Güclü dövlət, güclü Ordu strategiyasının məntiqi nəticəsi Zəfərimizdir

467

“Zəfər bayramı hər səhifəsi qürur mənbəyimiz olan şanlı tariximizin ən şərəfli günlərindən biridir. Heç vaxt məğlubiyyətlə barışmayan müdrik xalqımız Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar Ermənistandan azad etməklə böyük bir dastan yazdı. Bu qələbə Azərbaycan xalqının qəbul etdiyi müdrik qərarlar sayəsində mümkün olub. Belə ki, cənab İlham Əliyevi Prezident seçən xalqımız birmənalı şəkildə əmin idi ki, Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri o, layqincə yerinə yetirəcək. Tarix Azərbaycan xalqının müdrikliyini bir daha sübut etdi. Cənab İlham Əliyevin ötən illər ərzində dövlət başçısı olaraq atdığı bütün addımlar, qəbul etdiyi qərarlar doğma torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib. Bu qələbə onun gecəli-gündüzlü əməyinin, gərgin zəhmətinin bəhrəsidir. Tariximizin bu dahi şəsiyyətinin gördüyü işlərin bir hədəfi var idi: qüdrətli Azərbaycan. Vaxtı ilə bu, kimlərəsə utopik görünə bilərdi, amma bu gün bütün həqiqətlər ortadadır, Azərbaycan yerləşdiyi coğrafi regionun lider dövlətidir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev elə bir Ordu formalaşdırdı ki, onun keçdiyi 44 günlük döyüş yolu bütün dünyada qəhrəmanlıq dastanına çevrildi. Heç də təsadüfü deyil ki, yenilməz Ordumuzun döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində maraqla öyrənilir. Hətta dünyanın əsas tanınmış hərbi ekspertləri belə qənaətə gəliblər ki, Ordumuzun qarşısında dünyanın aparıcı ölkəsi olsaydı belə, duruş gətirə bilməzdi. Azərbaycan əsgərinin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzimkarlığı hələ uzun illər dillərdə əzbər olacaq. Onlar düşmən qarşısında bir addım da geri atmadılar, yalnız irəli getdilər. Yaralı əsgərlərimizin müharibə meydanını tərk etməməsi, o vəziyyətdə belə döyüşməyə davam etməsi misilsiz qəhrəmanlıqdır. Hər bir əsgər ancaq qələbə haqqında düşünürdü, çünkü bu məqsədlə cəbhəyə yola düşmüşdülər. Onları böyüdən və tərbiyə edən valideynlər, həyata hazırlayan müəllimlər yalnız mübariz ruhlu gənclik yetişdirdilər. Əsgərlərimiz Vətən qarşısında borclarını ləyaqətlə və vicdanla yerinə yetirdilər, döyüş tapşırıqlarını uğurla başa çatdırdılar. “Dəmir yumruq” əməliyyatı təkcə torpaqlarımızın azad edilməsi ilə yox, həm də düşmənin mənəvi məğlubiyyəti ilə yadda qaldı. Onların uzun illər uydurduqları “məğlubedilməz erməni əsgəri” bizim hərbçilərimiz qarşısında diz çökdü, məğlub oldu. On minlərlə erməni əsgəri yalnız qaçmaqla canlarını qurtardılar, fərarilik etdilər. Erməni faşizmi məhv edildi və bir də çətin ki, özlərinə gələ bilərlər. Ermənistandan fərqli olaraq, bir Azərbaycan əsgəri olmadı ki, o, döyüşdən yayınsın, imtina etsin. Həmin dövrdə bütün dünya şahid oldu ki, gənclərimiz döyüşlərə qatılmaq üçün hərbi komissarlıqlar qarşısında necə uzun növbələr yaradırdılar, Vətən eşqi ilə alışıb-yanırdılar. Onlar bu vətənpərvərik ruhunu döyüş meydanında fədakarlıqla davam etdirdilər”, – Milli Məclisin deputatı deyib.

AHİK sədri deyib ki, qələbəmizin təməlində həm də xalqımızın sarsılmaz birliyi, öz dövlətinin, onun başçısının ətrafında dəmir yumruq kimi birləşməsi dayanır: “Ümumiyyətlə, dövlətimizin əldə etdiyi bütün nailiyyətləri araşdırsaq, aydın şəkildə məlum olur ki, bunun məhz səbəbi xalqımızın birliyidir. Bizi qələbədən-qələbəyə daşıyan, uğurlarımızı bərqərar edən də məhz həmrəyliyimizdir. Babalarımızın bizim üçün miras qoyduğu “Güc birlikdədir!” deyiminin əyani nəticələri bu gün ortadadır: müdrik xalq, güclü dövlət. Əminik ki, xalqımızın nümayiş etdirdiyi birlik sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”.