Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Naxçıvana səfəri çərçivəsində Konfederasiyanın “Ağbulaq” İstirahət Mərkəzinə baş çəkib, yaradılan şəraitlə tanış olub.
AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Ağbulaq” İstirahət Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Mərkəzdə eyni zamanda 80 nəfəri qəbul edə bilən 38 otaq vardır. Otaqlar müasir avadanlıqlarla təchiz olunub. Həmçinin 3 restoran, 2 əyləncə parkı, kafe-bar, mini futbol və voleybol meydançaları da gələnlərin istifadəsindədir.
İstirahət mərkəzinin nəzdində Ağbulaq Xizək Mərkəzi də fəaliyyət göstərir. Dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən Mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur. Buranın əsas infrastrukturu kanat yoludur və saatda 1000 nəfərin istifadə edə biləcəyi kanatın uzunluğu 980 metrə yaxındır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 59 oturacaq quraşdırılıb. Xizək Mərkəzi yüksək keyfiyyətli avadanlıq və xüsusi geyimlərlə təchiz olunub. Təlimçilər xizəksürmə həvəskarlarına təhlükəsizliklə bağlı təlimat verirlər. Konfederasiya sədri “Ağbulaq” İstirahət Mərkəzində xidmət səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı tövsiyələrini verib.