Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir

976

“Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Davamlı olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilir. Bu istiqamətdə müntəzəm xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Statistikaya nəzər salsaq, görərik ki, 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 2003-cü ilə nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə yüksəlib. Bu, onu göstəricisidir ki, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il yanavarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam həyata keçirilən sosial islahatların davamıdır: “Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 faiz artırılaraq 345 manata yüksəlib. Həmçinin sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

AHİK sədri əlavə edib ki, son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb: “Ümumilikdə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını göstərir”.