Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır

628

“2018-ci il aprelin 11-də cənab İlham Əliyev Azərbaycan xalqının etimadını qazanaraq növbəti müddətə ölkə Prezidenti seçildi. Müdrik xalqımız bu dəfə də tərəddüd etmədən dövlətinin idarəçiliyini cənab İlham Əliyevə etibar etməklə onu alternativsiz lider kimi qəbul etdiyini bir daha göstərdi. Bununla Azərbaycan xalqı ötən illərdə görülən işləri yüksək qiymətləndirməklə inkişafın, tərəqqinin, təhlükəsizliyin, xoşbəxt gələcəyin yanında olduğunu bəyan etmiş oldu”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Qeyd edim ki, 2003-2018-ci illər Azərbaycan tarixində möhtəşəm iqtisadi inkişaf dövrü kimi qalıb. Statistikaya nəzər salsaq, görərik ki, həmin vaxt ümumi daxili məhsul 3,2, büdcə gəlirləri 13,5, strateji valyuta ehtiyatları 26.6, xarici ticarət dövriyyəsi 4,6, əhalinin nominal gəlirləri 8.6, minimum əməkhaqqı 12.9 dəfə artıb. Bu, təbii ki, qısa müddətdə qazanılmış uğurlardır ki, ölkəmizin iqtisadi qüdrətini əks etdirir. Həmin müddətdə məşğulluğun təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 1 958 400 yeni iş yeri açıldı, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endi. Görülən işlərin nəticəsi olaraq əhalinin sosial vəziyyəti daha da yaxşılaşdı”, – Milli Məclisin deputatı bildirib.

“Dövlətimizin başçısı cənab İlham Əliyev bütün sahələrdə ölkəmizin dinamik inkişafına imza atıb. Onun gərgin zəhmətinin, əzmkar fəaliyyətinin bilavasitə nəticəsidir ki, xalqımızın rifahı durmadan artır, ölkəmizdə əmin-amanlıq, sabitlik tam bərqərar olub, vətəndaşlarımızın xoşbəxt və firavan həyatı təmin edilib. Əminliklə deyə bilərik ki, xalqımızın hər bir nümayəndəsi qüdrətli Azərbaycanla fəxr edir və qürur duyur. Belə ki, bu gün Azərbaycan cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri, peşəkarlığı, dərin siyasi təcrübəsi sayəsində regionun lider dövləti hesab olunur. Bu coğrafiyada Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilməz, istənilən məsələdə mütləq ölkəmizin rəyi nəzərə alınır”, – AHİK sədri vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dünya siyasətini dərindən bilməsi, regional və qlobala prosesləri təhlil etmək, proqnozlaşdırmaq bacarığı beynəlxalq tribunlarda onun çıxışılarına, irəli sürdüyü təşəbbüslərə diqqəti artırır: “Cənab İlham Əliyev mövzusundan asılı olmayaraq istənilən regionla və beynəlxalq tədbirlərə dəvət edilir, aparılan müzakirələrin əsas iştirakçılarından hesab olunur, rəy və təklifləri ən ali səviyyədə nəzərə alınır, həmçinin fikirləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Çox da uzağa getməyək, pandemiya dövründə Azərbaycanın və onun liderinin Qoşulmama Hərəkatının sədri kimi fədakar fəaliyyəti hələ uzun illər dünyada müzakirə olunacaq mövzulardandır. Həmin vaxt bütün dünya bir daha Azərbaycanın ədalətli mövqeyinin, humanist addımlarının şahidi oldu”.

“Cənab İlham Əliyev xalqına verdiyi vədləri, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirən nadir tarixi şəxsiyyətlərdəndir. O, Prezident seçildiyi ilk gündən xalqı üçün çalışdı, bütün məsələlərdə onun maraqlarından çıxış etdi, hər bir vətəndaşın xoşbəxtliyi üçün mühüm işlər gördü. Dövlətimizin başçısının uğurlu fəaliyyətinin zirvəsi isə Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsidir. Cənab İlham Əliyev bu missiyası ilə tarixin gedişini dəyişdi, işğal altında olan ərazilərimizlə bağlı çirkin planları alt-üst etdi, Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Hazırda Şərqi Zəngəzurda və Qarabağda Prezidentimizin bilavasitə rəhbərliyi ilə abadlıq quruculuq işləri aparılır, hətta “Böyük qayıdış” proqramına start verilib. İnanırıq ki, yaxın gələcəkdə bütün sakinlər öz ata-baba yurduna dönəcək və xoşbəxt həyatına davam edəcək”, – Səttar Möhbalıyev qeyd edib.