əlavə edək ki, 2022-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmiş 2150-dən artıq müəssisə, təşkilat, sex və sahədən yalnız 48 ən yaxşı müəssisənin sənədi daxil olub. Həmin 48 qurunun yüksək göstəriciləri müəyyənləşdirilərək İcraiyyə Komitəsinin müzakirəsinə verilib və onlar yekdilliklə qalib elan ediliblər.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən hər il keçirilir. Müsabiqənin məqsədi işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə cavabdeh olan şəxslərin məsuliyyətinin artırılması, həmçinin işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha diqqətlə yanaşmasına nail olmaqdır. Ötən dövr ərzində müsabiqəyə 22 000-dən çox müəssisə və təşkilat qatılıb, onlardan 530-u qalib elan olunaraq fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.