Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkülü Heydər Əliyevin adı bağlıdır

676

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və “Sahibkarlar Günü” ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda Konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edib. O, Sahibkarlıq Günü münasibətilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına və ölkəmizin sahibkarlarına təbriklərini çatdırıb, onların ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması bilavasitə Heydər Əliyevin adı bağlıdır: “Onun 1993-cü ildə təsdiq etdiyi “Azərbaycanda sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına böyük təkan verdi. Qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafında xüsusi rol oynamış, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritetinə çevirmişdir. Heydər Əliyevin rəhbərliyi altında sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturu yaradılmış, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi və zəruri texniki yardım göstərilmişdir”.

Onun sözlərinə görə, sahibkarların vergi yükünün azaldılması, o cümlədən mənfəət və əlavə dəyər vergisinin dərəcələrinin aşağı salınması, fəaliyyətlərinin şəffaflığının artırılması istiqamətində görülən tədbirlər özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında özünəməxsus rol oynadı.

O qeyd edib ki, Heydər Əliyev tərəfindən 1999-cu ildə imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərman sahibkarlıq subyektlərində əsassız, bir-birini təkrarlayan lüzumsuz yoxlamaların aradan qaldırılmasında, sahibkarların öz vaxtından daha faydalı istifadə etməsində, qanuni mənafelərinin qorunmasında, inzibatçılığın səmərəsinin gücləndirilməsində mühüm rol oynamışdır: “Mən həmçinin 1997-2000-ci illəri əhatə edən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı”nı xüsusi qeyd etmək istərdim. Bu proqram sahibkarlığın davamlı inkişafına, ölkə iqtisadiyyatında onun rolunun güclənməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına əlverişli şərait yaratdı”.

Səttar Möhbalıyev vurğulayıb ki, Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və istiqamətləndirilmiş bütün hədəflərinə onun müzəffər davamçısı Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, dərin islahatlar nəticəsində müvəffəqiyyətlə çatıb, bu gün ölkəmiz inkişafının yüksək mərhələsini yaşayır və bu, hər bir vətəndaşımızı qürurlandırır: “Hazırda Azərbaycan investisiya qoyuluşları üçün münbit, siyasi, iqtisadi və sosial təhlükəsizlik baxımından sabit ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzidir. Ölkəmizin irimiqyaslı enerji, nəqliyyat və infrastuktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolu ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil aktor statusunu təsbit edib. Bütün bu uğurların qazanılmasında, ölkə iqtisadiyyatının sürətli inkişafında sahibkarların da xidmətləri danılmazdır”.

Tədbirdə digər çıxışlar da dinlənilib.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb.

Konfrans çərçivəsində “Gülüstan” sarayının foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil olunub.