“Zəfər” futbol turnirinə yekun vurulub

16

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə şanlı Qələbəmizin dördüncü ildönümünə həsr olunan “Zəfər” futbol turniri başa çatıb.

Sentyabrın 28-də start götürən turnirdə Kənd Təsərrüfatı Nazirliyi, Nazirliyin tabeli qurumları, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin 16 komandası iştirak edib.

Püşkatma nəticəsində hər birində 4 komanda olmaqla 4 qrup formalaşıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar ¼ final mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimləri tərəfindən idarə olunub.

Noyabrın 7-də keçirilən final görüşündə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin və “Grand Agro” MMC-nin komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “Grand Agro” MMC-nin komandası qalib gəlib. “Aqroservis” ASC-nin komandası II yeri, “MKT” MMC-nin komandası isə üçüncü yeri qazanıb. Qalib komandalara fəxri fərmanlar, kubok, medal və mükafatlar təqdim olunub.

Turnirin keçirilməsində məqsəd Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, eləcə də kollektivlər arasında dostluq əlaqələrinin gücləndirilməsi, işçilərin asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviliyinin təmin olunmasıdır.