“Qisas 44” adlı kitabın təqdimatı keçirilib

524

25 noyabr 2022-ci ildə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş “Qisas 44” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov, Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai xadimlər, hərbiçilər, şəhid mayor Vüsal Vəliyevin sinif və kursant yoldaşları, ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov bildirib ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi olduğu üçün onun hazırladığı“Qısas 44”  adlı kitab AMEA AHİ-nin maliyyə dəstəyi ilə çap edilib.

Kitabda Vüsal Vəliyevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, onun haqqında yazılmış poemalar, məqalələr, şeirlər və mahnı sözləri yer alır.

Təqdimatda ailə üzvləri çıxış edərək şəhidin həyatı, keçdiyi qəhrəmanlıqlarla dolu döyüş yolu haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.

Qeyd edək ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

2009-cu ildən “leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb.

Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, “mayor” hərbi rütbəsinəcən yüksəlib.

Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Azərbaycan Ordusunun mayoru olan Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindən döyüşə başlayıb, Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb. Vüsal Vəliyev noyabrın 9-da şəhid olub.

Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.