Azərbaycanda hakim partiyanın proqramı tamamilə xalqımızın mənafeyini əks etdirir

403

“Azərbaycanın tarixində yeni parlaq səhifə açmış, xalqımızın xoşbəxt həyatı üçün çalışmış, ölkəmizi inkişaf etdirərək dünya dövlətləri sırasına çıxarmış Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür. Partiya yarananda Azərbaycan hər bir sahədə dərin böhran içində idi. Həmin vaxtı bütün məsuliyyəti üzərinə götürən Yeni Azərbaycan Partiyası öz rəhbərinin təcrübəsi, peşəkarlığı sayəsində ölkəmizi üzləşdiyi bəlalardan xilas etdi. Məhz bugünkü güclü, qüdrətli Azərbaycanın bütün uğurlarının kökü o gündən başlayır. Əlbəttə ki, bunun səbəbi güclü lider və tərəqqipərvər, aydın fikirli, xalqını, Vətənini, dövlətini düşünən insanların həmin liderə güvənib partiya ətrafında birləşməsi idi. Partiya dövlətimizin güclənməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, əmin-amanlığın təmin edilməsi, sabitliyin qorunmasında böyük işlər görüb. Qeyd etdiyim məqamlar bir ölkənin inkişafı üçün əsas faktorlardır ki, Azərbaycanda bu, tam bərqərar olub. Bunun nəticəsidir ki, Azərbaycan regionun lideridir, beynəlxalq əhəmiyyəti durmadan artır, həyata keçirdiyi nəhəng layihələr genişlənir. Bu, hazırda ölkəmizin qüdrətini və onun rəhbəri cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətlərini əks etdirir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Partiyanın yaradılmasının 30 illiyi münasibətilə rəhbərliyin, fəal üzvlərin, xarici qonaqların iştirakı ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə çıxışı zamanı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyev Partiyanın yaranma tarixinə, keçdiyi yola nəzər saldı, gördüyü işlərdən danışdı. Partiyanın lidri Heydər Əliyev müasir, heç kimdən asılı olmayan tam müstəqil Azərbaycan qurdu. Vacib məqamlardan ən əsası isə iqtisadi müstəqilliyə nail olmaq idi ki, Ulu Öndər və onun müzəffər davamçısı cənab İlham Əliyev bunun öhdəsindən ləyaqətlə gəldi. Davamılı olaraq iqtisadi islahatlar keçirilidi, əlverişli biznes mühütü yaradıldı, sahibkarlar üçün geniş imkanlar açıldı, sosial-iqtisadi inkişafa dair uğurlu dövlət proqramları icra edildi. Bu və digər amillər sayəsində ölkənin iqtisadi qüdrəti artmağa başladı, bütün bu illər ərzində iqtisadiyyatımız yalnız inkişaf etdi, ildən-ilə gücləndi. Məsələn, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizin valyuta ehtiyatları 31 dəfə artıb. Müstəqillik qazndıqdan bu yana iqtisadiyyatımıza 280 milyard dollara yaxın investisiya yatırılıb ki, bunun da böyük hissəsi xarici investisiyalardır. Bu, ölkəmizdə yaradılan rahat biznes və investisiya mühitini əks etdirir, bu da xarici sərmayədarlar üçün əlverişlidir. Təbii ki, Azərbaycanın uğurlarını saymaqla qurtaramaq olmaz. Bu gün ölkəmiz dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir, regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzi, kosmik klubun üzvü, beynəlxalq tədbirlərin keçirildiyi məkandır”, – Milli Məclisin deputatı qeyd edib.

AHİK sədri bildirib ki, ölkəmizdə həmrəylik bərqərar olub: “Xalqımız dövlətimizin və onun başçısının ətrafında sıx birləşib. Bunun ən yüksək məqamını bütün dünya Azərbaycanın parlaq Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində gördü. Ölkə vətəndaşları sarsılmaz birlik nümayiş etdirdilər. Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsi hakim partiyanın əsas xəttini təşkil edirdi. Uzun illər əldə olunan nailiyyətlər bizi bu istəyə daha da yaxınlaşdırırdı. Xalqına verdiyi bütün vədləri şərəflə və böyük məsuliyyətlə icra edən Prezident İlham Əliyev bu arzunu da reallaşdırdı. Bu yolda yorulmadan mübarizə apardı, güclü, yenilməz Ordu yaratdı. Elə bir Ordu ki, adı dünyanın ən güclü orduları sırasıdadır. Qalib ruhlu, vətənpərvər, Vətəni uğrunda hər cür savaşa hazır sağlam düşüncəli gənclər yetişdi. O, hər cür mübarizədən qalib ayrılacaq qüdrətli Azərbaycan yaratdı. Bütün bu işləri görmək elə də asan deyildi, bu, gecəli-gündüzlü, yoruldum demədən aparılan gərgin zəhmətin sayəsində hasil oldu. Nəticədə uzun illər düşmən tapdağı altında olan Şərqi Zəngəzur və Qarabağ ağılasığmaz müddətdə – cəmi 44 günə azad edildi, üçrəngli bayrağımız hazırda həmin ərazilərdə qürurla dalğalanır”.

S.Möhbalıyev sonda əlavə edib ki, Yeni Azərbaycan Partiyasının proqramı tamamilə Azərbaycan xalqının maraqlarını əks etdirir, ölkəmizin daha da inkişafını, növbəti qələbələri hədəfləyir.