Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyi “Beynəlxalq həftə”də iştirak edib

562

Noyabrın 21-25-də Azərbaycanda ilk dəfə olaraq Bakı Biznes Universiteti tərəfindən “Erasmus+” proqramı çərçivəsində “Ali Təhsildə Keyfiyyət Təminatı” üzrə “Beynəlxalq həftə” keçirilib. Tədbirin məqsədi xarici ölkələrin ali təhsil müəssisələrinin, o cümlədən İngiltərə, İsveç, İspaniya, İtaliya, Türkiyə və Polşa universitetlərində keyfiyyət təminatında mövcud olan təcrübələrin Azərbaycanın ali təhsil müəssisələrinə ötürülməsidir.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri, Avropanın 6 qabaqcıl ölkəsindən 7 universitetin – İngiltərənin Middlesex Universitetinin, İspaniyanın Jaen Universitetinin, İtaliyanın Tuscia Universitetinin, qardaş Türkiyə Respublikasından Dokuz Eylül Universitetinin, Polşanın WSG Universitetinin və Katowice İqtisadiyyat Universitetinin nümayəndələri, Azərbaycanın 33 ali təhsil müəssisəsindən 70-ə yaxın nümayəndə heyəti, o cümlədən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (ƏSMA) rektoru Hüseyn Qaraşov, Tədris və Elmi işlər üzrə prorektor Fərhad Möhbalıyev, Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova, İmtahan bölməsinin rəhbəri Səidə Hüseynova, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Nurəngiz Mikayılova da iştirak edib.

Tədbirin ilk günündə “Keyfiyyət təminatının ali təhsildə rolu”, “Jaen Universitetinin keyfiyyət təminatı sistemi”, “İspaniya planlaşdırma və qiymətləndirmə sistemi”, “Tuscia Universitetində daxili keyfiyyət təminatı sisteminin qurulması və icrası”, “Keyfiyyətin təmin olunmasında özünüqiymətləndirmə fəaliyyətinin mahiyyəti və faydaları”, “Polşa universitetləri təcrübəsində tədrisin keyfiyyətinin təmin edilməsi mexanizmləri və tədris prosesinin qurulması” mövzularında təqdimatlar keçirilib. Təlimlərin növbəti günlərində isə xarici partnyorlar tərəfindən təhsil proqramı üzrə komitələrin funksiyaları, pofessor-müəllim heyətinin qiymətləndirilməsi, dekanların keyfiyyət təminatında rolu, strateji planlama, daxili audit, məmnunluq sorğularının keçirilməsi kimi mühüm əhəmiyyət kəsb edən istiqamətlərdə seminarlar və qrup işləri həyata keçirilməklə təcrübə mübadilələri aparılıb.