Liderlik qüdrəti

633

Heydər Əliyev!..
Dünyanın ən böyük azərbaycanlısı!..
Heç təsadüfi deyil ki, bu iki ad hər zaman qoşa çəkilir, Azərbaycan Heydər Əliyevlə, Heydər Əliyev də Azərbaycanla birlikdə anılır…
Deyirlər, xoşbəxt o xalqlardır ki, çətin, ağır günlərində tale onlara xilaskar göndərir. Demək, Azərbaycan xalqı da Tanrının böyük lütfü ilə üzləşib ki, ən dar məqamlarında, ən ağır sınaqlarla üz-üzə olduğu anlarda ona qurtuluş üçün bu ulu şəxsiyyəti – Heydər Əliyevi xilaskar kimi yetirib.
Vətəninə, millətinə, dövlətinə ən ali hisslərlə bağlı olan, ömrünü bu xalqın, ölkənin inkişafı, rifahı, tərəqqisi yolunda şam kimi əridən Heydər Əliyev bütün azərbaycanlıların Ulu Öndəri, Ümummilli Lideri sayılır.
Azərbaycan elə bir həssas coğrafiyada yerləşir ki, tarixboyu, eləcə də müasiri olduğumuz hazırkı dövrlərə qədər dövlətçiliyimizə qarşı təhdidlər olub və bundan sonra da olacağı danılmaz həqiqətdir. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci və 1993-2003-cü illəri əhatə edən hər iki zaman dilimində dövlətçiliyimizin təməllərini elə möhkəmlətmiş, elə mükəmməl formalaşdırmışdır ki, bu, uzun onilliklər, hətta yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək, xarici təhdidlərdən etibarlı şəkildə qoruyacaq.
Ümummilli Lider Heydər Əliyevin xalqı, ölkəsi qarşısında misilsiz tarixi xidmətləri bu gün Şuşadan bütün dünyaya nur saçan parlaq zəfərin işığında daha aydın görünür.

Azərbaycanın inkişafında tarixi missiya 

Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzedilməz xidmətləri hələ ötən əsrin ikinci yarısından, konkret olaraq 1969-cu il iyulun 14-dən Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişi ilə uğurlu başlanğıcını götürüb.
Sovet rejiminin sərt qanunlarının işlədiyi həmin illərdə məhz Heydər Əliyevin heç bir təhlükəyə boyun əyməyən milli təəssübkeşliyi, çəkinməzliyi sayəsində Azərbaycan özünün milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına başladı. Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi respublikamızda demək olar ki, bütün sahələrdə böyük inkişafa yol açdı, iqtisadi, elmi, ədəbi-mədəni inkişafda sözün əsl mənasında sıçrayış oldu. Heydər Əliyevin tükənməz səyləri nəticəsində Azərbaycanda müstəqil düşüncəyə yol açıldı və bu, illərdir sovet boyunduruğu altında inləyən xalqımızın istiqlala gedən yolunda atılan əvəzsiz addım oldu.
Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə odövrkü bütün statistik sənədlərdə də əks olunduğu kimi, faktiki olaraq ölkəmiz iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdə idi. Azərbaycan zəngin təbii sərvətlərə malik və istehsal potensialı yüksək olan ölkə olmasına baxmayaraq, milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən çox-çox geridə qalırdı. Eyni zamanda respublikada iqtisadi-siyasi böhran hökm sürürdü və getdikcə daha da dərinləşirdi.
Bunu sonradan zaman da, məkan da bir daha təsdiq etdi ki, Ulu Öndər Heydər Əliyevin o vaxt Azərbaycanda hakimiyyətə gəlməsi həm xalqımızın milli ideyalarının bərpası, həm də ölkəmizin hərtərəfli inkişafında müstəsna və tarixi rol oynadı.
O zaman böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı mühüm tarixi missiyalarından biri isə respublikada ilk növbədə milli-mənəvi ruhun yüksəldilməsi istiqamətində gördüyü işlər oldu. Ulu Öndərin azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə yönəlik addımları xalqın müstəqillik arzularını yenidən alovlandırdı, bu zəmin üzərində inkişaf edən hürriyyət amalları sonradan müstəqilliyimizə aparan milli dalğaya, hərəkata çevrildi.
Bir məqamı da xüsusi vurğulayaq ki, Ulu Öndər hələ birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu illərdən etibarən Qarabağda, Şuşada milli ruhun yüksəlməsinə olduqca böyük diqqət yetirir, daim erməni milliyyətçiləri ilə mübarizə aparırdı. Eyni zamanda Ümummilli Lider Azərbaycanın tarixi bölgəsi Qarabağın, Şuşanın hərtərəfli inkişafına dair böyük işlər gerçəkləşdirirdi. Hələ 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qədim şəhərimiz Şuşanın inkişaf etdirilməsinə dair xüsusi qərarlar qəbul edilmişdi.
Ulu Öndərin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və ana dilinin inkişafında da güclü inkişaf baş verdi, milli-mənəvi dəyərlərə qayıdış  sürətləndi. Qatı sovet ideologiyasının mütləq hakim olduğu həmin dövrdə Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin itib-batmaması üçün mühüm işlər gördü, məqsədyönlü siyasəti sayəsində Azərbaycanda milli oyanışın əsaslarını qoydu.

Müstəqilliyin itirilməsi təhlükəsindən qurtuluşa uzanan yol

Bu da danılmaz reallıqdır ki, Azərbaycana rəhbərlik etdiyi dövrdə çox qısa zaman içərisində respublikanı hərtərəfli inkişaf mərkəzinə çevirən Ulu Öndərin bu nailiyyətləri,  başda ermənilər olmaqla, Azərbaycanın tərəqqisini, o cümlədən Heydər Əliyevin uğurlarını gözü götürməyən şəxslərin diqqətindən yayınmamışdı və yayına da bilməzdi. Buna görə də anti-Azərbaycan qüvvələr həmin vaxt Heydər Əliyevə qarşı bir cəbhədə birləşərək hər fürsətdə Ulu Öndərin fəaliyyətinə mane olmağa çalışırdılar.
Haqsızlıqlarla heç zaman barışmayan, zülmə boyun əyməyən dahi şəxsiyyət Heydər Əliyev buna görə də 1987-ci il oktyabr plenumunda Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa vermişdi.
Bu da etiraf edilməlidir ki, birinci dəfə hakimiyyətdə olduğu illər ərzində Heydər Əliyevin şəxsi səyləri sayəsində Azərbaycanda əldə edilmiş hərtərəfli inkişaf, Ulu Öndərin iqtidarda olmadığı müddətdə – 1987-1993-cü illər ərzində sürətlə tənəzzülə uğradı, qazanılan nailiyyətlər itirildi. Naşı, antimilli mərkəzlərin oyuncağına çevrilmiş rəhbərlərin məkrli fəaliyyətləri nəticəsində Azərbaycan uçuruma sürükləndi.
Sözügedən 6 il, “Heydər Əliyevsizlik illəri” Azərbaycanın ölüm-qalım sınağında çapaladığı illər oldu. 1988-ci ildən daha da ağırlaşan vəziyyət tezliklə Qarabağ müharibəsinə çevrildi, sonradan isə respublikamız faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, ölkə vətəndaş müharibəsi, siyasi böhran, sosial səfalət içərisində çalxalanmağa başladı. Hakimiyyət hərisliyi gözlərini bürümüş antimilli qüvvələrin vətənə xəyanət etmələri sayəsində torpaqlarımız ard-arda işğal edildi və bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşdü. Onsuz da uçurumun kənarında olan Azərbaycanın çıxılmaz vəziyyəti daha da ağırlaşdı.
Azərbaycanın belə ağır və mürəkkəb dövründə xalqımız öz xilas, qurtuluş yolunu yalnız vətənin taleyini hər şeydən üstün bilən Heydər Əliyevdə gördü. Azərbaycan xalqı əmin idi ki, ölkəni düşdüyü bu acınacaqlı durumdan yalnız bu dahi şəxsiyyət qurtara bilər. Buna görə də təkidlə özünün Ümummilli Lideri, Ulu Öndəri saydığı Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və həm də şərəfli missiyanı öz üzərinə götürdü.
O zaman ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdaraq ölkənin taleyüklü məsələlərini həll etmək üçün üzərinə böyük siyasi missiya götürməsi sözün əsl mənasında həm xalqı yolunda fədakarlıq, həm də böyük şəxsiyyətin tükənməz iradəsinin, əzminin gücünü göstərirdi.
Heydər Əliyevin taleyin hökmü və zamanın çağırışı ilə Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına açılan uğurlu bir yol, Milli Qurtuluş Günümüz oldu. 1993-cü ilin 15 iyununda bütün dünya “xalq-Heydər” birliyinin gücünü gördü, bu sarsılmaz gücün xalqın üzləşdiyi bütün təlatümlərə, faciələrə qalib gəldiyinin şahidi oldu.
Əgər bu gün biz müstəqil, demokratik, hüquqi dövlətdə yaşayırıqsa, bütün bu ali məqamlara bizi Ulu Öndər Heydər Əliyev ucaldıb.

Siyasət nəhəngi

Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər çox qısa zaman ərzində ölkəni hərtərəfli inkişaf məkanına çevirdi. İlk növbədə ölkədə vətəndaş müharibəsinin qarşısını alaraq, faktiki olaraq respublikanı parçalanma təhlükəsindən xilas etdi. Mükəmməl idarəçilik qabiliyyəti sayəsində ictimai-siyasi sabitliyi bərpa edən Ulu Öndər əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu.
Fenomen şəxsiyyətin Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşması oldu. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində Ümummilli Liderin əvəzsiz rolu oldu. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi. Ulu Öndər dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində, dövlət başçısı kimi fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi.
Milli həmrəyliyimizin banisi Heydər Əliyev  “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyərək, xalqımızın xoşbəxt gələcəyinin məhz azərbaycançılıq ideologiyası ilə bağlı olduğunu hər zaman qürurla bəyan edirdi. Ulu Öndər bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində millətimizin həmrəyliyinə nail olaraq Yer üzündəki bütün azərbaycanlıları vahid ideya ətrafında birləşdirdi.
Qarabağ probleminin həlli isə Ulu Öndər Heydər Əliyevin gündəliyində duran bir nömrəli məsələ idi. Bu istiqamətdə dahi şəxsiyyətin ən böyük tarixi və həyati əhəmiyyətli nailiyyəti Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəslə bağlı razılığın əldə edilməsi oldu. Eyni zamanda Ulu Öndər bütün beynəlxalq tribunalarda Qarabağ məsələsini qaldırdı və onun siyasi gündəmdən silinməsinə imkan vermədi.
Ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması da Ümummilli Liderin prioriteti idi. Heç təsadüfi deyildi ki, 1994-cü ildə bağlanan nəhəng “Əsrin müqaviləsi”ndən gələn ilk gəlirləri də bu vətəndaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəltmişdi, ölkəmizdə çadır şəhərciklərinin ləğvinə başlanılmışdı. Ulu Öndər Heydər Əliyev bütün əlamətdar günlərdə, tədbirlərdə qaçqın və məcburi köçkün ailələri ilə görüşür, hər dəfəsində də əminliklə bəyan edirdi ki, onlar tezliklə öz yurdlarına qayıdacaqlar. Heydər Əliyevin Ali Baş Komandanlığında gerçəkləşdirilən uğurlu Horadiz əməliyyatı sayəsində isə Böyük qayıdışın təməli atılmışdı.
Ümumiyyətlə, müstəqil dövlətimizə rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider respublikamızda bütün sferalarda böyük inkişafı, ictimai-siyasi sabitliyi, güclü iqtisadiyyatı, qüdrətli ordu quruculuğunu təmin edən mühüm siyasət yürütdü. Ən əsası, Azərbaycanı regionda lider mövqeyə yüksəldərək, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirdi. Şəxsi nüfuzu və siyasi qabiliyyəti sayəsində Azərbaycanı bütün dünyada tanıtdı.
Ulu Öndər Heydər Əliyevin siyasət nəhəngi olduğunu, onun Azərbaycan üçün gördüyü müstəsna işləri müasiri olduğu dünya liderləri, siyasətçilər, elm, ictimaiyyət xadimləri  də dilə gətirir, etiraf edirdilər.
Təkcə ABŞ-nin sabiq prezidenti Corc Buşun Heydər Əliyev haqqında dediyi bir fikri sitat gətirək: “Dünyada tanınmış, görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Bəli, bütün bunlar Heydər Əliyev dühasının yaratdığı Azərbaycan həqiqətləridir!

Heydər Əliyev amallarının zirvəsi

“Mən ona özüm qədər inanıram” deyərək, Azərbaycanı öz layiqli siyasi varisinə etibar edən Ulu Öndər cənab İlham Əliyevin timsalında ölkəmizi Heydər Əliyev ideyalarının, amallarının zirvəsinə ucaldan, tarixindəki ən qüdrətli məqama yetirən şəxsiyyətə həvalə etdi.
Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan dünyada etibarlı tərəfdaşa, söz sahibinə çevrildi. Son 19 ildə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Bu illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Eləcə də ordu quruculuğunda mühüm nailiyyətlər qazanılıb. Bu gün Azərbaycan Ordusu döyüş qabiliyyətinin yüksək olması, şəxsi heyəti, maddi-texniki təminatı və digər parametrlərə yüksək səviyyədə cavab verməsinə görə dünyanın ən güclüləri sırasındadır. Cənubi Qafqazda isə şəriksiz liderdir.
Biz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün sürərək
8 Noyabr Şuşa zəfəri ilə sonlandırılan müharibədə Ermənistanın kapitulyasiyaya, məğlubiyyət aktına imza atmasının fonunda əyani şahid olduq. Rəşadətli Azərbaycan Ordusunun adı belə gələndə tir-tir titrəyən düşmən məhvə məhkum olacağını əvvəlcədən bildiyi üçün həmin vaxt Ağdamı, Kəlbəcəri, Laçını döyüşsüz təhvil verməyə məcbur oldu.
Vətən müharibəsi ərzində dövlət başçımız cənab İlham Əliyev informasiya cəbhəsində də layiqli mübarizə apardı, məkrli qüvvələrin xain planlarını darmadağın etdi. Eləcə də bugün ermənipərəst qüvvələrin Azərbaycana qarşı başlatdığı çirkin kampaniyalara qarşı bütün beynəlxalq platformalarda cavab verir, Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edir.
Dünyanın politik mənzərəsinin qarmaqarışıq olduğu bu mürəkkəb dövrdə müstəqil siyasət yürüdən İlham Əliyev hər zaman sülhü təşviq edir, qlobal böhranlardan çıxış yolları təklif edir. Qarabağ zəfəri ilə bütün türk dünyasını qürurlandıran, onları həm də geosiyasi coğrafiyada birləşdirən İlham Əliyev bu yaxınlara qədər sadəcə arzu kimi görünən güclü türk birliyini də gerçəkləşdirməyi bacarıb.
Prezident İlham Əliyev harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımıza qol açır, üzləşdikləri problemlərin aradan qaldırılması üçün kömək göstərəcəyini bildirir. Bu yaxınlarda cənab İlham Əliyevin İranda yaşayan azərbaycanlı soydaşlarımızla bağlı dediyi fikirdə olduğu kimi: “Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.
Azərbaycan torpaqlarını “dəmir yumruq” əməliyyatı ilə çox qısa zamanda işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla həm də ikiəsrlik münaqişəni, 30 illik müharibəni, yüzminlərlə keçmiş məcburi köçkünün yurd həsrətini sonlandırdı.
Bu böyük zəfər də vaxtilə Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu bəhrəsi idi. Buna görə idi ki, cənab Prezident müharibənin başa çatdığı gün Fəxri xiyabana gəlib Ulu Öndərin məzarını ziyarət edərək müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləmişdi.
Vaxtilə Heydər Əliyevin “gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – deyə əminliklə ifadə etdiyi inamı gerçəkləşmişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi, gücü sayəsində qazandığımız bu zəfər min illərdən sonra da xatırlanacaq şərəf salnaməsidir.
Qalib sərkərdə İlham Əliyevin başçılığı altında Azərbaycanın əldə etdiyi bu qələbə Ulu Öndərin də arzularında olduğu kimi, bir gün mütləq Azərbaycanın digər tarixi torpaqlarına da qovuşacağımıza olan inamı daha da artırır.

Heydər Əliyev Fondu Ulu Öndər irsini ləyaqətlə yaşadır

İndi qurucu Lider İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda dünyamiqyaslı layihələr gerçəkləşdirir, Böyük qayıdışa hazırlıq görür. Bu iki il ərzində dəfələrlə işğaldan azad edilən bölgələrimizə səfərə gedən cənab Prezident o yerlərdə çoxsaylı obyektlərin açılışını edib, yenilərinin təməlini qoyub. Cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində – Füzulidə və Zəngilanda dövlət başçımızın iştirakı ilə iki beynəlxalq hava limanının açılması, Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyasında yenidən qurulmuş Ağalı kəndinə sakinlərin qayıdışının gerçəkləşdirilməsi isə tarixi nailiyyət kimi dəyərləndirilməlidir.
Bütün bunlar həm də möhtərəm Prezident İlham Əliyevin Azərbaycanı yüksəltdiyi iqtisadi gücün təzahürüdür. Dövlət başçımızın özünün də ifadə etdiyi kimi, biz Qarabağı və Şərqi Zəngəzuru heç bir ölkədən maliyyə dəstəyi almadan, öz gücümüzə tikib, qururuq.
Xüsusilə vurğulayaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndər siyasətini uğurla gerçəkləşdirir, bu irsi ləyaqətlə yaşadır. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu mərhəmət ünvanına çevrilib. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu Öndərin təbliğatının tanıdılmasına yönəlib.
Bu gün isə Heydər Əliyev Fondunun fəaliyyətinin ən parlaq təzahürünü Qarabağ və Şərqi Zəngəzurda görürük. Fond Mehriban xanım Əliyevanın birbaşa şəxsi nəzarəti və diqqəti altında işğaldan azad edilən bölgələrimizdə aparılan bərpa-quruculuq prosesində ön sıralardadır. Heydər Əliyev Fondu Qarabağda və Şərqi Zəngəzurda vandal düşmənin dağıtdığı tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm işlər görməkdədir.
“Dəmir yumruğ”unun gücü ilə Qarabağ münaqişəsini tarixin arxivinə göndərən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın həyatında yeni səhifə açıb, bölgədə yeni reallıqların yaranmasının əsasını qoyub. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı üçün yeni əməkdaşlıq platformalarının yaradılması təklifini irəli sürən Azərbaycan Prezidenti həm də Azərbaycanı Avrasiyanın ən mühüm nəqliyyat-logistika ünvanına çevirib.
Bütün bunlar isə Heydər Əliyev dühasının xalqımızın rifahı və xoşbəxtliyi naminə cızdığı mükəmməl yol xəritəsinin Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən uğurlu davamıdır və gələcək nəsillərimiz də bu iki şəxsiyyətin qurub-yaratdığı mükəmməl dövlətçilik zəmini üzərində əmin addımlarla irəliləyəcəklər.
Möhtərəm Prezidentin sərəncamı ilə gələn il “Heydər Əliyev İli” elan edilib və dahi şəxsiyyətin 100 illik yubileyi həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək.
Bütün bunlar isə qədirbilən xalqımızın azərbaycanlı olması ilə həmişə qürur duyan, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyərək siyasət meydanına atılaraq xalqı və dövlətinin xilası, onun gələcəyi üçün misilsiz işlər həyata keçirən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə dərin ehtiramı, minnətdarlığıdır.

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 
Milli Məclisin deputatı

 

09.12.2022 “Azərbaycan” qəzeti