AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasında könüllü gənclər fəaliyyətə başlayıb

20

Dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Könüllülük” proqramına seçilən gənclərlə görüşüb.

Bildirilib ki, bu proqram Şuranın “Könüllü fəaliyyət haqqında” nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Şuranın “Könüllülük” proqramının məqsədinin gənclərin bir araya gəlməsi, asudə vaxtlarının səmərəli təşkili və muxtar respublikanın ictimai həyatında fəallıqlarının təmin edilməsindən ibarət olduğu vurğulanıb.

Qəzənfər Abdullayev könüllülərə tövsiyələrini çatdıraraq bildirib ki, qazanacaqları təcrübə sayəsində onlar təkcə Şurada deyil, ölkənin sosial-ictimai həyatının bütün sahələrində iştirak edə biləcəklər.

Sonda Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri tərəfindən könüllülərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, altı ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərə diplomların təqdim edilməsi nəzərdə tutulub.