Azərbaycan həmkarlar ittifaqları sağlam iş şəraiti və təhlükəsiz əmək uğrunda fəaliyyətini uğurla davam etdirir

835

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) təsis olunduğu ilk vaxtlardan sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsində önəmli rol oynayıb.

Qanunverici və normativ aktların beynəlxalq normalara uyğunlaşdırılması üçün Əmək və Vergi məcəllələrində bir sıra dəyişiklik və düzəlişlərin edilməsinə nail olunub. İşçilərin əmək və istirahət rejimində, əməyin mühafizəsi xidmətinin təşkili üçün işçilərin say reqlamentində, isti və soyuq hava şəraitində işdə fasilələr verilməsi məsələləri barədə Əmək Məcəlləsinə müəyyən düzəlişlər edilib. AHİK tərəfindən təklif olunan “Texniki təhlükəsizlik”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” qanun layihələri qəbul edilib. “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı” qəbul olunub. AHİK və onun üzv təşkilatları üçün işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında sosial dialoq ən əsas forma sayılır. AHİK dövlətlə və işəgötürənlərlə dialoq yaradılmasına nail oldu, sosial-əmək münasibətlərinin yeni sisteminə, sivil sosial tərəfdaşlıq işinə öz töhfəsini verdi.

Əməkdaşlığın əsasını Baş Kollektiv Saziş təşkil edir. Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın qəbul edilməsi, “Əməyin mühafizəsi haqqında” qanun layihəsinin hazırlanması və işlənməsi nəzərdə tutulub. Beynəlxalq Əmək Təşkilatının “Əməyin mühafizəsi və gigiyenası haqqında” 155 nömrəli, “Kənd təsərrüfatında əməyin mühafizəsi və gigiyenası haqqında” 184 nömrəli və “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsinin əsasları haqqında” 187 nömrəli konvensiyalarının ratifikasiya imkanlarının araşdırılması və ratifikasiya edilməsi kimi məsələlər Sazişə daxil edilib. AHİK-in Məclislərində və İcraiyyə Komitəsinin iclaslarında əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələləri müntəzəm müzakirəyə çıxarılıb. AHİK-in xidmətinə daxil olan 27 sahə həmkarlar ittifaqı respublika komitələri, federasiyaları və həmkarlar ittifaqı birlikləri üçün əməyin mühafizəsinə aid kitablar, metodik vəsaitlər, braşürlər və plakatlar hazırlanıb.

Konfederasiya əməyin müdafizəsi funksiyalarını daha dolğun həyata keçirmək məqsədi ilə sosial tərəfdaşlarla birlikdə BƏT konvensiyalarının ölkədə ratifikasiya edilməsi istiqamətində fəal iş aparır. Azərbaycan həmkarlar ittifaqlarının maraq dairəsinə aid olan BƏT-in 155 saylı “Əməyin mühafizəsi və gigiyenası haqqında” Konvensiyası AHİK tərəfindən ratifikasiya olunmaq üçün hazırlanıb, tərcümə edilib və Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirəyə çıxarılıb. Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə AHİK İcraiyyə Komitəsinin tədbirlər planının yerinə yetirilməsinə ictimai nəzarət artırılıb.

Sahə həmkarlar ittifaqları, ilk həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlər arasında bağlanan taarif sazişlərdə və kollektiv müqavilələrdə ilk növbədə Çernobıl iştirakçılarına və onların ailə üzvlərinə sanatoriya-kurort yollayışları təqdim etmək barədə bəndlər nəzərdə tutulub. Həmkarlar ittifaqının tabeliyində olan sağlamlıq ocaqlarında müxtəlif xəstəliklərdən əziyyət çəkən Çernobıl iştirakçıları ildə 1 dəfə sanator-kurort müalicəsindən keçir, ailə üzvləri ilə birlikdə həmkarlar ittifaqlarının istirahət evlərində sağlamlıqlarını bərpa edirlər. Keçən 30 il ərzində həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 1990-cı ildən etibarən müxtəlif mövzulara həsr olunan müsabiqələr, aksiyalar keçirir. 2009-cu ildən başlayaraq hər il Ümumdünya Əməyin Mühafizəsi Günü (28 aprel) çərçivəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında Respublika baxış müsabiqəsi keçirilir.

AHİK-və üzv təşkilatları gələcəkdə də sağlam iş şəraiti və təhlükəsiz əmək uğrunda fəaliyyətini uğurla və daha əzmlə davam etdirəcək.

Əli MƏDƏTOV,

AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdir əvəzi