AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib

1722

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.

Öncə AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik oxunub.

Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürdü: “Bu elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaranmış oldu”.

“Bu gün AHİK öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Sazişin bağlanması sosial tərəfdaşlığın müsbət nümunəsidir. Həmin sənədin əsasında sahə həmkarlar ittifaqı Respublika Komitələri tarif sazişi, ilk həmkarlar ittifaqı təşkilatları isə kollektiv müqavilələr imzalayırlar. Hazırda 11476 kollektiv müqavilə, 122 tarif sazişi fəaliyyət göstərməkdədir. AHİK yarandığı gündən işçilərin sosial təminatlarına dair qanun və proqramların, normativ hüquqi sənədlərin işlənib hazırlanmasında fəal iştirak edir. İndiyədək qanunverici və icra orqanlarının hazırladığı 544-dən çox qanun layihəsinə öz təkliflərimizi vermişik. Onların əksəriyyəti nəzərə alınıb”, – AHİK sədri deyib.

Onun sözlərinə görə, AHİK-in yarandığı ilk illərdən indiyə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, 100 minə yaxın işçinin pozulmuş hüquqları bərpa olunub: “2023-cü il yanvarın 1-dək həmkarlar ittifaqlarına 162078 ərizə və şikayət daxil olmub. Onların 97%-i müsbət həllini tapıb. Əmək hüquqlarının müdafiəsi ilə bağlı 1698 müraciət almışıq. AHİK və üzv təşkilatlarına işə bərpa ilə əlaqədar olunan 225 müraciətdən 135-i müsbət həll edilib. Məhkəmələrdə əmək mübahisəsinə aid 11 iddia qaldırılıb ki, onların da əksəriyyəti təmin olunub”.

“Bu gün AHİK dünya ölkələrinin 70-dən çox həmkarlar ittifaqları mərkəzi ilə əməkdaşlıq edir. Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq həmkarlar ittifaqı hərəkatında oynadığı rol nəzərə alınaraq AHİK-in rəhbəri son üç seçkidə BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti seçilib. Bu yaxınlarda AHİK-in nümayəndəsi Pan Avropa Regional Şurası Qadınlar komitəsinin prezidenti seçilib”, – S.Möhbalıyev bildirib.

Sonra AHİK-in 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik, Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Glovaskas, Pan Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri İrakliy Petriaşvili çıxışlarında AHİK-in fəaliyyətindən, dünya həmkarlar ittifaqlarının həyatında fəal rolundan, təcrübəsinin zənginliyindən və əhəmiyyətindən bəhs ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və digər çıxış edənlər AHİK-in ölkəmizin həyatında əvəzsiz xidmətlərindən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət və qayğısından, əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən söz açıblar.