Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” adlı subregional seminar başa çatıb

570

Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Turin Beynəlxalq Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” adlı subregional seminar başa çatıb.

Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev, AHİK-in katibi – Aparat rəhbəri Həsən Cəfərov, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Turin Beynəlxalq Tədris Mərkəzinin Avropa və Ərəb dövlətləri üzrə fəaliyyət meneceri Evelin Tot, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, həmçinin Azərbaycan, Moldova, Qazaxıstan və Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, dünyada DİM-lə bağlı son vəziyyət, həmkarlar ittifaqı hərəkatının DİM-lər üzrə BMT ilə qarşılıqlı əlaqəsi, Azərbaycan, Moldova, Qazaxıstan və Özbəkistan təcrübəsi, layiqli əmək və iqtisadi artıma dair 8 DİM-in həyata keçirilməsində əldə olunmuş nailiyyətlər, ölkələrarası təcrübə mübadiləsi, DİM-dən istifadə etməklə sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi yolları, ekoloji cəhətdən davamlı iqtisadiyyat və cəmiyyətlərə ədalətli keçidin təşviqində həmkarlar ittifaqlarının rolu və digər zəruri məsələlərdən danışılıb. Həmçinin bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələr, qarşıya qoyulmuş məqsəd və hədəflər barədə iştirakçıllara məlumatlar verilib.

Seminarda mövzu ilə bağlı maraq doğuran suallar geniş müzakirə olunub, iştirakçıların rəy və təklifləri öyrənilib, fikir mübadilələri aparılıb.

  AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi